Əməkdar memar, Bakı Baş Tikinti İdarəsinin müdiri vəzifəsində çalışmış Emil Axundov “Media forum” saytına müsahibəsində şəhərsalmanın ekoloji tələblərindən danışıb.
“Bakıda gözəl işlər görülüb, amma bu işlər bir-biri ilə bağlanmayıb”
Memar qeyd edir ki, Bakıda gözəl işlər görülüb, infrastrukturlar yaradılıb: “Yollar çəkilib, körpülər, yaşıllıqlar salınıb. Gələcəyə, hətta XXI əsrin sonuna uyğun memarlıq abidələri, gözəl obyektlər tikilir. Heydər Əliyev Mərkəzi üçün tikilmiş memorial, bulvardakı mehmanxanalar, rəmzi olaraq alovu xatırladan binalar… Amma bu işlər vahid konsepsiya əsasında bir-biri ilə bağlanmayıb.
Tıxac problemi də kifayət qədər ciddidir. Nə tədbir görülsə də, tıxac aradan qalxmayacaq. Çünki problem mərkəzdən başlanır. Ətraflar qaydaya düşsə də, mərkəz bu dərddən xilas ola bilmir. Yaranın irini nə qədər təmizlənir-təmizlənsin, kökü çıxarılmasa, yenə irinləyir. Bu da ona bənzəyir”.
Emil Axundov şəhərin ekoloji durumunu da ağır problemlər sırasında görür: “Bu gün şəhərdə al yanaqlı uşaq, qadın tapa bilirikmi? Bu göstərici ekologiyanın termometridir…
Ekologiyadan danışanda ilk növbədə demoqrafik tələblər önə çəkilməli, qoyulan normalardan bəhs olunmalıdır. Paytaxtın 1987-ci ildə hazırlanan baş planı 2 milyonluq şəhər üçün nəzərdə tutulmuşdu. İndi isə Bakının 4 milyondan çox əhalisi var. Əvvəllər hər 1000 nəfər üçün 600 bənddən ibarət şərtlər var idi: məktəbdə, teatrda, xəstəxanada hər 1000 nəfərə neçə yer ayrılmalıdır, nə qədər yaşıllıq, su olmalıdır – hər şey müəyyənləşdirilirdi. Plan bu demoqrafik tələblər əsasında hazırlanırdı. Əvvəl bir hektara təxminən 100 adam düşürdüsə, bu gün səkilərdə belə gəzmək mümkün deyil, avtomobil əlindən tərpənmək olmur.
Bütün göstəricilər əvvəldən hesablanmalıdır. Şəhərdə elə məktəb var ki, həddindən artıq yüklənib, eləsi də var ki, heç yarım gün işləmir. Tələbat düzgün paylanmayıb. Mağazalar belə sıralanmamalı, demoqrafik tələbata uyğun paylanmalıdır. Ərazi hədər yerə tutulmamalıdır. Binalar tikiləndə istiqamət düzgün müəyyənləşdirilməlidir. Fontanın yeri, suyun axını belə düzgün seçilməlidir ki, külək olanda problem yaratmasın. Bu meyarlar ekoloqla da razılaşdırılmalı, etirazlar qulaqardına vurulmamalıdır. 50 metr eninə, 50 metr uzununa ərazidə 10 ədəd göydələn tikmək vacibdirmi? Hər binaya 500 sakin, 300 avtomobil düşür. Bu məqamlar əvvəlcədən hesablanırmı? Necə hesablanır? Demoqrafik tələblərin həlli bütün problemlərin həlli deməkdir”.
“Göydələnlərlə Xəzərin önünü kəsmək olmaz”
Emil Axundov deyir ki, memar təklif verə, layihə hazırlaya bilər, amma ekoloji baxımdan qoyulan tələblər başqa mütəxəssislərin işidir: “Dənizin kənarında ucaldılan binalar ekologiyaya xələl gətirirsə, tikilməməlidir. Hər şəhərin öz xüsusiyyətləri var, Bakı məhəllə şəhəridir – göydələnlərlə Xəzərin önünü kəsmək, dənizin qabağını almaq olmaz. Xəzər dərmandır, şəhərin havasını təmizləyir. Sahildən yuxarı pilləkən kimi qalxdıqca hava hər yerə axın etməli, qarşısı kəsilməməlidir. Dənizin önü çəpərlənməməlidir.
Bakının küçələri axşam saatlarında suvuran maşınlarla yuyulurdu, asfalt soyuyurdu. O vaxt Bakıya müalicəyə, şollar suyu içməyə gəlirdilər, küçələrdə nə qədər fontan vardı. Adam cavanlaşırdı bu şəhərdə. İnsanların çöhrəsində sevgi vardı. O Bakı gərək qalaydı.
İndi insanlar depressiyadan, stressdən əziyyət çəkir. Küçədə birindən bir söz eşidən kimi aqressiv oluruq. Evdə eyni əhval-ruhiyyədəyik. Qonşularla qonşuluqdan qaçırıq. Bütün bunlar həm də ekoloji problemlərin nəticəsidir”.
“Ekologiya 5 min ədəd palma əkməklə yaradılmır”
Emil Axundov paytaxtda yaşıllıqların salınması zamanı da nöqsanlara yol verildiyini, bitki və ağac növlərinin düzgün seçilmədiyini deyir: “Ekologiya 5 min palma əkməklə yaradılmır. Maşınlarla ölmüş palmalar yığışdırılır. Bulvarda 4 metr hündürlüyündə kaktus ağacı sınmamaq üçün hər tərəfdən dəmir dayaqlarla bərkidilib, kökü quruyur. Bircə fəvvarələr meydanındakı palma, Əliş Ləmbəranskiyə (Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub – red.) bağışlanmış palma xüsusi qayğı, nəzarətlə bəslənib.
