Dolların kursu niyə düşür?

Məhəmməd Talıblı: «Neftin qiyməti qalxdıqca neft satan ölkələrə dollar axını artır və nəticədə bu valyutanın məzənnəsi oynayır»

 

Son bir neçə gündür ki, ölkəmizdə dolların kursunda düşüş müşahidə olunur. Məzənnədəki dəyişiklik iki punkt təşkil edir. Əgər yeni ildən sonra dolların alışı 0.7980 idisə, indi məzənnə 0.7950-dir. Ekspertlər bu dəyişikliyi müxtəlif səbəblərlə izah edirlər. Bəziləri dolların kursunun dəyişməsini dünya iqtisadiyyatında gedən tendensiyalarla izah etsələr də, daxili amillərin təsirini də vurğulayanlar az deyil.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının fikrincə, Azərbaycanda dolların kursunda müşahidə olunan dəyişiklik dünyadakı proseslərlə bağlıdır. Dünyadakı iqtisadi dalğalanmaların Azərbaycandan, bir qayda olaraq, yan keçmədiyini deyən M.Talıblı bildirdi ki, son zamanlar avronun məzənnəsinin möhkəmlənməsinə də diqqət yetirmək gərəkdir: “Avro, bir qayda olaraq, Avropa mənşəli malların ixrac olunduğu bazarlarda möhkəmlənir. Amma dolların kursunun dəyişməsi dünya bazarında neftin qiymətinin dəyişməsi ilə bağlıdır. Çünki neftin qiyməti qalxdıqca neft satan ölkələrə dollar axını artır. Bu da bazarda dolların çoxluğuna, o da öz növbəsində məzənnənin düşməsinə səbəb olur.
Digər tərəfdən, Azərbaycanın Mərkəzi Bankı manatın məzənnəsini dollara uyğun şəkildə tənzimləyir. Bu üzdən də yalnız dolların kursundakı oynamalar milli valyutaya təsir edir”.
Məzənnə dəyişikliyinin iqtisadiyyatda gedən proseslərə təsirinə gəlincə, M.Talıblı vurğuladı ki, bunun müsbətdən daha çox, mənfi təsirləri mövcuddur. Amma yaranmış situasiyada əsas diqqət yetirilməli olan məqam ölkəyə daxil olan neft pullarından istifadədə düzgün strategiyanın seçilməsidir.

Xəyal