“Mənim bir arzum var…”

Bu hadisə ötən il oldu…
Dişi ağrıyan həmkarıma ağrıkəsici almaq üçün aptekə girdim və orada kiçik bir növbə gördüm. Sonra üşüməsin deyə onu da içəri çağırdım. Növbə seyrəldi, lakin bizdən öncə dərman alan adamın işi çox uzandı.
Onun əlində iki resept siyahısı vardı, hər birində də xeyli sayda dərman. Üstəlik, hər bir dərmanın qutusunun, daha sonra qutudan çıxarılıb veriləcək ən kiçik hissənin qiymətini öyrənir, şüşə qablarda və flakonlarda toplu şəkildə yerləşən həblərdən say ilə alırdı. Bir sözlə, həkimin yazdıqlarının hamısını ala bilmirdi deyə, onun hər birindən az-az götürürdü.
Iş sona çatdı, satıcı onun ödənişini hesabladı və aydın oldu ki, miqdarın elə də böyük olmamasına baxmayaraq, bu adamın ixtisara salınmış miqdarı da ödəməyə pulu çatmır. Biz bir-birimizin üzünə baxdıq, kömək təklif etmək istəyimizi bir-birimizə işarə etdik, lakin bunu edə bilmədik…
Əvvəla, bizdə belə anlarda insanlara kömək təklif etmək asan deyil, çünki qarşıdakının sərt üzü ilə rastlaşa bilirsən.  NƏDƏNSƏ BIZDƏ PULLULAR PULUNU GIZLƏTDIYI KIMI, KASIBLAR DA EHTIYACINI GIZLƏDIR…  
Ikincisi, hələ biz reaksiya vermədən, satıcıya aptekin daha bir işçisi yaxınlaşdı, görünür, ya aptekin sahibi və ya idarəçisi idi, çox inamla dedi: “Ver o dərmanları, nisyə yaz, müəllim gətirib verəcək…”.
Bir az yüngülləşdim. Bayaqdan bu mənzərə məni üzmüşdü. Bu insanın necə çətinlik çəkdiyini, dərmanları ala bilmədiyini görür, bunun nə qədər ağrılı olduğunu düşünürdüm. Ürəyimdə deyirdim: “Cəmi bir həb ağrıkəsici alacaqdıq, amma ağrısı kəsməyən bir mənzərə gördük”.
Bundan sonra məni hansı sürprizin gözlədiyini isə bilmirdim. Həmin adam “sağ ol” deyib, dərmanlar dolu kiçik paketi əlinə alıb, geri döndü ki, getsin. Birdən məni görüb dayandı. Bir az üzü güldü və dilləndi: “Xoş gördük, bəy! Necəsiniz? Çoxdan sizi görmürəm”.
Elə sandı ki, mən onu tanımadım. Doğru da sandı. Onu xatırlaya bilmədim. Duruxduğumu görüb kim olduğunu dedi. Utandım, əvvəlki mənzərədən yaranan təəssürat da yenidən sıxdı məni. Özümü itirdim.  
O, çoxdan görmədiyim, amma uzun illər tanıdığım bir Cəbhəçi idi. Çox dəyişmişdi. Çox sınıxmışdı. Çox qocalmışdı. Ondan heç nə qalmamışdı sanki. Çox savadlı, çox mübariz, səmimi bir adam idi, peşəsi də müəllim idi. Çox fəal insan idi. Mən onu bütün tədbirlərdə, bütün aksiyalarda görürdüm. Hətta hər zaman BAB-ın iclaslarına da gəlirdi. AXC-də gərgin iclaslar olanda, həmişə gəlib nəticəni gözləyirdi. Biz onunla tez-tez çay içirdik. Mənim yazılarımı bəzən tərifləyir, bəzən də tənqid edirdi. Sonralar bildim ki, məktəbdəki işindən çıxıb. Izahı da bu idi ki, o cür mühitdə boğulur, işləyə bilmir. Təxminən 2003-cü ildən sonra isə görmürdüm onu.
Özümü toparlayıb dedim:
– Necəsiniz, bəy? Kim xəstələnib?
Çox qısa bir cavab aldım:
– Kim xəstələnməyib ki?! Amma bunlar heç. Yenə hər şeyi izləyirəm, qıraqdan olsa da. Mənim bircə arzum var. Bu ölkə azadlığa çıxsın. Yalnız bir arzum var.
Bunu içəridə hamının yanında dedi və biz küçəyə çıxdıq. Qısaca söhbət etdik. Sonra söylədi ki, tələsir, gedərkən onu da dedi ki, qəzetləri və yazılarımı izləyir. Amma mən də sonradan görüşmək üçün telefon nömrəsini aldım.
…Üstündən xeyli keçib bu hadisədən. Amma iyulun 16-da bir daha xatırladım onu. Çünki həmin hadisənin şahidi olan həmkarım mənə zəng edib dedi: “Bəy, artıq mən bilirəm, Xalq Cəbhəsi necə yaranıb. Bir arzudan yaranıb. O kişi vardı ha, aptekdə Martin Lüter kimi ”Mənim arzum var” dedi. Bax, o adam mənim gözümü açdı bu məsələdə”.