Generalın başı dərddə

Yol polislərilə bağlı reydlərə başlanılacaq

Cərimələrin dəfələrlə artırılmasına baxmayaraq yol qəzalarının günü-gündən artması “yuxarılar”da ciddi şəkildə müzakirələrə səbəb olub. Bu barədə “Azadlıq”a hakimiyyətdəki mənbə məlumat verib. Məlumata keçməzdən əvvəl yada salaq ki, Azərbaycanda bu ilin 6 ayında 1278 yol nəqliyyat hadisəsi baş verib. 436 nəfər ölüb, 1361 nəfər xəsarət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölənlərin sayı 3 fakt artıb, xəsarətlər isə 104 fakt azalıb.
Qeydə alınan yol qəzalarının 533-ü Bakı şəhərində törədilib, 148 nəfər ölüb, 584 nəfər xəsarət alıb.
Qəzaların 343-ü avtomobilin yüksək sürətlə idarə olunması, 318-i ötmə qaydalarının pozulması, 117-si isə yolayırıcını keçmə qaydalarının pozulması səbəbindən baş verib.
Statistikanı Baş Dövlət Yol Polisi Idarəsi açıqlayıb.
“Yuxarılar”da hesab edirlər ki, cərimələrin artırılmasına rəğmən müsbət nəticə əldə olunmaması yol polislərinin fəaliyyəti ilə birbaşa bağlıdır. Bu baxımdan da qərara alınıb ki, yol polislərin fəaliyyətinə ciddi nəzarət tətbiq edilsin. Məlumatlara görə, yaxın vaxtlarda yol polisləri ilə bağlı reydlərə start veriləcək. Məlumatlarda o da bildirilir ki, məsələ o qədər ciddidir ki, hətta Baş Dövlət Yol Polisi Idarəsinin rəisi Ramiz Zeynalov da narahatlıq içindədir.

Hikmət