“Qasid” firmasının işçiləri pozulmuş hüquqlarının bərpası üçün Prezident Administrasiyasına yürüş etdiər
.Qəzet satanlar sona qədər mübarizə aparacaqlarını deyirlər
“Qasid”in köşkü əlindən alınan işçiləri ötən gün Prezident Administrasiyası (PA) önündə piket keçirdi. Yayım firmasına məxsus köşklərin 50 yaxın sahibi və satıcısı “Qasid”ə məxsus köşklərin ləğv edilməsi prosesinin dayandırılmasını, yeni köşklərdə işlə təmin olunmalarını tələb edirdilər.
Aksiyaçılar metronun “Içərişəhər” stansiyasının qarşısında toplaşıb PA-ya doğru hərəkət etdilər. Administrasiyanın qarşısında polis etirazçıların qarşısını kəsdi. Onları lentə alan “Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva polis özbaşınalığıyla üzləşdi. Onun fotoaparatını əlindən alıb, özünü isə sürüyərək polis maşına mindirib ərazidən uzaqlaşdırdılar. Bunun səbəbini isə PA-nın binasını çəkməklə izah etdilər. Ancaq jurnalist yalnız aksiyaçıları və polisləri çəkmişdi. Onları da hiddətləndirən asayiş keşikçilərinin şəklini fotoaparatın yaddaşına yazmaq idi.
Etirazçılar deyirlər ki, “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçiriliməsi ilə əlaqədar “Qasid” ASC-yə məxsus 40-dan artıq mətbuat yayımı köşklərini Bakı şəhər Ticarət Departamenti (BTD) yığışdırıb.
Onların sözlərinə görə, iyulun 14-də BTD-nin əməkdaşları şəhərin Nərimanov rayonu ərazisində “Qasid” ASC-yə məxsus köşklərə gələrək onların 1 həftə ərzində yığışdırılacağı və yerinə özlərinə məxsus köşklərin qoyulacağını bildiriblər: “Köşklər gecə vaxtı götürülür. Təzə köşklər daha çox mini-marketə oxşayır. Köhnələri götürürlərsə, təzə köşkləri bizim özümüzə kirayə versinlər”.
17 ildir Nərimanov rayonunda yerləşən 163 saylı köşkdə işləyən Təyyar Ağayev deyir ki, ailəsinin qazanc yeri bu köşkdür: “Himayəmdə 11 nəfər ailə üzvüm var. 82 yaşlı atam, 72 yaşlı anam, iki əlil bacı-qardaşımı buradan qazandığım pulla saxlayıram. Özüm də müharibə veteranıyam. Əksər dükan sahibləri də məcburi köçkündür”.
Etirazçılardan bir qrupu PA-ya dəvət olunub. Onlar tələblərinin əks olunduğu müraciəti onları qəbul edən şəxsə təqdim etdilər.
Qeyd edək ki, “Qasid” firmasının direktoru deputat Mirkazım Kazımovdur.
Bəzi məlumatlara görə, yeni gətirilən “Pressa kiosk”ları prezidentin şəxsi mühafizəsinin rəhbəri Bəylər Əyyubova yaxın şəxslər işlədir. Onlar bir müddət “Qasid”dən qəzet alaraq satsalar da pulu ödəməyiblər. Nəticədə yayım firmasının bir neçə müxalifyönlü və müstəqil qəzetlərə borcu qalıb. Bu azmış kimi indi də “Qasid”in köşkləri şəhərin mərkəzindən yığışdırılır. Adını isə “şəhərin gözəlliyinə xələl gətirir” qoyublar. Maraqlısı odur ki, yeni köşklərdə müxalif və müstəqil qəzetlər vitrinə qoyulmur. Vitrinə çıxarılanlar isə köhnə nömrələr olur.
Ramin DEKO