Ötən ilin avqustunda Naxçıvan MR MTN-də müəmmalı şəkildə ölən Turac Zeynalovun həyat yoldaşı Gülnar Ağayevanın internetdə yayılmış videosunu izlədim.
Başına bu cür faciə gəlmiş, əri, qardaşı və ya başqa bir doğması fəci şəkildə ölmüş (öldürülmüş) biri apardığı uzun çarpışmadan sonra qəfildən, oturduğu yerdə heç vaxt qarşısına bir video-kamera qoyub belə sözlər söyləməz və gər söylərsə də, onu internetdə yaymaz. Adama sorarlar: “Axı əzizi ölən sənsən, MTN deyil. Sən nədən üzr istəyirsən?”.
Irtica rejimlərinin hökm sürdüyü, lakin Qərblə mazağlaşırcasına özünü min şəklə salan istənilən fırıldaqçı ölkədə bu cür işlər olur və bunun necə baş verdiyini də hər kəs yaxşı bilir: hədə-qorxu, şantaj, böyük vədlər! Bu qədər bəsit.
Mərhumun xanımı qəfildən üzünü kameraya tutub deyir: “Onun ölüm səbəbinin də xəstəliyi və etdiyi əmələ görə stressdən olduğunu indi dərk etmişəm. Bu yazımı aidiyyəti orqanlara göndərəcəyəm ki, mənim günahlarımı əfv etsinlər”. Turac Zeynalovun atası Şuriyyə Zeynalov isə deyir ki, ona hədə-qorxu gəlirlər. Onu da, övladlarını da az qala hər gün MTN-ə çağırırlar: “Mən də deyirəm ki, oğlumu niyə öldürüblər? Bu işi açın”. Gəlinin geri çəkilməsi onun umurunda deyil: “Gəlinlə mənim nə işim var? Övlad mənimdir. Bu işi açsınlar. Gəlini sadəcə Culfa MTN-i başdan çıxarıb, başını tovlayıblar. Mənim onunla işim yoxdur. Oğlumu niyə öldürüblər?”.
Gülnar Ağayevanın qaynı Ülfət Zeynalov da hər bir azərbaycanlının ağlının kəsdiyi sözü deyir: – Onu nəsə aldadıblar, şirnikləndiriblər. Başqa səbəb yoxdur. (…) Mənə təzyiq etdilər, işdən çıxmaq məcburiyyətində qaldım. Biz başqa bir şey istəmirik. Sadəcə, qardaşımızın haqqını tələb edir, bəraətini istəyirik. Günahı varsa, sübut etsinlər”.
Gülnar Ağayevanın həmin video müraciətində səsləndirdiyi “dəri xərçəngindən ölmə” ilə bağlı qaynı deyir: “Yalandır, özü də ağ yalan. Gülnar kim tərəfindən öyrədilib, bəllidir. Nə oldu, dəri xərçəngi bunu elə dörd günə öldürdü? Turacın nəşinin videogörüntüsü bütün saytlarda yerləşdirilib. Bədənində açıq-aşkar işgəncə əlamətləri var. Bu videonu internetə yerləşdirən də birbaşa Gülnar özüdür. Indi də deyir ki, mən səhvimi başa düşmüşəm”.
Gerçəkdən çox maraqlıdı. Gülnar xanım qəfildən ərinin MTN-də xərçəngdən vəfat etdiyini başa düşüb. Axı xərçəng elə xəstəlik deyil ki, sonradan bir anda “başa düşəsən”. Onu sadəcə başa salmaq olar. Uzmanlar başa sala bilər. Yaxşı, Azərbaycanın onkoloji xəstəxanalarında durum bu qədər yarıtmazkən, əvəzində MTN-də çox asanlıqla xərçəng diaqnozu qoymaq, bir baxışla başa düşmək, başa salmaq imkanı varsa, nədən bu ölkənin vətəndaşlarını min borc-xərclə Türkiyəyə, Irana getmək zorunda qoyurlar? Və ya MTN-də elə bir güclü görücü varsa, nədən o görücü haqda dünyaya məlumat vermirlər ki, insanlar rahatca gəlib bu görücünü görüb dərdini bilsin? Azərbaycan büdcəsi də bundan milyonlar qazansın.
4-5 gün qabaq dostum Zakir Sadatlıyla eyni xəstəliyin şübhələri üzündən Türkiyəyə getdik, 2500 dollarlıq aparatdan keçdik, şükür, şübhələrimiz dağıldı, amma bu şübhənin dağılması bizə 5000 dollara başa gəldi. Olmazdımı ki, dostum Naxçıvan MTN-ə gedəydi və Turacın xərçəngdən öldüyünü bir baxışla müəyyən eləyən o məmurun qəbuluna düşüb, o qədər borca düşməyəydi?
…Gəlin ər evini tərk edib. Ərinin haqqını tələb etməkdən əl götürüb. Özünü günahkar saydığını dilə gətirir, üzr istəyir. Hüquq müdafiəçilərinə böhtan atır… Rejim yuvaları dağıdır, ocaqları söndürür və onun külünü havaya sovuranacan bundan həzz alır. Türkiyəlilər demişkən, film gibi yani… Buradaca dünənki mövzuma dönürəm: bu gün Rüstəm Ibrahimbəyovu topa tutan kino xadimləri bu dramı çəkə bilərmi? Bilməzlər! Çəkə bilməyəcəyiniz filmlər üçünsə Ittifaq qurmağa dəyməz, ağalar!

MTN-də xərçəng görücülüyü
•
•