Qori seminariyasının qəzadakı yetirməsi
Keçən əsrdə Azərbaycanda maarifçiliyin yayılmasında müstəsna xidmətləri olan təhsil ocaqlarından biri Qori Müəllimlər Seminariyası olub. Bu seminariya yalnız mərkəzi şəhərlərdə deyil, bölgələrdə də elmin və təhsilin inkişafına yol açıb. Bu ocağın yetişdirmələrindən biri də Zaqatala qəzası üzrə Qori müəllimlər seminariyasında təhsil alan Həmzət bəy Əfəndiyev olmuşdur. Bu qəzada təhsil alan ilk soydaşlarımızdan biri olan H.Əfəndiyev Ilisunun zəngin şəxslərindən sayılan Məhəmməd bəy Əfəndiyevin oğlu idi. O, 1880-ci ildə dünyaya gəlib. Ibtidai təhsilini öz doğma yurdunda alıb. Övladlarını təhsilli görmək arzusunda olan Məhəmməd bəy onlara xüsusi müəllimlər tutub. Ailənin 4 oğlu və 1 qızı olub. Evin ikinci oğlu Həmzət bəy 1895-ci ildə Qori müəllimlər seminariyasına qəbul olunub və 1899-cu ildə oranı müvəffəqiyyətlə bitirib.
Təhsilini başa vurduqdan sonra Həmzət bəy bir müddət doğma kəndində müəllimlik edib. Gənc maarifçi kənddə şəxsi vəsaiti hesabına yeni tipli məktəb açıb, burada yoxsul uşaqlarına təhsil verib. Qısa müddət sonra – 1904-1905-ci illərdə isə Həmzət bəy rus-yapon müharibəsinə gedib. Müharibədən sonra H.Əfəndiyev Zaqatala qəzası üzrə poçtmeyster təyin edilib. O,ÿ1906-1910-cu illərdə bu vəzifədə çalışıb. Amma ziyalı şəxs maarifçilik fəaliyyətini dayandırmayıb. Sonralar Zaqatala və Qax rayonlarında ibtidai məktəblərin açılmasında fəal iştirak edib. Əfəndiyevin Ilisuda açdığı məktəbdə ilk dəfə oğlanlarla qızlar birlikdə oxuyublar. Qızların bu məktəbə cəlb olunmasında böyük çətinliklərlə qarşılaşsa da, Həmzət bəy yolundan geri çəkilməmişdir. Hədələr, təhdidlər və təqiblərə baxmayaraq, o, Ilisuda, Əmircanda, Almalıda belə məktəblərin əsasının qoyulmasına nail olmuşdur. Həmzət bəy 1910-1928-ci illərdə böyük gərginliklə bu yolda bütün səylərini sərf edib. Həmin dövr onun pedaqoji fəaliyyətinin ən məhsuldar illəri sayıla bilər. O mərhələdə Zaqatala qəzası üzrə maarif müdiri təyin edilən H.Əfəndiyev 1928-ci ildən əsası görkəmli ədəbiyyatşünasÿFirudin bəy Köçərlininÿhəyat yoldaşı Badisəba xanım tərəfindən qoyulan Zaqatala Pedaqoji Məktəbində rus dili müəllimi işləməyə başlayıb. O, ömrünün sonunadək – düz 30 il bu məktəbdə çalışıb.
Arxiv materialları göstərir ki, Həmzət bəy maarif müdiri işləyərkən yüksək təhsil uğrunda mübarizə aparmaqla yanaşı, məktəblərdə qızların sayının çoxalmasına da nail olub. Bölgə əhalisi arasında savadsızlığın ləğv olunmasında onun misilsiz xidmətləri var. Maarifçi pedaqoq gündüzlər uşaqlara, axşamlar isə yaşlılara təhsil verirmiş.
Bölgəyə ilk texnikanı da o gətirib
Həmzət Əfəndiyev yaşadığı bölgəyə tərəqqi və yenilik gətirmək naminə mübarizə aparan bir ziyalı olub. Zaqatala qəzasına ilk texnikanı böyük maarifçinin səyi nəticəsində gətirmişdilər. O zaman Zaqatala qəzasının əhalisi pul toplayıb ki, Almaniyadan traktor gətirsinlər. Bunun üçün də Həmzət bəyə müraciət ediblər. O da Almaniyaya gedərək bir aydan sonra yaşadığı doğma yurduna traktor gətirib. “Rayonunun qocaman müəllimlərindən olan Camal Musayev söyləyir: ”Ilisu kənd məktəbinin üçüncü sinfində oxuyurdum. Payız günlərindən biri idi. Kəndə səs yayıldı ki, Həmzət bəy traktor gətirib. Həmin traktor iki gün Ilisuda qaldı. Insanlar traktorun tamaşasına çıxmışdı. Traktoru Qaradolaq məhəlləsindən Səngər məhəlləyə kimi o baş, bu başa sürürdülər” (Vikipedia).
