ilham-mehriban aliyevs

Əliyevlərdən qurtuluş yolu

ilham-mehriban aliyevs2013 ərəfəsində hara və kiminlə getməli?

Azərbaycan böyük bir bataqlığa çevrilib. Timsahların və xəstəlik yayan cücülərin hər biri ayrı-ayrılıqda böyük  bəlaların mənbəyi olaraq qalır. Cəmiyyətdə iki mühüm istiqamətdə fikirlər mövcuddur. Bəziləri bataqlığı qurutmağın, digərləri isə cücüləri və timsahları məhv etməyin doğru olduğunu düşünürlər.
Əliyevlər ailəsi və hakim komandanın daha qəddar üzvləri, eyni zamanda, mənəvi aşınmanı sürətləndirən varlı və yaltaq təbəqə toplumun milli identifikasiyasını sarsıtmış və dayanıqlılığını təhlükə altına almışdır. Bu arada qarşıdan da seçki ili gəlir və diskussiyalar güclənir. Müxalifətin ayrı-ayrı etiraz aksiyalarını, eləcə də regionlardakı lokal etirazları çıxmaq şərtilə xalq 2011-ci ildəkindən daha narazı, amma elə 2011-ci ildəki kimi də hərəkətsizdir. Bu narazılıq müstəvisini ayrı-ayrı parçalarda analiz etməklə, biz bataqlığa çevrilmiş ölkənin vəziyyətini müəyyənləşdirməyə çalışacağıq. Amma unutmayaq ki, bataqlıqdan çıxmaq üçün yol axtarmaq sadəlövhlükdür. Çünki bataqlıqda yol yoxdur, orada yol qurmaq şərtdir.

Yaşamaq uğrunda ölən təbəqə

Ölkənin büdcədən dolanan, əslində isə dolana bilməyən böyük təbəqəsi müəllimlər və həkimlərdir. Hazırkı sistemin başlıca siyasətinə uyğun olaraq, bu təbəqə üzərində bəlli bir oyun qurulub. Hər kəsin bildiyi, amma hələ ki, heç kimin poza bilmədiyi bu oyunda udmaq şansı yalnız və yalnız sistemə aiddir. Seçki saxtakarlığından tutmuş, xırda rüşvətxorluğa qədər müxtəlif cinayətlərə ortaq edilən bu təbəqə hakimiyyətin inzibati gücünü başı üstündə Demokl qılıncı kimi hiss etdiyindən, səsini çıxarmaq barədə düşünüb-düşünmədiyini də ifadə etmir.
Ayrıca, Azərbaycan müəllimləri və həkimləri siyasi sistemin cəmiyyətin qarşısına atdığı qalxan rolunu oynayır. Təhsil sahəsindəki böyük layihələr hakimiyyətin zirvəsi tərəfindən  mənimsənilsə də, təhsildəki keyfiyyətsizliyə və korrupsiyaya görə cəmiyyət müəllimləri qınayır. Bu qınaq hələlik açıq etirazlara səbəb olmasa da, bu sahənin reputasiyası itməkdə davam edir. Bununla da əslində, sistemin qurbanı olan müəllimlər, sistemin müdafiəçisinə çevrilirlər.
Eyni misalı səhiyyə üçün də çəkmək olar. Yüz manatdan azacıq artıq məvacib alan həkim yaşamaq uğrunda çarpışmada xırda rüşvət aldığı üçün “rüşvətxorluğa qarşı mübarizə” çərçivəsində milyardları yeyənlərin qurbanı olur. Əhali isə həkimlə təmasda olduğu üçün sistemin çatışmazlıqlarına görə onu günahkar sayır. Beləliklə, bu psixoloji savaşda həkim sistemin qurbanı deyil, onun qoruyucusu qismində görünür və ya belə olmaq məcburiyyətində qalır.
Bu sıraya biz ölkədə sayı on minlərlə olan orta məmur təbəqəsini də aid edə bilərik. Xüsusilə rüşvətin mərkəzləşdirildiyi bir şəraitdə bu cür məmurlar sadəcə, xalqla korrupsionerlər arasında bufer-qurban rolunu oynayırlar.

Nazirlər şirkət direktorları rolunda…

Azərbaycanda hakimiyyətin inzibati funksionallığı biznes portnyorlarının qarşılıqlı əmək bölgüsü şəklində həyata keçirilirdi. Yəni, ayrı-ayrı sahələr müxtəlif məmurlara tapşırılır, onlar da qazanclarının mühüm hissəsini yuxarı ötürürdülər. Amma indi vəziyyət tamam başqa istiqamətdə dəyişir. Həmin məmurlar tipik ailə şirkətlərinin icraçı direktorları funksiyasına düşüblər və bütün gəlirləri əllərindən alınır. Əlbəttə, xalqa çatmayan və talanan sərvətlərin bir əldə və ya həmin bir ələ işləyən beş əldə cəmlənməsi əhalinin rifahı baxımından önəmli fərqə malik deyil. Fəqət, hakimiyyətin daxili vəziyyətini və münasibətlər sistemini analiz etmək üçün bu, diqqətə alınası ən ciddi faktordur. Əgər Əliyevlər ailəsi bir neçə il öncə hakimiyyət komandasını varlandırmaq üçün birləşdirici faktor idisə, indi tamamilə əks proses gedir və hakim ailə amansız qəsbkar rolunda çıxış edir. Nəticə etibarilə, hakimiyyət daxilində hər kəsin etiraf etmədən qəbul etdiyi  birləşdirici motivlər artıq mövcud deyil.

