Iki həftə əvvəl Şəkidə 17 yaşlı Elməddin Haqverdiyev ilan sancmasından sonra həyatını itirdi, daha doğrusu, onun dərdinə dərman tapılmadı. Şəki xəstəxanalarında ilan zəhərinə qarşı zərdab olmadığı üçün dərmanı Mingəçevirdən gətiriblər, lakin bunun da köməyi dəyməyib. Çünki bu dərman xəstəyə mümkün qədər tez vurulmalıdır, heç olmasa hadisə baş verəndən sonra ilk 6 saat ərzində.
Ondan az öncə isə belə bir hadisə Hacıqabulda baş vermişdi. Ilan sancmış uşağı rayon mərkəzi xəstəxanasına aparsalar da, orada ilan zəhəri əleyhinə zərdab tapılmayıb, bundan sonra xəstəni Şirvan şəhərinə aparmalı olublar… amma zərdab Şirvanda da olmayıb.ÿ
Ilan zəhərinə qarşı zərdabın tapılmaması təzə problem deyil. Məsələn, ötən il Iraqda əsgərlikdən sağ-salamat qayıtmış 23 yaşlı Sənan Məmmədov zərdab tapılmaması ucbatından ölmüşdü. Atası ilan vurmuş oğlunu dərhal rayon mərkəzi xəstəxanasına aparıb, orada isə deyiblər, ay kişi, durma, uşağını Gəncəyə apar, bəlkə dərmanı orda tapasan. Amma Gəncədə də ilan zəhəri əleyhinə zərdab tapılmamışdı.
Niyə yoxdur zərdab? Bu sual hər il gündəmə gəlir, heç zaman da həllini tapmır…
Həllini tapa da bilməz, çünki ilandan daha zəhərli olan, insanları ilandan daha çox sancan məmurların, idarəçilərin ölkəsində ilan zəhərinə qarşı dərmanın problemə çevrilməsi qətiyyən təəccüblü deyil. Haçansa bu mövzuda söhbət düşəndə, kimsə soruşdu: axı bunlar ilan zəhəri əleyhinə zərdabı neynəyirlər, özlərimi içirlər?
Gəlin xatırlayaq. Bir neçə ay öncə jurnalist Nüşabə Fətullayeva araşdırmışdı ki, təkcə Göyçay rayon Mərkəzi Xəstəxanası bir ildə 269 873 manatlıq dəftərxana ləvazimatı alıb. Guya alıb. Amma yaxşı bilirik ki, xəstəxanalar dərman əvəzinə kağız işlətmir, bunlar formal alqı-satqılardır. Səhiyyə Nazirliyi il ərsində 36 440 manatlıq dəftərxana ləvazimatı işlədirsə, bir xəstəxana bundan 7 dəfə çoxunu neyləyə bilər? Sadəcə həmin məbləğin böyük hissəsi mənimsənilib.
Ilan zəhəri əleyhinə zərdab da ona görə tapılmır. Bu ölkənin idarəçiliyi pula baş əyib. Pul qalib gəlib hər şeyə. Ona görə də ən çox tapılan bir şey də lazım olan anda yoxa çıxa bilər, nəinki az və bahalı olan şeylər. Həmçinin ilan əleyhinə zərdab. Heç nəyə zəmanət yoxdur.
Bu zərdab böhranı gündəmdə ikən məlumat aldıq ki, bizim şanlı idarəçiliyin əsas ictimai təmsilçisinə çevrilmiş Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov 50 adamı başına yığaraq Zərdaba gedib. Jurnalistlər, deputatlar və s. Orada ilan əleyhinə zərdab istehsal edilmir, bu 50 adam da ora zərdab problemini həll etməyə getməyiblər. Onlar Həsən bəy Zərdabini yada salmağa gediblər.
Məsələ ondadır ki, Həsən bəy Zərdabi sağ olsaydı, bunlar onu çoxdan xalq düşməni, ya da qaragüruh elan etmişdilər. Indi Rəşad Məcid və Vüqar Səfərli ona mətbuatdan, inkişafdan dərs deyirdi. Deyirdilər ki, ay kişi, bu kəndçi qəzetinlə zəhlə tökmə. “Əkinçi”nin adını da KIVDF-nin pul siyahısına salmamışdılar.
Rayonda Zərdabisevərləri salamlayan icra başçısı Lütfəli Babayev onların qarşında çıxış edərək söyləyib: – Ümummilli lider Heydər Əliyev mətbuata çox yüksək qiymət verərək deyirdi: “Qəzet bir güzgüdür, oxucu orada özünü görməlidir. Həyatın işıqlı tərəfini də, zülmətini də orada tapmalıdır”. Mən Ilham Əliyevin bir fikrini də xatırlatmaq istəyirəm – “Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız hər zaman xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur”.
Yaxşı ki, Zərdabi bu gün ölkədə nə baş verdiyindən və güzgünün də heyrət edəcəyi bu çıxışdan xəbərsiz yatır qəbirdə…
Bəs görəsən Zərdabi sual versə ki, ay mənim davamçılarım, bəs niyə mənim “Əkinçi”min yayıldığı kəndlərə qəzet getmir bizim bu ölkədə, qəzet də ilan zəhəri əleyhinə zərdabdır ki, tapılmasın?! Nə deyərdilər?

İlan zəhərinə qarşı zərdab, Zərdabi və Zərdaba gedənlər
•