Həmzət Əfəndiyevin xidmətləri bununla məhdudlaşmır. Böyük ziyalı kəndin içində – öz həyətində su dəyirmanı tikdirmişdi. Uzun illər kənd sakinləri bu dəyirmandan istifadə etmişdilər. Həmin dəyirman da son vaxtlara qədər qalmaqda idi. H.Əfəndiyevin yetirmələri arasında bir çox tanınmış insanlar var. Onlardan görkəmli akademik, mərhum Imam Mustafayevi, müxtəlif rəhbər vəzifələrdə çalışan Sadıq Murtuzayevi, Tibb Universitetinin professoruÿSəyyarə Mollazadəÿvə və başqalarını göstərmək olar. Bir fakt da maraqlıdır ki, Həmzət bəy görkəmli yazıçımızÿCəlil Məmmədquluzadəninÿqızına da dərs deyib.
H.Əfəndiyev Azərbaycanın sabahını maariflənməkdə görən bir aydın idi. Hər zaman can atırdı ki, doğma kəndində oxuyanların sayı çox olsun. O, qardaşı oğlu Məmmədi və bacısı oğlu Hacını təhsillərini davam etdirmək üçün Vladiqafqaza göndərmişdi. Onların hər ikisi sonradan müəllim kimi doğma rayona qayıtmışdılar. Həmzət bəyin böyük qızı Əfruz Əfəndiyeva da atasının yolunu davam etdirmişdir. O, Nuxa Qızlar Seminariyasını bitirmiş, 1924-cü ildə Qaxda müsəlman qızları məktəbinə müdir təyin edilmişdir. 14 yaşında müdir təyin olunan Əfruz Əfəndiyeva işlədiyi müddətdə atasının maarifçilik ideyalarının inamlı davamçısı olmuşdur.
Lenin ordenli 25 müəllimdən biri
H.Əfəndiyevin xidmətləri zamanında yetərincə qiymətləndirilib. O, öz dövründə Azərbaycandan Lenin ordeni ilə təltif olunan ilk 25 müəllimdən biri olub. Həmzət bəyin yaxın qohumu, qocaman müəllimÿ Nəcabət Əlibəyovaÿ onu belə xatırlayır: “O hamımızın müəllimi olub. Mən Həmzət bəyin əmisi oğlu Şəfinin qızıyam. Atam yetim qaldığından Həmzət bəyin atası Məhəmməd bəy onu öz oğlu kimi böyüdüb. Həmzət bəy olduqca ciddi insan idi. Hündür boyu, yaraşıqlı görkəmi ilə diqqəti cəlb edərdi. Hamımız ona hörmət edərdik. Həmzət Əfəndiyevə Lenin ordeni veriləndə – 1939-cu ildə, mən Ilisu kənd məktəbində oxuyurdum. Yaxşı yadımdadır. Bütün Ilisu camaatı Ulu körpüyə toplaşmışdı. Hamı böyük sevinclə Həmzət bəyi gətirən faytonu qarşılayırdı. O gün bütün kənd bayram edirdi”.
Böyük maarifçi Həmzət bəy Əfəndiyev uzun sürən xəstəlikdən sonra 1963-cü ildə vəfat edib. Qəbri Zaqatala qəbiristanlığındadır.
H.Əfəndiyevin qardaşları Zeynal bəy və Rəşid bəy polkovnik rütbəsində çar ordusunda xidmət göstəriblər. Zeynal bəy Şuşa, Rəşid bəy isə Şəki qarnizonlarında qulluq ediblər.
Hər iki qardaş Birinci Dünya müharibəsində həlak olub. Zeynal bəyin xüsusi xidmətlərinə görə çar hökumətiÿ Macarıstanda ÿhəlak olan polkovnikin şəxsi əşyalarını, hətta ölüm ayağında çəkərkən yarımçıq qalan qəlyanını da Şuşa qarnizonuna göndərmişdir. Həmin əşyalar sonradan ÿŞuşadan ÿqara faytonla Ilisuya gətirilib.
Bu gün H.Əfəndiyevin yolunu layiqincə davam etdirən böyük bir ziyalı nəsli yaşayır. Dəyərli maarifçinin soy-kökündən olan bu şəxslər arasında 50 nəfərdən çoxu babalarının gözəl ənənələrinin davamçısıdır. Bu gün Özbəkistanda yaşayan, Buxara Texnologiya Institutunun rektoru, texnika elmləri doktoru Aydın Əfəndiyev, yaxın zamanlarda dünyasını dəyişmiş, Gəncə Pedaqoji Universitetinin professoru Faiq Bayramov da Həmzət bəyin nəslindəndir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir