Əvvəlcə Ilham Əliyevin Hacıqabulda hansısa təməlqoyma mərasimindəki çıxışından başlayaq. Əslində orada yeni heç nə yoxdur. Yeganə yenilik möhtərəmin öz fikrini atalar sözü ilə qüvvətləndirməsidir. Heç vaxt dilindən bir yazıçı, bir kitab, hansısa yazıçıdan, kitabdan sitat eşitmədiyimiz əlahəzrət bəzi elementlərlə, ünsürlərlə müqayisədə nə qədər milli olduğunu sübut edərək deyib: “Biz ayağımızı yorğana görə uzatmışıq və bu yanaşma hər yerdə olmalıdır – ailədə, siyasətdə, iqtisadi islahatların aparılmasında”.
Birincisi, ayağını yorğana görə uzatmaq çox mental fikirdir, əgər dünyanın inkişaf etmiş, irəlidə gələn xalqları bir vaxtlar ayaqlarını yorğanlarına görə uzatsaydılar, bu gün dünyada heç bir inkişafdan, texnoloji icadlardan danışa bilməzdik. Bir sözlə, yalnız tərəqqiyə qarşı olanlar ayağını yorğanına görə uzatmaq haqqında fikirləşə bilərlər.
Ikincisi, dərd ayağını yorğana görə uzadıb uzatmamaqda deyil, yetər ki, yorğanın özünün bir ucu Dubaya, o biri ucu Monteneqroya qədər uzanmasın.
Ikicisi, bizim hamımızdan ayağımızı yorğana görə uzatmaq tələb olunur, bəs kilometri 15 milyon manata beton yol çəkiləndə niyə ayağı yorğana görə uzatmaq yada düşmür? “Kristal Hall”, ARDNŞ üçün yeni bina inşa olunanda niyə ayağınızı yorğana görə uzatmırsınız? Ya da Dövlət Bayrağı Meydanı tikiləndə ayağı yorğana görə uzatmaq lazım deyildimi? Ayağınızı yorğana görə uzadırsınızsa, bəs bayraq dirəyini lüzumsuz, mənasız yerə niyə uzadırsınız?
Əlbəttə, belə suallar çoxdur. Üstəlik, onların heç birinə cavab tələb olunmur, hamısı cavabı özündə olan suallardır.
Ilham Əliyevin çıxışında başqa bir məqam da vardı, sizi bilmirəm, düzü, mən bunu da ilk dəfədir eşidirdim. Sitat: “Mən çox şadam ki, Azərbaycanda infrastruktur layihələrində iştirak edən şirkətlərin mütləq əksəriyyəti yerli şirkətlərdir. Hələ bir neçə il bundan əvvəl biz daha çox xarici şirkətlərə müraciət edirdik. Onların dəstəyinə ehtiyac var idi”.
Bu sözlərin sadə izahı belədir: “Biz əvvəllər təcrübəsiz idik. Hansısa layihəni həyata keçirəndə xaricdən şirkət çağırırdıq, ”taska”ya oturdurduq, işimizi gördürür, faizimizi götürürdük. Sonra gözümüz açıldı. Dedik, bəs ofşor zonalar nə günə durur? Ona görə də ailə şirkətlərimizi yaratdıq. Və mən indi daha çox şadam”.
Qısası, möhtərəmin haqqında bəhs etdiyi yerli şirkətlərin onsuz da Azərbaycanla heç bir əlaqəsi yoxdur, onlar ailə şirkətləridir və bizə elə xarici şirkətlər qədər yaddırlar, ögeydirlər. Daha dərinə getmək istəmirəm, ayağımı gərək yorğana görə uzadım, çünki bizdə ayağını yorğana görə uzatmayanın axırda ayağını qəbrinə görə uzadırlar. Biz bunu illər əvvəl Elmar Hüseynovun timsalında gördük.
Yeri gəlmişkən, dünən onun doğum günü idi. Biz Elmarla bərabər, vaxtilə bu dəyərli, cəsur ürəkli həmkarımızın qatillərinin, bu alçaq cinayəti sifariş edənlərin ən qısa vaxtda tapılacağına dair verilən vədi də xatırladıq.
Əlbəttə, Elmarın qətli ilk növbədə ölkədəki xof imperiyasını gücləndirməyə, tənqidçi səsləri tamamilə susdurmağa xidmət edirdi, bu, sistemlə açıq döyüşün bədəlinin nə qədər ağır ola biləcəyinə dair mesaj idi. Hakimiyyətin planı baş tutmadı, azad sözün sırası xeyli seyrəldi bəlkə, amma tənqidçi mətbuatı yerli-dibli yoxa çıxarmaq da mümkün olmadı.
Bu gün onun ruhu yalnız qatillərinin, qətlini sifariş edənlərin azadlıqda əlini-qolunu sallaya-sallaya gəzdiyi üçün narahat deyil. Bu gün onun ruhu narahatdır ki, birdən hamı ayağını yorğanına görə uzadar, ölkədə baş verən bunca oğurluğu, quldurluğu, əxlaqsızlığı sorğulayacaq, onların hesabını istəyəcək kimsə qalmaz. Bu çirkin gediş qiyamətədək davam edər.
***
Bu gün sizdən ayağınızı yorğanınıza görə uzatmağı da ona görə tələb edirlər ki, əvəzində onlar da öz saxta, istilaçı rejimlərinin ömrünü istədikləri qədər uzada bilsinlər.

Yorğan söhbəti
•
•