Minilliklərdən süzülüb gələn, daş kitabələr dövrünün yadigarı hörmətli Naxçıvan xanı Vasif Talıbov haqqında çox maraqlı bir xəbər var, gəlin ordan başlayaq. Xəbərdə deyilir ki, Naxçıvanın bu qədim, daha doğrusu, arxaik rəhbəri təzəlikcə müasir Avropa ölkələrindən biri Avstriyaya səfərə gedib, orada Talıbovu tanışlıq üçün “Ştollenkeze” adlı müəssisəyə aparıblar.
Xəbəri önəmli edən isə müəssisənin adının bizim dilə “Mağara pendiri” kimi tərcümə edilməsidir. Avropalıların yumoruna heyran qalmamaq mümkün deyil. Onların Naxçıvan xanını məhz “Mağara pendiri” ilə tanış eləmələri çox simvolikdir. Qanuna və məntiqə uyğundur. Vasif Talıbov və mağara – bunlar bir-birini çox gözəl tamamlayır. Hazırda Naxçıvan mağara təfəkkürü ilə idarə edilir, orada 21-ci əsrin izinə-tozuna rastlamaq mümkün deyil. XX əsri isə Vasif müəllim onsuz da “iks-iks əsri” deməklə çoxdan tarixdən və təqvimdən silmişdir.
Avstriyalılar Vasif müəllimə müəssisənin işi barədə məlumat veriblər, deyiblər ki, “Mağara pendiri” zavodu qədim ənənələri yaşadır və həmin ənənələr əsasında yeddi növ məhsul istehsal edir. Əlbəttə, qədimlik, arxaiklik məsələsində həmin müəssisə Vasif müəllimlə yarışa bilməz, yeddi növ “mağara pendiri” istehsal etməklə öyünmək isə çox gülməlidir. Vasif müəllimin “Lifan” adlı mağara avtomobili istehsal etməsinin yanında mağara pendirinin söhbətini edərlər? Ayıb olsun, biz də avstriyalıları ağlı başında camaat hesab edirdik.
Əslinə qalsa, heç bir halda, o cümlədən mağara təfəkkürünün hökm sürməsi baxımından Naxçıvanı Azərbaycandan ayırmaq mümkün deyil. Necə ki, körpü yolun bir hissəsidir, Naxçıvan da eləcə Azərbaycanın bir hissəsidir. Əliyevçi rejim oradan sınaq laboratoriyası kimi istifadə edir, Naxçıvanda uğurla sınaqdan çıxarılan işgəncə, zorakılıq metodları sonradan bütün Azərbaycanda tətbiq edilir. Artıq ölkə özü boyda bir mağaraya çevrilib. Burada müasir, modern insanları sevmirlər, çağdaş dəyərlərin daşıyıcılarını “element”, “ünsür” deyə dışlayırlar. Hamıdan ibtidailik tələb edilir, düşünmək yasaqdır, bilgi, təhsil düşmən elan olunub. Hamı Azərbaycanın qədim insan məskəni olması ilə fəxr edir, bir ovuc antimilli ünsürdən başqa heç kim “Bəs bu ölkə niyə müasir insan məskəni də ola bilmir?” sualına cavab axtarmaq və tapmaq istəmir.
Elə məktəblərimizin başına yekə bir qaval daşı salınmasının səbəbi də budur: mağaraya qapılıb qalmaq, çağdaşlaşmamaq, zamanla ayaqlaşa bilməmək. Öz arxaikliyi ilə məsud yaşamaq!
Buyurun: indilərdə təhsil eksperti Əlövsət Osmanlı maraqlı bir fakt ortaya çıxarıb, belə məlum olur ki, 11 il əvvəl Azərbaycanda rəsmi statistikaya görə birinci sinifə 133 min şagird qəbul olunub, bu il isə məlum olub ki, 11-ci sinifi 70 min şagird bitirib. Qısası, 63 min şagirdi yolda salıb itiriblər, pulqabı-zad kimi. Indi Misir Mərdanov deyir ki, ekspert peşə məktəblərinə, xaricə oxumağa gedənləri hesaba almır, qərəzli danışır. Əlövsət müəllim isə buna da arqumentli cavab verib: ÿ133 min nəfərdən texniki-peşə məktəblərinə daxil olan cəmi 4 min, orta ixtisas təhsili məktəblərinə daxil olan isə 8 min nəfərdir, min şagirdin isə bu müddətdə dünyasını dəyişdiyini hesablayaq, elədi 13 min nəfər. Bəs 50 min şagird hanı? Onlar hamısı xaricə təhsil almağa gedib? Əlbəttə, yox. Uzaqbaşı belələrinin də sayı 2-3 min nəfər olsun. Lap 5 min nəfər. Yerdə qalan 45 min şagird hanı onda? Hara itirilib?
Bilmirsinizsə, deyim: onları düşdüyümüz dibsiz qaranlıq udur, dərin bataqlıq çəkib aparır. Bu gün heç olmasa, pis-yaxşı 70 min nəfər əldə-ovucda qalıb, şükr eləyin, sabah heç 7 nəfər də qalmayacaq. Mağaraya qayıdan yolda son nəfərinədək itirəcəyik hamısını. Mağara təfəkkürünün hökm sürdüyü ölkədə bilgi, savad arxasınca gedənləri zatən başqa aqibət də gözləmir.
Qaldı ki harda gəldi, necə gəldi inkişafımız, tərəqqimiz, dünyanın da bu inkişafa, tərəqqiyə baxıb ağzının suyunun axması barədə içi boş söhbətlərə, bunlara da əhəmiyyət vermək lazım deyil. Onsuz da Azıx mağarasından hansısa ulu əcdadımızın o qədər bədən üzvü dura-dura məhz çənəsinin tapılması boşboğazlığımızın nə qədər qədim tarixi olduğunu göstərir.

Mağara həqiqətləri
•
•