Dünən vəkili Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında AXCP sədrinin müavini Gözəl Bayramlı ilə görüşüb.Bu barədə E.Sadıqov məlumat verib. E.Sadıqov G.Bayramlının diqqətinə onunla bağlı aparılan müdafiə tədbirlərini çatdırıb: “Gözəl xanım hər kəsə salam söylədi. Əhvalı çox yaxşıdır. Saxlanma şəraiti ilə bağlı problemlər mövcud deyil. Amma Gözəl Bayramlının səhhətində problemlər hələ də qalmaqdadır. Onun dərmanları və reseptləri hələ də verilməyib. Nəticədə Gözəl xanım ağrılardan əziyyət çəkir. Biz istintaq qarşısında vəsatət qaldıracağıq ki, Gözəl Bayramlının dərmanları, reseptləri verilsin və onun müalicəsi təmin olunsun”.
E.Sadıqovun sözlərinə görə, G.Bayramlının apellyasiya şikayəti barədə hələ ki, məlumat yoxdur. Amma qanunun tələbinə görə müraciət verildikdən sonra 3 gün ərzində ona baxılmalıdır. Qeyd edək ki, G.Bayramlının apellyasiya şikayəti dünən verilib.
Xəyal