Polisin qanunsuzluqları

Azərbaycan polisi son illərdə bir çox qanunsuzluqlarla yadda qalıb. Amma ən iri çaplı əməliyyat isə elə polisin özünə qarşı olub. Daxili Işlər Nazirliyinin strukturlarından çıxan dəhşətli cinayətkar dəstənin törətdiklərini dünya tarixinin ən qatı terror qruplarının fəaliyyətilə müqayisə etmək olar.  Bu vəziyyət polis orqanlarının özünü də narahat etməmiş deyil. Sistemin çürüdüyünü və bütün elementlərini də məhv edəcəyini polis orqanlarının rəhbərləri də görür. Ramil Usubovun belə bir məşhur bəyanatı da var idi: “Mən Heydər Əliyevə görə nəvələrimə də düşmən qazanmışam…”
Bu, o deməkdir ki, Ramil Usubov özü polislik deyil, düşmənçilik etdiyinin fərqindədir. Nazirin bu bəyanatını polis orqanlarında minlərlə zabitin də anladığı şübhəsizdir. Ona görə də bu sistemin özü də ziyansız bir qurtuluş yolu axtarır. Heç kim nazirin və ya diktatorun siyasətinə qurban gedib, xalqla düşmən olmaq istəmir. Başlıcası odur ki, bunu xalq da istəmir.

Ordu – gəncliyin ölüm düşərgəsi…

Azərbaycan ordusu haqqında cəmiyyətdə yayılan fikirlərdə ən böyük səhv, daha doğrusu, hakimiyyətin məqsədyönlü siyasətinin nəticəsi odur ki, bu pis vəziyyət əsgər və zabitlər arasında psixoloji qarşıdurma kontekstində təqdim olunur. Əslində isə, Silahlı Qüvvələrdə hətta ən yüksək komandanlıqda təmsil olunanlar arasında da böyük cinayətlərin qurbanları kifayət qədərdir. Azərbaycan zabiti  bir çox hallarda, eyni cinayətlərdə həyatını və ya azadlığını itirir. Bu isə sistemin eybəcər mahiyyətindən doğan və sistem yaşadıqca qarşısı alınmayan prosesdir. Hətta briqada, korpus komandirləri də bir sıra hallarda bu sistemin çirkinliklərindən yaxa qurtara bilmirlər. Beyləqan korpusunun keçmiş komandiri, general Həmzəyevi, Şəmkir korpusunun keçmiş komandiri, general Şəfiyevi və hazırda nazirlə məhkəmə çəkişməsində olan general Lənkəran Əliyevi misal göstərmək olar. Indi təsəvvür edək ki, ölkədə nə qədər zabit bu süründürməçi sistemin girovu, nə qədər əsgər isə qurbanıdır.

Təhlükəsizlik orqanları təhlükəyə çevrilib…

Əlbəttə, ayrı-ayrı fədakar əməliyyatları qeyd etmək də olar. Həyatını qurban verən zabitlər də var və onlar rəhmətlə anılır. Amma bütövlükdə təhlükəsizlik orqanları jandarma əks-kəşfiyyatı rolunu oynayır və əhali arasında kabusa çevrilib. Heç şübhə yoxdur ki, cəmiyyət xüsusi xidmət orqanlarının hakim ailənin mühafizə xidmətini yerinə yetirdiyi barədə düşünür. Bu isə ilk növbədə öz peşəsini sevən və milli təhlükəsizlik uğrunda şərəflə xidmət etmək istəyən peşəkarlar üçün həm təhqir, həm də işgəncədir.

Gənclik boşluğa addımlayır

Meydanda mübarizə aparan, intellektual və çılğın bir gənclik var. Amma əhalisinin 60 faizə qədəri gənclərdən ibarət olan bir ölkədə bu, çox cüzi nəticədir. Hakimiyyət düşərgəsi ətrafında çox az sayda, merkantil maraqlarla toplaşan gənclər isə artıq vəzifəlilərin yaxın qohumları ilə sınırlanıb. Qalan böyük çoxluq isə böyük boşluğa addımlayır. Milli strategiyanın və hədəflərin aydın olmaması toplumu  naməlum istiqamətlərdə parçalayır.

Nə etməli?

Durumun dəyərləndirilməsindən sonra təbii ki, cavabını axtarmalı olduğumuz suallar bunlardır: Nə etməli? Kim etməli? Bu barədə növbəti yazılarımızda birlikdə düşünməyə çalışacağıq.

Seymur Həzi