Vəfa Quluzadə: “Onda Dağlıq Qarabağın müstəqilliyinə də razılıq versinlər”
Elman Abdullayev: “Azərbaycanın mövqeyi dəyişilməz qalır”
ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə zonasına son səfərindən sonra işğal altındakı Azərbaycan ərazilərində, keçmiş Xocalı aeroportunun yaxınlığında ermənilərin inşa etdikləri hava limanı məsələsi ilə bağlı ziddiyyətli vəziyyət yaranıb. Həmsədrlərin səfərin nəticələri ilə bağlı verdiyi bəyanatda deyilir ki, onlar tərəflərdən mülki hava gəmilərinə qarşı gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək barədə təminat alıblar.
Hətta tərəflər məsələni diplomatik yollarla həll etməyə və siyasiləşdirməməyə də razılaşıblar. Bəyanatdan belə nəticəyə gəlmək olur ki, rəsmi Bakı Xankəndi hava limanının işə başlamasına qarşı deyil, çünki oradan qalxan təyyarələrə qarşı güc tətbiq etməmək barədə təminat verib. Ancaq rəsmi Bakının mövqeyi fərqlidir. Hava limanı məsələsi gündəmə gələndə Azərbaycan tərəfi uçuşlara yol verilməyəcəyini və təyyarələri vuracağını bəyan etmişdi. Bu günlərdə Xarici Işlər Nazirliyi yenidən uçuşların qanunsuz olduğunu xatırladan bəyanat verib. Belə olan halda həmsədrlər Azərbaycan tərəfindən kimdən uçuşların həyata keçirilməsi üçün razılıq alıb?
Politoloq Vəfa Quluzadə həmsədrlərin bu günə qədər çox məsuliyyətsiz bəyanatlar verdiyini xatırlatdı. Bunların arasında Metyu Brayzanın Xankəndində bu şəhərin Ermənistana məxsus olması ilə bağlı dediklərini xatırlatmaq olar. Bakıya gələndən sonra isə dediklərinin düz anlaşılmadığını, yaxud təhrif edildiyini deyirdi.
Ekspert hesab edir ki, Azərbaycan hakimiyyəti heç vaxt Xankəndindən Ermənistana uçuşlara razılıq verə bilməz və verməməlidir. Belə addım atıbsa, bu, böyük cinayətdir. Azərbaycan xalqı buna heç vaxt razılıq verə bilməz. Onda Dağlıq Qarabağın müstəqilliyinə də razılıq versinlər.
Ekspert həmsədrlərin bu dəfə də yalan danışdığını bildirdi. Çünki Azərbaycanın bu məsələdə razılıq verməsi inandırıcı deyil.
Xankəndi hava limanından qalxacaq təyyarələrin vurulmasına gəldikdə, ekspert bunun bir qədər qəliz məsələ olduğunu qeyd etdi. Çünki Rusiya hücum etmək üçün bəhanə axtarır. Təyyarələrin vurulması isə rusların əlinə fürsət verər. Ona görə bu məsələdə düşünmək lazımdır. Ancaq hava limanının işə salınması ilə bağlı sərt mövqe ortaya qoyulmalıdır.Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə Azərbaycanın mövqeyinin dəyişməz qaldığını deyir. Bu mövqe isə ondan ibarətdir ki, ölkənin işğal olunmuş əraziləri üzərindən hər hansı uçuşların keçirilməsi qanunsuzdur. Bu, beynəlxalq qanunvericiliklə də belədir. Azərbaycanın mövqeyi də beynəlxalq qanunvericiliyə əsaslanır: “Biz hər zaman bildirmişik ki, Azərbaycanın işğal olunmuş əraziləri Azərbaycanın nəzarətində deyil. Uçuşlarda insidentin baş verməsi də Azərbaycandan asılı deyil. Çünki işğal altında olan ərazilərdə Azərbaycanın nəzarəti yoxdur. Birmənalı şəkildə bildiririk ki, beynəlxalq qanunvericilik çərçivəsində burda uçuşlar qanunsuzdur”.
Həmsədrlərin bəyanatlarına gəldikdə, nazirlik sözçüsü orada da beynəlxalq qanunvericilik barədə söz açıldığını deyir. Beynəlxalq qanunvericilik də ondan ibarətdir ki, orda uçuşların həyata keçirilməsi qanunsuzdur.
Fizzə


