Xəstəxananın üç korpusu Dəmiryol Nəqliyyatının yeni departamenti üçün təmir edilir; 14 hektarlıq ərazinin yarıdan çoxunun satıldığı bildirilir
Bakının bəlkə də ən yöndəmsiz, ən çirkin xəstəxanalarından biri Biləcəri Dəmiryol Xəstəxanasıdır. Xəstəxananın həyəti o qədər böyükdür ki, adam az qalır burada azsın. Bilmirsən giriş hardandır, çıxış hardan.
Rəsmi məlumatlara görə, xəstəxananın həyəti 14 hektardır. Bu 14 hektarı gəzmək üçünsə, adamda gərək güc olsun, xüsusən də bu isti yay günlərində.
“Avropa menyü”lü kafe, balaca komalar və…
Biz sözügedən ünvana kiçik bir qapıdan girdik. Sağ tərəfdə dəmir torla hasara alınmış yeməkxana var. Yeməkxananın adının nə olduğunu müəyyənləşdirə bilməsək də, menyüdə ancaq Avropa yeməklərinin olduğu yazılmışdı. Bizim giriş qapısı kimi istifadə etdiyimiz dəmir qapıdan ətrafda yaşayan sakinlər keçib gedir. Öncə elə bildik ki, onlar xəstəxanaya baş çəkirlər. Sonradan məlum oldu ki, Biləcəri qəsəbəsinin insanları bu qapıdan içəri addımlamaqla xəstəxananın böyür-başında tikilən mənzillərinə gedirlər. Onlarla söhbət edirik. Deyirlər ki, “Avropa menyü”si ilə qarşılarına çıxan bu kafe bir neçə ildir fəaliyyət göstərir. Yoldan ötənlər onu da bildirdilər ki, yeməkxananın yeri vaxtilə xəstəxananın ərazisi olub, sonradan satıblar.
Yeməkxananın yanından iki yol var – biri əsas korpusa gedən yoldur, o biri başqa korpuslara. Öncə o biri korpuslara gedən yolu qət edirik. Beş-altı addımdan sonra qarşımıza qamışlıq, zibilxana olan bir yer çıxır. Qamışlığın, kol-kosun arasında tək-tük ağaclar gözə dəyir. Hiss olunur ki, bura əvvəllər yaşıllıq zonası kimi xəstələrin qulluğunda dururmuş. Yəni müalicə almağa gələn xəstələr burada istirahət edirmiş. Indi isə burda üfunətdən durmaq olmur. Zibilxanayla üz-üzə duranda sağ tərəfdə bir neçə koma gözə dəyir ki, onların yanıyla gedib qəsəbənin mərkəzi küçələrindən birinə çıxmaq olur.
Bir az da irəli hərəkət etmək qərarına gəlirik. Qarşıda bizi söküntü-dağıntı gözləyir. Üç korpusda əməlli-başlı iş gedir. Fəhlələrlə söhbət edirik. Onlar deyirlər ki, iş alıb icra edirlər: “Bizə deyiblər ki, buranı sökün, buranı təmir edin, biz də edirik”. Ancaq onlardan heç biri ya bilib qorxudan demədi, ya da bilmədi ki, söküntü-tikinti işləri nəyə görə aparılır.
Üç korpus dəmiryol nəqliyyatının departamentinə qurban getdi
Ərazini gəzirik. Hər üç korpusun damları sökülüb, binalar bahalı daşlarla üzlənir. Işə rəhbərlik edən şəxsi axtarırıq. Məlum olur ki, nahardadır. Bir az gözləyirik. Ancaq rəhbərlikdən heç kim gəlmir. Bizimlə söhbət edən şəxs deyir ki, söküntü-tikinti işləri Dəmir Yol Nəqliyyat Idarəsinin departamenti üçün tikilir. Həmin adam onu da bildirdi ki, binanı sökməyə ehtiyac yoxdur: “Damları söküb binanın yan tərəflərini təmir edirik. Hazır olandan sonra departament burada fəaliyyət göstərəcək”.
Buldozerlər bir yandan sökür, fəhlələr də o biri yandan iri daş parçalarını yuxarı mərtəbələrdən yerə atırlar.
Xəstəxananın həyətində 20-dən çox xarici maşın gözə dəyir. Tibb bacılarından öyrənirik ki, bu maşınların çoxu həkimlərindir, ancaq qəbula yazılan pasiyentlərin də arasında avtomobiliylə bura gələn var.
