Şəmkirdə manyaklar peyda olub

Evlərə basqın edilir, xüsusi qaydada qadınlara xəsarət yetirilir

Artıq bir neçə gündür naməlum şəxslər Şəmkir rayonunda evlərə basqın edirlər. Bu barədə məlumatı yerli sakinlər ANS PRESS-in bölgə müxbirinə veriblər. Onların sözlərinə görə, tanımadıqları bir neçə şəxs rayonda və Morul kəndi ərazisində gecə saatlarında evlərə hücum edirlər. Hücum nəticəsində xəsarət alan sakinlərin olduğu deyilir. Məsələ ilə bağlı Şəmkir rayon Polis Şöbəsindən deyiblər ki, hazırda şikayətlər və daxil olmuş məlumatla əsasında araşdırma aparılır.
Qəzetimizin apardığı araşdırma nəticəsində isə bəlli olub ki, evlərə hücum edən şəxslər qrup halında hərəkət edirlər və onların əsas hədəfi qadınlar olur. Artıq 20-yə yaxın evə basqın edilib. Maraqlıdır ki, basqınçılar girdikləri evlərdən heç nə oğurlamırlar.
Yerli sakinlərdən birinin qəzetimizə verdiyi məlumata görə, hücum edənlər ülgüclə ev sahibinin, basqın zamanı qarşılarına çıxanların üzünə çapıq atdıqdan sonra evi tərk edirlər. Morul kəndində hücuma məruz qalanların hamısı eyni xəsarətlə xəstəxanaya müraciət ediblər. Maraqlı məqamlardan biri isə odur ki, ülgücün yeri dərhal şişərək, qızarır. Kənd sakinləri dəstənin bu yolla hər hansı infeksiya yaymasından da ehtiyat edirlər. Hücum edənlər üzlərini gizlətmirlər və kənd əhalisi onları tanımır. Bu isə onu deməyə əsas verir ki, dəstə üzvləri kənd sakinləri deyillər. Yerli sakinlər xarici görkəmlərinə görə hücum edənlərin vəhablər olduğunu ehtimal edirlər.
Dəstənin əvvəlcədən hücum edəcəkləri evi nəzarətdə saxladığı da gümanlar sırasındadır. Belə ki, sonuncu hücumu dəstə ümumiyyətlə gözlənilməyən vaxt edib. Saat 14.00-da Morul kənd sakinlərinin birinin evinə basqın edən dəstə ev sahibəsinin əvvəlcədən tək olduğunu bilib. Dəstə üzvlərindən biri evə daxil olaraq çarpayının altında gizlənib. Elə qadının üzünə çapıq atan da o olub. Silahdaşlarından ikisi isə təhlükə olacağı təqdirdə onu xəbərdar etmək üçün həyətdə qalıblar. Şəxs qadının üzünə çapıq atdıqdan sonra evi tərk edib.
Artıq neçə gündür ki, əksər sakinlər evlərinə girməyərək, polislə  birgə manyakların axtarışına başlayıblar. Yayılan informasiyaya görə, artıq dəstənin dörd nəfər üzvü saxlanılıb.
Sakinlərin sözlərinə görə, polisi çaş-baş salan odur ki, həmin şəxslər evlərə nə kimisə öldürmək, nə də qarət məqsədilə girir. Üstəlik kişilərə toxunmur, ancaq qadınları yaralayır, üzlərində, əllərində iz qoymağa çalışır.
Şəmkir şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəisi Məhərrəm Məmmədov “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, polis heyəti ciddi rejimlə gecə növbələrinə çıxır. Ancaq basqınçıları tutmaq mümkün olmur. İstintaq rəisi ehtimal edir ki, həmin şəxs və ya şəxslər kəndə yaxşı bələddir. İstintaq sirri məqsədilə əlavə açıqlama verməyən M.Məmmədov bildirib ki, sakinlər narahat olmasınlar, bir neçə faktın izi ilə həmin adamların fotorobotunu hazırlayıblar və yaxın günlərdə onları tutacaqlar.

İnformasiya şöbəsi