ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays dörd il sonra siyasət səhnəsinə dönür. 11 Sentyabr hücumları sonrası Əfqanıstan və İraqdakı hərbi əməliyyatlara verdiyi dəstəklə “Döyüşçü Şahzadə” ləqəbi alan Raysı respublikaçıların president seçkisində namizədi Mitt Romni özünə vitse-prezident seçib. Bu barədə məlumatı “Drudge Report” adlı internet saytı yayıb.
Kondoliza Raysın ulduzu yenidən Yuta ştatında iki həftə əvvəl qatıldığı seçki kampaniyasında parladı. Yutada ABŞ-ın dünyadakı liderlik roluna təhlükə yarandığına dair çıxışından sonra Rays iki dəfə ayaq üstə alqışlanmışdı.
Bundan bir neçə gün sonra isə Rays Respublikaçılar Partiyasının tərəfdarlarına göndərdiyi elektron məktubda “2012-ci il ABŞ üçün dönüş nöqtəsi ola bilər. Önümüzdəki seçkilər həyatımda gördüyüm ən əhəmiyyətli seçki olacaq. Mənə tez-tez hazırkı xarici siyasətimiz və qarşımda duran fürsət barədə suallar verilir. Lakin biz evimizi düzəltmədən beynəlxalq arenada önümüzə çıxan fürsətlərə yön verə bilmərik”, deyə yazmışdı.
azadliq.info