Yaşlı bir kişiyə yaxınlaşırıq. Nimdaş geyimdə parkın içində oturan qoca kişi yaxın adamını xəstəxanaya gətirdiyini deyir. Sözlərindən belə çıxır ki, yaxın dostu burada işlədiyindən xəstəni onun yanına gətirib, həm də sərfəli olduğu üçün.
Daha sonra həyətdə var-gəl edən başqa bir tibb bacısına yaxınlaşırıq. Onu söküntü ilə bağlı sorğu-suala tuturuq. Deyir ki, xəstəxanadakı təmir işlərindən xəbərsizdir: “Bilmirəm burada nə tikilir. Əvvəl deyirdilər ki, xəstəxana üçün yeni korpus tikilir. Ancaq sonradan bildirdilər ki, başqa profilli iş üçün nəzərdə tutulub. Xəstəxana üçün nəzərdə tutulsaydı, ilk növbədə əsas korpus təmir edilərdi”.
Onu da öyrəndik ki, 14 hektarlıq ərazinin yarıdan çoxu ayrı-ayrı şəxslərə satılıb. Yaxın zaman kəsiyində bu böyük yerin kiçik bir hissəsi xəstəxananın həyəti sayılacaq.
Hamam qədər isti palatalar…
Əsas korpusa yollanırıq. Korpusun qarşısında sınıq bir əlil arabası var. Əlil arabasının yanında isə bir neçə xarici maşın saxlanılıb ki, onların da həkimlərin olduğu söylənilir. Pilləkənlərlə əsas korpusun mərtəbələrini gəzirik. Qarşımıza çıxan tibb işçisi kim olduğumuzu soruşur. Ona “xəstə yanına gəlmişik” deyib yolumuza davam edirik. Otaqlara nəzər yetiririk, içəri qaynardı. Elə bil Məşədi Ibad bəy hamamına girib. Təbii ki, palatalara kondisoner qoymaq olmaz. Çünki xəstələrin sağlamlığına ziyandır. Sərinkeş qoşmaq olar, ancaq yoxdur. Palataları sərinlətmək üçün pəncərələr açıq saxlanılır. Gecələr ağcaqanadlar içərini bürüməsin deyə, şüşələrin yerinə yaşıl və qırmızı torlar taxılıb. Dolabların üstündə milçəkləri qovmaq üçün dərman gözə dəyir. Əcaba bu nədir? Axı pəncərələrə torlar vurulub. Bu milçəklər hardan girir? Sonradan məlum olur ki, torların əksəriyyəti yırtıqdır.
Palataların birində xəstə qoca zarıyır. Danışa bilmir, bircə onu deyə bilir ki, istidən nəfəs ala bilmir.
Palataları sona qədər gəzə bilmirik, isti imkan vermir…
Binəqədinin ən böyük xəstəxanası
Xəstəxanayla bağlı məlumatlar bölməsinə nəzərə yetiririk. Tutumu 605 çarpayı olan çoxprofilli xəstəxanada 664 nəfər həkim çalışır.
Qəbul, Ümumi terapiya, Kliniki diaqnostik laboratoriya, Kardiologiya şöbəsi və intensiv terapiya bloku, Endikrinologiya, Nifrologiya, Mama-ginekologiya, Cərrahiyyə, Irinli cərrahiyyə, Travmatologiya, Urologiya, Burun-Boğaz Cərrahiyəsi və Qulaq-Burun-Boğaz, Oftalmologiya, Reanimasiya, Funksional diaqnostika, Fizioterapiya, Rentgen, və Uşaq şöbələri fəaliyyət göstərir. Bu, Binəqədi rayonunda fəaliyyət göstərən ən böyük xəstəxanadır. Ancaq nə xeyri?
Həyətdə qarşımıza çıxan sakinlə söhbət edərkən məlum olur ki, sovet vaxtı bu xəstəxanaya müraciət edənlərin sayı-hesabı yox idi: “Hər yerdən bura insanlar gəlirdi. Həm ərazisi geniş idi, həm də yaxşı müalicə aparılırdı. Indi isə əvvəlki dövr deyil. Bir də görəcəyik ki, bina camaatın başına uçub”.
***
Xəstəxananı tərk edirik. O balaca qapıdan həyətdən çıxan zaman 50-55 yaşlı bir tibb bacısı ilə qarşılaşırıq. Zarafatyana dediyimiz “deyəsən xəstəxananın özünü müalicə etmək lazımdır” cümləsinə qəzəblə “hamısını satıb yeyiblər” kəlməsiylə cavab verir. Hərəkətə keçirik; biz avtobusa, o isə uçuq-sökük korpusa doğru…
Ramin DEKO