Bu gün şəhərsalmada Bakının xüsusiyyətləri, xüsusən ekoloji prinsipləri nəzərə alınmalıdır. 1969-cu ildə Bakıda 13 min hektar yaşıllıq ərazisi var idisə, 1980-ci illərin əvvəlində bu rəqəm 25 minə yüksəldi. Zeytun bağları salınmışdı. İndi əksər hissələr məhv edilib. Sakinlərə şərait yaradılmalıdır ki, ağaclar qırılmasın”.
Memar bütün yeniliklərin ilk növbədə sakinlərin marağına xidmət etməsini vacib bilir: “Şəhərin problemlərini həll etmək üçün sakinlərlə ünsiyyət saxlanılmalıdır, onların fikri, münasibəti öyrənilməlidir. Əvvəllər Bakı Soveti, deputatlar var idi, yığışırdılar, mövcud problemlər ətrafında müzakirələr keçirilirdi. İndi belə deyil. İcra hakimiyyəti sakinlərlə məsafə saxlayır. Yalnız prezident işləməməlidir. Vahid konsepsiya olmalı, şərtlər qoyulmalı və bir şəxsin rəhbərliyi əsasında iş görülməlidir. Hərə bir iş görməməlidir.
Avropanın 45-dən çox tanınmış memarı Bakıda binalar tikib. Bütün tarixi binaların üzərində kim tərəfindən, kimin vəsaiti hesabına tikildiyi barədə məlumat verilməlidir. Bu gün belə binaların çoxu dağıdılır. Soruşulurmu ki, ay filankəs, nəyi dağıdaq, nəyi saxlayaq, hansının qalması vacibdir, hansı əhəmiyyətlidir? Bu problemlər kabinetdə deyil, birbaşa əhali ilə münasibətdə, ünsiyyətdə həllini tapmalıdır. Bakıda gərək “Bakının sakinləri” televiziyası olsun. Sakinlər dinlənilsin, onların suallarına cavab verilsin. Şəhərin baş planı haqqında heç kimin məlumatı yoxdur. Amma o, ictimaiyyətə təqdim oluynmalıdır, hamı orda nələr nəzərdə tutulduğunu bilməlidir.
Uğurlu addımlar atılır. Amma konsepsiya varmı, bu haqda danışmaq lazımdır. Bakıya şəhəri bilən, onu tanıyan adam rəhbərlik etməlidir. Hər kəs öz mövzusunu bilməli, işinin mühəndisi olmalıdır. Məşhur rus təmsilçisinin dediyi kimi, çəkməçi çəkməsini tikməli, çörəkçi də çörəyini bişirməlidir. Şəhər minadan təhlükəlidir. Mina partladıqda bir nəfəri öldürürsə, şəhərin belə mühiti uşaqların genini məhv edir”.
“Kanalizasiya xətlərini yamamaq yox, yeniləmək lazımdır”
Emil Axundov paytaxtın kanalizasiya sisteminin də müasir tələblərə cavab vermədiyini və yeni su və kanalizasiya xətlərinin çəkilməsini zəruri hesab edir: “Bakının hazırkı demoqrafik tələblərinə görə kanalizasiya sisteminin gücü 15-18 dəfə artırılmalıdır, əvvəllər diametri 1 metr idisə, indi ən azı 3 metr olmalıdır. Bakının kanalizasiya sistemi lazım olan dərinlikdə də deyil. Xüsusilə yağışdan sonra biz kanalizasiyanın spesifik iyini hiss edirik. Hər ikisi – həm su xətləri, həm də kanalizasiya xətləri dəyişdirilməlidir. Yenilənməlidir, yamaqlanmamalıdır.
Su fasilə ilə verilir. Eyni vaxtda hamı kranı açır, suyun axın sürəti artır, kanalizasiya dirəyi çatlayır, zirzəmiyə su sızır, sürüşmə baş verir. Nəmişlik, havasızlıq yaxud düzgün havalanmanın olmamağı bir sıra evlərdə kiflənməyə səbəb olur. Bu da ekoloji problemlərin yaranmasına gətirib çıxarır. Belə hallarda da ekoloji şərtləri ekoloq qoymalı, memarın təklifləri də onunla razılaşdırılmalıdır”.
Memar ekoloji problemlərin həlli üçün bir sıra təkliflər də verir. O, ekoloji problemlərin həllində nizam-intizam qaydaları tətbiq etmək üçün paytaxtda ekologiya polisinin təyin olunmasını, bəzi təhsil müəssisələrində ekologiya kafedraları açılmasını, məktəblərdə ekologiya dərslərinin keçilməsini vacib hesab edir.
Emil Axundov paytaxtın sökülməsi nəzərdə tutulan ərazilərində meşə tipli yaşıllıqların salınmasının daha münasib olduğunu deyir: “5 il bundan əvvələ qədər kim harada istəyirdi, tikinti işləri aparır və tələsik tikib satırdı. İndi buna baxacaqlar. Köçürmə işlərindən sonra əraziyə kompleks şəkildə yanaşılacaq. Bilirəm ki, bu haqda ölkə rəhbərinin göstərişi var. Şəhərin hansı yerlərində meşə tipli yaşıllıqların, hansı yerində parkların salınması müzakirə edilir. İşlər görülür, amma açıq şəkildə, millətin gözü qarşısında olmur. Baş planın nədən ibarət olduğunu bilmirik. Ona görə də gözləmək lazımdır”.


