Qubad İbadoğlu: “Azərbaycan gizli iqtisadiyyatın, gizli məşğulluğun səviyyəsinə görə dünyanın ən pis ölkələrindən sayılır”
Azərbaycanda qeydiyyatdan kənar məşğulluq və əməkhaqqını gizlədilməsinə qarşı dövlət səviyyəsində ciddi tədbirlər hazırlanır. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. Ölkədə ikili mühasibatlıq sisteminin olduğunu deyən S.Müslümov bu problemin hələ də həllini tapmadığını bildirib.
Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev də öz növbəsində ölkədə işçilərin 60 faizinin işə düzgün qəbul olunmadığını, əmək haqqını bir qisminin “konvert”də verildiyini deyib. Bu isə birbaşa vergidən yayınmadır. Iki rəsmi şəxsin bu etirafları ölkədə bu sahədə vəziyyətin yaxşı olmadığını bir daha göstərir.
Gizli məşğulluğun gizli iqtisadiyyatın əsas komponentlərindən biri olduğunu vurğulayan iqtisadçı-ekspert Qubad Ibadoğlu bu sahədə vəziyyətin yaxşılığa doğru dəyişmədiyini deyir: “Gizli iqtisadiyyatın, o cümlədən gizli məşğulluğun səviyyəsi əvvəlki dövrlərlə müqayisədə azalmaq əvəzinə artmaqda davam edir. Baxmayaraq ki, müəyyən dairələrdə, təşkilatlarda gizli məşğulluğun azaldılması istiqamətində təşəbbüslər oldu və bu açılan yeni iş yerlərinin sayına da müsbət töhfə verdi. Amma yenə də Azərbaycan gizli iqtisadiyyatın, gizli məşğulluğun səviyyəsinə görə dünyanın ən pis ölkələrindən biri sayılır”.
Ekspertin fikrincə, gizli iqtisadiyyatın leqallaşdırılması istiqamətində kifayət qədər iş görülməlidir. Amma təəssüf ki, müvafiq orqanların bu sahədə təşəbbüsləri olsa da, nəticə vermir. Çünki gizli iqtisadiyyatın əsasını hökmran mövqeyi olan, birbaşa siyasi hakimiyyətlə bağlı şirkətlər təşkil edir. Ona görə də Əmək Müfəttişliyi və başqa əlaqədar orqanlar, o cümlədən Sosial Müdafiə Fondu, Həmkarlar Təşkilatı nə qədər səylər göstərsələr də, yalnız aşağı səviyyədə təşəbbüslərini reallaşdıra biliblər. Yuxarı səviyyədə isə indiki şəraitdə nəyisə dəyişmək mümkün deyil.
Fizzə