Elçibəy hökumətinin ən böyük uğurlarından biri

Milli valyutanın dövriyyəyə buraxılmasının 20 illiyi yaxınlaşır

Manatın tədavülə buraxılmasından 20 il ötür. Milli valyutamız 1992-ci il iyulun 15-də Azərbaycan prezidenti Əbülfəz Elçibəyin “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanı imzalamasından sonra bu istiqamətdəki bütün hüquqi prosedurlar yekunlaşdı.
Avqustun 15-də isə ilk dəfə olaraq 1, 10 və 250 manatlıq əskinaslar dövriyyəyə buraxıldı. Həmin ilin noyabrında isə 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda beş manatlıq əskinas, 93-cü ilin martında isə 50, 100, 500 və min manatlıq nominallı kağız əskinaslar vətəndaşların istifadəsinə verildi. Onu da qeyd edək ki, Azərbaycanın birinci pul emissiyasını Fransa şirkəti çap edib. 1 və 10 manatlıq əskinaslar fransızların istehsalıdır.
1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat 10 rubl nisbətində rublla paralel istifadə olunub.
Amma heç kimə sirr deyil ki, milli valyutanın dövriyyəyə buraxılması kifayət qədər çətin geosiyasi situasiyada baş vermişdi. Bu, Elçibəy hakimiyyətinin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir.
Bəs həmin dövrü o zaman ölkə rəhbərliyində təmsil olunanlar necə xatırlayır?

Sabiq dövlət katibi, AXCP sədri Əli Kərimli vurğuladı ki, milli valyutanın dövriyyəyə buraxılması ərəfəsində müstəqil Azərbaycan respublikası yenidən qurulurdu, dövlət quruculuğunun ilk addımları atılırdı. Ə.Kərimlinin sözlərinə görə, o zaman atılan bir çox fundamental addımlar sonradan müstəqil Azərbaycanın əsaslarını yaratdı: “Müstəqil pul vahidinin dövriyyəyə buraxılması, rus qoşunlarının Azərbaycandan çıxarılmasına nail olmaq, sərhəd və gömrük xidmətinin yaradılması həm də müstəqilliyin ən mühüm şərtləri idi. Bunlar deyilməyənə qədər Azərbaycanın müstəqilliyi deklorativ idi. Amma pul vahidinin dövriyyəyə buraxılması, müstəqil gömrük və sərhəd xidmətinin müəyyənləşdirilməsi müstəqiliyimizə real məzmun verdi. Kifayət qədər çətin bir dövr idi. Real müharibə gedirdi. Minlərlə insan səngərlərdə hər qarış torpaq uğrunda mübarizə aparırdı. Eyni zamanda Azərbaycan hökuməti də sürətlə iqtisadi islahatlar aparırdı. Həmin vaxt cəmi üç ay müddətində 35 iqtisadi qanundan ibarət iqtisadi islahatlar paketi həyata keçirildi, siyasi islahatların əsası yaradıldı”.
Çoxpartiyalı sistemin əsasının da məhz bu dönəmdə qoyulduğunu deyən Ə.Kərimli bildirdi ki, müstəqil həmkarlar, ictimai təşkilatlar, mətbuat, müstəqil məhkəmələr haqqında qanunlar qəbul olundu. Ə.Kərimlinin sözlərinə görə, eyni zamanda təhsil haqqında qəbul olunan qanun təhsil müəssisələrinin daxili muxtariyyətinə əsas yaratdı. 1993-cü ilin iyun qiyamının başlayan bütün pozitiv proseslərin sonrakı inkişafına mane olduğunu deyən Ə.Kərimli bildirdi ki, o cümlədən milli pul vahidinin inflyasiyaya uğraması həmin illərə aiddir: “1994-96-cı illər ərzində Azərbaycanın milli pulu görünməmiş həddə inflyasiyaya məruz qaldı. Inflyasiya o qədər sürətli oldu ki, sonradan pulu dəyişməyə məcbur qaldılar. Amma həmin o müharibə şəraitində, gənc dövlətin qurulduğu ilk ildə biz həm də pulun sabitliyini təmin edə bilirdik. Milli valyutanın tədavülə buraxılması çox böyük islahat idi və bu, Azərbaycan dövlətinin təməlini qoyan islahatlardan biri idi”.

Sabiq baş nazir Pənah Hüseyn bildirdi ki, milli valyutanın dövriyyəyə buraxılması barədə ideya AXC hakimiyyətindən qabaq olsa da, məhz Elçibəy iqtidarında bu addımın atılması ilə bağlı qızğın diskussiyalar gedirdi. Azərbaycanın milli valyutası ilə bağlı Rusiya hökumətinin mövqeyinin birmənalı şəkildə mənfi olduğunu deyən P.Hüseyn vurğuladı ki, məhz bu üzdən manatın çıxışı gecikirdi: “Manatın dövriyyəyə buraxılması Iqtisadi Şurada müzakirə olunandan sonra bu addımın atılması qərara alındı. Azərbaycanın dövlət müstəqilliyinin və iqtisadi inkişafının təminatlarından biri kimi manatın dövriyyəyə buraxılması qərara alındı. Zaman göstərdi ki, bu, olduqca doğru qərar idi. Məhz Azərbaycanın bu addımından sonra Ukraynanın milli valyutasının dövriyyəyə buraxılması ilə bağlı oktyabrda qərarı oldu. Bundan sonra Rusiyanın bu istiqamətdə müvafiq qərarı oldu. Bir sözlə, Elçibəy hakimiyyətinin bu addımı keçmiş postsovet məkanı üçün bir dalğa rolunu oynadı”.

Xəyal