Qurban Məmmədov: “Korrupsiyaya qarşı hansı mübarizdən söhbət gedir”
Dövlət başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında korrupsiya barədə çıxış edib. Prezident korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kampaniya xarakteri daşımadığını və bunun şüurlu seçim olduğunu söyləyib. Bu sahədə tədbirlərin davam etdiriləcəyini qeyd edən dövlət başçısı cəza tətbiq olunmadan keçinməyin mümkünsüzlüyünü bəyan edib.
Bəllidir ki, korrupsiyaya qarşı mübarizə məqsədilə daha çox təhsil və səhiyyə işçiləri cəzalandırılıb. Orta və yuxarı ranqlı məmurlar barədə isə ölçü götürülməyib.
Eyni zamanda, sahibkarların, hüquqi şəxslərin təsisatları barədə informasiyaların gizli saxlanması barədə sərəncam da yuxarıdakı fikirlər qədər maraqlı görünür.
Sözügedən məsələlər barədə açıqlama verən hüquqşünas Qurban Məmmədovun fikrincə, dövlət başçısının dedikləri səmimiyyətdən uzaqdır, çünki Azərbaycanda korrupsiya hələ də davam edir: “Bunun üçün uzağa getmək lazım deyil, Dövlət Reyestr Xidmətinin Baş ərazi təşkilatlarında yoxlama keçirmək kifayətdir. Komissiya yaradılsın və mənim iştirakımla araşdırma aparılsın, görün nə qədər fakt ortaya çıxacaq. Azərbaycanda məhkəmə sistemi bərbad vəziyyətdədir, korrupsiyaya qarşı hansı mübarizədən söhbət gedir? Korrupsiya var və davam edir”.
Q.Məmmədov hüquqi və sahibkarlıq fəaliyyətiylə bağlı məsələlərdə informasiya almağın məhdudlaşdırılmasının beynəlxalq hüquq normalarına zidd olduğunu söylədi: “Bu, demokratiyadan geriyə gediş etmək, vətəndaşların mənafeyinə zidd bir addımdır. Məlum sərəncama görə Ilham Əliyev xalq qarşısında məsuliyyət daşımır, çünki onu xalq seçməyib. Ona görə də xalqla istədiyi kimi davranır. Korrupsiya və informasiya almağa məhdudiyyət hər yerdə, hər sahədə mövcuddur”.
Sosial şöbə


