Gözəgörünməzlər ölkəsində bir gün

Dünən ANS-in saytında bir yazı gördüm. Yazı “Gömrükçülərdən yay iltiması” adlanırdı.
Ilk ağlıma gələn o oldu ki, həmkarlarımız Dövlət Gömrük Komitəsindən ölkəyə xaricdən makaron gətirilməsinə qadağa qoyulmasını-zad xahiş edirlər. Istəyirlər ki, hamı yerli mal alsın, xeyir vətənə qalsın. Ya da VMF saatlarını gömrükdə tutub saxlayıblar, onun üçün bir iltimasda bulunurlar.
Maraq içində yazını tıkladım və ərinmədən oxudum. Məlum oldu ki, Nazirlər Kabinetinini son müşavirəsində Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, artıq gömrük ödənişlərinin 97 faizi elektron formada gerçəkləşdirilir. Indi ANS komitə sədrindən xahiş edir ki, yerdə qalan 3 faizi də düzəldin ki, göyçək ağızlar Gömrük Komitəmizin ardınca çirkin sözlər söyləməsinlər. Guya gömrük ödənişlərinin 100 faiz elektron formada gerçəkləşməsi ilə korrupsiyanın kökü yerli-dibli kəsiləcəkdir.
Halbuki təzəlikcə Azərbaycan gömrüyündə rəsmiləşən dəhşətli bir korrupsiyanın üstü açılmış, vicdanı və dürüstlüyü olan hər bir media orqanının da üzərinə düşən həmin misli görünməmiş korrupsiya əməliyyatının üstünə getmək, bunun hesabını istəmək, bunu soruşmaq və sorğulamaqdır.
ANS-dəkilər bilmir, ya da unudublarsa xatırladım: Azərbaycanın açıqladığı rəqəmlərə görə, 2011-ci ilin 10 ayı ərzində Türkiyədən Azərbaycana isə 990 milyon manatlıq (təxminən 1 mlrd. 250 mln. dollar) mal idxal edilib.
Türkiyə Statatistika Qurumunun məlumatları isə xeyli fərqlidir. Belə ki, eyni ildə 2011-ci il ərzində Türkiyənin Azərbaycana ixracı 2.2 milyard dollar olub. Göründüyü kimi, Azərbaycanın və Türkiyənin açıqladığı rəqəmlər arasında təxminən 1 milyard dollar fərq var.
Ən dəhşətlisi odur ki, bu cür kəskin fərqlər Azərbaycanın tərəfdaşlıq etdiyi bütün ölkələr üzrə mövcuddur.
Allah qoymasa, guya dəqiqliyi, qərəzsizliyi, vicdanlılığı özünə bayraq eləmiş birinin üzərinə düşən də indi bunu sorğulamaqdır, buna aydınlıq gətirilməsi, buna ağlabatan bir izah verilməsi üçün iltimasda bulunmaqdır. Buna cəsarəti çatmayanda isə ən gözəli göyçək ağzına su alıb, susub oturmaqdır.
Dünən Monteneqronun baş nazirinin Azərbaycana gəlməsi isə xeyli maraqlı vaxta təsadüf etdi. Əslində mən heç buna təsadüf də deməzdim. Bilirsiniz ki, bizim ARDNŞ Monteneqroda 250 milyona bir ada alıb, orada istirahət mərkəzi tikməyə hazırlaşır. Ona görə də Monteneqro baş nazirinin Azərbaycana gəlib bu lütfkarlıq üçün bizim möhtərəmə şəxsən təşəkkürünü bildirməsində təəccüblü heç nə yoxdur. Adam bir az ona əsəbləşir ki, biz eyni mərifəti Dubay əmirində niyə görmədik. Ilin-günün bu vaxtı gedib ordan o qiymətə mülk alırıq, amma adamların mərifəti çatıb allahın bir “sağ ol”u üçün ayağımıza gəlmirlər. Belə qanacaqsız adamların şəhərindən bundan sonra gərək heç saqqız da almayaq.
Və sonda: bu günlərdə həmkarımız Sevinc Telmanqızının Ziya Məmmədovun vaxtilə yaşadığı məhəllədən reportajını oxudum. Reportajda maraqlı bir yer vardı: nazir həmin məhəllədəki evini lüks təmir etdiribmiş, orada heç kim yaşamasa da, hər ay evə qazpulu, supulu, işıqpulu gəlirmiş. Indi qonşulara da qəribə görünür ki, evdə heç kim yaşamadığı halda bu necə olur?
Bunda təəccüblü nə var axı? Siz nə bilirsiniz Ziya Məmmədovun həmin evə gəlib-getmədiyini? Orada yaşamadığını hardan bilirsiniz? Ovcunuzumu iyləmisiniz? Axı gözəgörünməzlik yalnız göydəkinə məxsus deyil, Azərbaycandakı tanrıçalara da aiddir.
“Azadlıq”ın sadiq oxucuları xatırlayarlar: bu yaxınlarda “Azbentonit”in bir fəhləsi onu haqsız yerə işdən çıxardıqlarına görə “yuxarılar”a çoxlu şikayət yazdığını, axırda isə Mehriban Əliyevanın ombudsman və zavodun qeyri-rəsmi sahibi Ziya Məmmədovun birlikdə onu qəbul etdiyini, birinci xanımın nazirə onu işə bərpa etməsini tapşırdığını iddia edirdi. Amma ombudsman bunu dərhal çıxıb təkzib etdi, dedi ki, ağ yalandır, həmin fəhlə yəqin bunu yuxusunda görüb.
Mən məsələni dəqiqləşdirdim, binəva fəhlə birinci xanımı, naziri və ombudsmanı yuxuda görməyibmiş, onlar sadəcə, vətəndaşımızın gözünə görünüblərmiş.
Sonra da deyirlər, yaptokratlar niyə basıb xalqın gözünü çıxarır. Neyləsinlər, siz zəhmət çəkin gözünüzə yiyəlik eləyin. Görməyin. Görsəniz də inanmayın.
ANS-ə isə başqa yerinizlə də baxa bilərsiniz, məsələn, ayaq barmaqlarınızla.