Lukaşenkoya qarşı yeni sanksiya dalğası

Avropa Birliyi Belarus rəhbərilə sərt dildə danışmağı planlaşdırır

 

Dekabrın 19-da keçirilmiş prezident seçkisindəki kütləvi saxtakarlıqdan və nəticələrə etiraz edən müxalifət təmsilçilərinə qarşı repressiyalardan sonra Belarus prezidenti Aleksandr Lukaşenkonu çətin sınaq gözləyir.
 ABŞ və Qərb dünyasının aparıcı ölkələri, eləcə də ATƏT, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar Lukaşenkonun legitimliyini tanımadıqlarını və dinc aksiya iştirakçılarına qarşı zorakılığın qəbuledilməz olduğunu bəyan etdilər. Hətta Qərbin Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyalar tətbiq edəcəyi də istisna olunmur.
Artıq Avropa Birliyi Belarus prezidentinə qarşı təzyiqlərin artırılması üçün sərt addımların atılmasını təklif edib. Avropa Parlamentinin rəhbəri Eci Buzek Brüsseldə keçirilən fövqəladə toplantıda Lukaşenkoya qarşı sərt sanksiyalar tətbiq edilməsi təklifini irəli sürüb. Bununla bağlı Avropa Birliyinin ümumi və son mövqeyi isə yanvar ayı ərzində müəyyən olunacaq.
Belarus hökuməti əleyhinə qadağalar təklifi Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasının gündəliyinə də daxil edilib. Sanksiyalar barədə qərar isə yanvarın 31-də Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri komitəsinin iclasında müzakirə olunacaq.

Informasiya şöbəsi