Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, Azərbaycanın prinsipial, cəsarətli və bacarıqlı vəkillərindən olan Intiqam Əliyev həbs təhlükəsi ilə üz-üzədir. Tanınmış hüquqşünasın barəsində Türkiyə Prokurorluğunda cinayət işi açılıb.
I.Əliyevə hədə-qorxu gəlmək, təhqir, məmurun vəzifəsini icra etməsinə mane olma kimi, qondarma ittihamlar irəli sürülüb. Maraqlısı odur ki, cinayət işi əslində ötən ilin dekabrında – I.Əliyevin Türkiyədə üzləşdiyi məlum qalmaqallı hadisədən az sonra başladılıb. Amma ötən aylar ərzində I.Əliyevə və onun türkiyəli vəkillərinə bu barədə heç bir məlumat verilməyib. Xatırladaq ki, ötən ilin dekabrında I.Əliyev Avropa ölkələrinin birindən qayıdarkən tranzit yolla Türkiyədən keçməli olub. Istanbulun Atatürk Hava Limanında polis məmurunun kobudluğu ilə qarşılaşan I.Əliyev buna etiraz edində zorakılığa məruz qalıb. Onun təyyarə bileti ləğv edilib, həmçinin fiziki təzyiqlərə məruz qalıb və bir gün həbsdə saxlanılıb. Hadisədən sonra I.Əliyevə dəstək kampaniyası çərsivəsində demək olar ki, bütün yerli partiya və təşkilatlar yekdillik nümayiş etdiriblər. Görək, müdafiə kampaniyası bundan sonra necə davam edəcək?
“İntiqam bəy Azərbaycanda bir çox vəkillərin cəsarət etmədiyi işlərə imza atıb”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, I.Əliyevin məsələsi təmsil etdiyi partiyanın dünənki yubiley tədbirində də qaldırılıb. AXCP sədri Əli Kərimli I.Əliyevin hüquqlarının müdafiəsi istiqamətində bütün imkanlardan istifadə ediləcəyini bəyan edib: “Intiqam Əliyevin hüquqlarının müdafiəsi istiqamətində çağırış oldu və hakimiyyət orqanlarının diqqətinə çatdırıldı ki, bu kampaniyanın arxasında xüsusi maraqlar dayanır. Daha dəqiq desək, burada Azərbaycan hakimiyyətinin maraqları ifadə olunur. Intiqam bəy Azərbaycanda bir çox vəkillərin cəsarət etmədiyi sahə ilə – siyasi hüquqların müdafiəsilə aktiv şəkildə məşğuldur. O, bu sahədə böyük işlərə imza atıb. Azərbaycan hökuməti Türkiyənin əli ilə saxta ittihamların irəli sürülməsinə nail olub. Biz Intiqam bəyin müdafiəsi kampaniyanın təşkilində iştirak etməyə hazırıq. Məsələ ilə bağlı Türkiyə prezidentinə müraciət edilməsini istəyirik və bu işdə bütün vətəndaş cəmiyyəti qurumlarının həmrəyliyinə ehtiyac var”.
“İttihamların qondarma olduğu ilə bağlı Türkiyə səfirliyinə müraciət etmişik”
ADP sədri Sərdar Cəlaloğlu artıq Intiqam Əliyevin hüquqlarının müdafiəsiylə bağlı müraciət hazırlayaraq Türkiyə səfirliyinə göndərdiklərini deyir: “Intiqam bəyin müdafiəsi üçün partiyamız hər bir işə hazırdır. Səfirliyə göndərdiyimiz etiraz məktubunda da sözügedən ittihamı tamam yanlış adlandıraraq bunu demokratik qüvvələrə, mübariz insanlara qarşı ciddi bir zərbə hesab etdiyimizi bildirmişik. Intiqam Əliyevə qarşı irəli sürülən iddia ilə bağlı vəkilin hüquqlarının qorunması üçün əlimizdən gələni edəcəyik”.
Nigar


