“Görürlər ki, siyasi durum günbəgün onların əleyhinə dəyişir”
“Rayonlarda xüsusi qüvvələrin yaradılması dəyişikliklərin qarşısını ala bilməz”
Hakimiyyətin xalq üsyanından ehtiyat edərək narazılığın daha çox olduğu bölgələrdə Çevik Polis Alayı yaratdığı barədə ötən saylarımızda məlumat vermişdik. Prosesə Gəncə, Ağcabədi, Bərdə, Mingəçevir və Hacıqabuldan start verildiyi, Lənkəran, Sabirabad, Imişli bir neçə başqa rayonun da növbədə olduğu bildirilir. Adıçəkilən rayon və şəhərlərdə yaradılan Çevik Polis Alayı dəstələrinə əsasən idmançılar götürülür. Hakimiyyətdə belə bir fikir var ki, həmin rayonların hər birində Quba olaylarının təkrarlanması realdır. Ona görə də, indidən ehtiyat tədbirləri görür.
Maraqlısı odur ki, Azərbaycan hökuməti bir tərəfdən vətəndaş cəmiyyəti ilə görüşlərə başlayıb, ölkədə dialoq mühiti yaratmaqla bağlı təşəbbüslərlə çıxış edir, o biri tərəfdən də xalqın narazı olduğu icra başçılarını mükafatlandırır, bölgələrdə Çevik Polis Alayı yaradır. Bəs, bu ziddiyyətli siyasi gedişin kökündə nə dayanır?
AXCP sədrinin müavini Asəf Quliyev hesab edir ki, hakimiyyətin cəmiyyətin ayrı-ayrı qrupları ilə görüşlərə başlaması islahatlara yox, siyasi gərginliyi bir qədər yumşaltmağa hesablanıb: “Elə AXCP sədrinin mühafizəçisi Bəhruz Həsənovun həbsi də göstərdi ki, hakimiyyət imitasiya ilə məşğuldur. Dərk edirlər ki, ölkədəki siyasi durum günbəgün onun əleyhinə dəyişir. Hakimiyyəti əllərində saxlamaq, dəyişikliklərin qarşısını almaq üçün məcburən bu tədbirlərə əl atırlar. Bir tərəfdən icra başçılarını mükafatlandırırlar, o biri tərəfdən rayonlarda polis qüvvələrini artırırlar. Quba hadisələri bunlara dərs oldu. Üstəlik son mitinqlər göstərdi ki, xalq müxalifətin çağırışlarına cavab verir və onun yanındadır. Onu da deyim ki, Naxçıvanda hələ 6 ay bundan əvvəl idmançıları yığıb bu cür qruplar yaradıblar”.
Müsavat başqanının müavini Gülağa Aslanlı deyir ki, hakimiyyətin dialoqa getdiyi və islahatlara başladığı haqda ortada parlaq nümunə yoxdur: “Sadəcə olaraq imitasiya yaradırlar. Bu da hakimiyyətə beynəlxalq təşkilatlar, Azərbaycan müxalifəti tərəfindən olan təpkilərlə bağlıdır. Əslində heç bir islahat yoxdur. Əgər vicdan məhbuslarının buraxılması islahat sayırlarsa, yanılırlar. Əvvəla hələ onların hamısını buraxmayıblar. Ikincisi də, siyasi mənsubiyyətinə görə insanları həbs etmək siyasəti davam edir. Bir sıra rayonlarda xüsusi qüvvələrin yaradılması isə hakimiyyətin olacaq dəyişikliklərin qarşısını almaq üçün etdiyi cəhdlərdir. Amma əbəs cəhdlərdir. Istəsələr də, istəməsələr də, islahatlara getməlidilər. Nə qədər tez başlasalar, özlərinə bir o qədər yaxşılıq etmiş olarlar”.