Illərdir köklü dəyişikliklər üçün aparılan mübarizənin tam yeni mərhələsinə keçirik. Bu mərhələni keyfiyyətcə yeni edən isə Ilham Əliyev hakimiyyətinə olan təzyiqlərin günü-gündən artması, müxalif qüvvələrin xırda istisnalarla birliyi, həmçinin ölkədəki kütləvi narazılıqdır. Əvvəlki illərlə müqayisədə kəmiyyət baxımından bir yenilik, kütləvilik olsa da, məyusluq yaradan məqamlar da az deyil. Bu da siyasi, ictimai fəalların indiki şərtlərə cavab verəcək dərəcədə ruh yüksəkliyilə səy göstərməmələridir. Nə baş verməlidir? Tunisdəki kimi hansısa zavallı özünü yandırmalıdır, yoxsa Topxana meşəsində ağaclar kəsilməlidir?
Bəlkə də bu suallara narazı və inamsız azərbaycanlılar cavab axtarmalıdır. Bəlkə də axtarırlar… Bu ölkənin, sayı minlərlə ölçülən siyasi, ictimai fəalı möcüzəvi cavablı suallar hayında olmamalıdır. Özümüzə diqqət yetirməliyik, çıxış yolu xarakterimizdə, addımlarımızda, gələcək naminə hansı işləri görmək planlarımızda olmalıdır. Düzdür, bu həyat tərzi 9 milyon üçün keçərli deyil, ancaq yüzlərlə fəal azərbaycanlı, xüsusilə gənclər cəsarətli, ardıcıl, inamlı və təşəbbüskar olmalıdır. Bunun üçün, yuxarıda qeyd etdiyim dörd keyfiyyətdən məhrum olan gənclərin “Facebook”da profil şəkli etdiyi Çe Gevara olmağa da ehtiyac yoxdur.
Yüzlərlə fəal gəncin əksəriyyətində bu dörd keyfiyyətdən ən azı, ikisi çatmır. Adamlar cəsarətlə mübarizəyə qoşulurlar, partiyalara üzv olurlar. Bu ölkədə müxalifət partiyasına üzv olmaq ölüm demək deyil, ancaq indiki durumda bir cəsarət örnəyidir. Sonradan sanki ilahi bir varlıq “buzqıran” olmalı olan bu gənclərin enerjisini alır. Cəsarətli olmaq ilk addımdır, sadəcə. Ardıcıl iş qabiliyyətinə yiyələnməliyik. Biz qeyri-ardıcıllığın acısını az yaşamamışıq. Son il yarıma qədər müxalifətə qarşı ənənəvi bir ittiham var idi: seçkidən seçkiyə meydana çıxmaq! Bəli, bu, haqlı danlaq idi. Səbəbi də uzun fasilələr idi. Amma 2010-cu il seçkilərindən sonra qeyri-ardıcıllığın tərgidildiyini əminliklə söyləmək olar. Məhz bunun sayəsində partiyalar razılaşdırılmış və razılaşdırılmamış aksiyalara 2010-cu ilin yayında keçirilmiş aksiyalardan daha çox adam çıxara bildilər.
Ardıcıl olmaq məsuliyyətli olmaqdır. Əgər gündəlik proqram üzrə hər bir siyasi, ictimai fəal üzərinə düşəni icra etmirsə, formada qalmayacaq. Partiyanın, təşkilatın ardıcıllığı üçün onun hər bir üzvünün, tərəfdarının ardıcıl olması vacibdir. Kimsə düşünməməlidir ki, onun passiv fəaliyyətinin zərəri yoxdur, axı onsuz da işləyənlər var s. Hərçənd, hər kəs belə təhlükəli düşünə bilər. Amma nəzərə almaq lazımdır ki, bu düşüncə sülalənin qalması deməkdir…
Gündəlik mesajlar verilməyəcəksə, yeni adamlarla görüşlər üçün cəhdlər olmayacaqsa, bütövlükdə cəmiyyət o qüvvədən uzaq düşəcək. Cəsarətli və ardıcıl fəaliyyət isə son nəticədə kütləviliyə gətirib çıxarmalıdır.
Bu gün bizim üçün say və keyfiyyət baxımından çoxluq hakimiyyətin inzibati və maddi resursları qarşısında yeganə imkandır. Cəsarətli, ardıcıl, məsuliyyətli və kütləvi fəaliyyət son nəticədə cəmiyyətin hər qrupunda, hər nöqtəsində entuziazm yaradır, inam verir. Əgər biz hər gün çalışmasaq, üzərimizdə azad gələcək qurmaq öhdəliyi hiss etməsək, şübhəsiz ki, nə özümüzü, nə də başqalarını inandıra bilərik.
Siyasi fəaliyyətin hər sahəsində görüləsi xeyli işlər, boşluqlar var. Bu boşluqları bizim təşəbbüslərimiz aradan qaldıracaq. Hər təşəbbüs yeni layihə, yeni fəaliyyət deməkdir. Hər yeni layihə isə canlanma deməkdir. Təşəbbüslərin boğulmasına imkan verməməliyik.
Nəhayət, biz əmin olmalıyıq ki, bu keyfiyyətləri özümüzdə cəmləşdirə bildiyimiz halda, qarşısıalınmaz olacağıq. Biz prosesin lokomotivi olacağıq. Hər gəncin cəsarətli, ardıcıl, inamlı və təşəbbüskar fəaliyyəti on minlərlə həmyaşıdımızın oyanışıdır. Dəyişiklik naminə bu keyfiyyətlərə sahib olaq!

Dəyişiklik üçün dörd keyfiyyət
•