İlham Əliyevin srağagün nazirlərini başına yığıb keçirdiyi müşavirədə müxalifətin, azad mətbuatın, həqiqi QHT-lərin ünvanına səsləndirdiyi həqarətlərə qıcıqlananları, acıqlananları başa düşürəm. Bəli, doğrudan da, onun hansı haqqı var bunları deməyə? O, bu ölkənin azadlığı, müstəqilliyi, çağdaş, modern, mədəni bir dünya ölkəsi olması uğrunda ömrünün ən gözəl illərini xərcləmiş, min cür məhrumiyyətlərdən keçmiş, keçməkdə davam edən insanlar barədə hansı haqla bu cür aşağılayıcı tonda danışa bilər? Onun bu insanların atılan dırnağı belə olmayacaq, mərifəti yalnız oğurlamağa, qamarlamağa çatan oliqarxları hansı üzlə bu həqarətləri alqışlayırlar?
Bu sualları vermək olar, o həqarətlərə cavab da vermək olar. Həm də necə lazımdırsa!
Amma nə gizlədim, mən Ilham Əliyevi axır ki, siyasi mövzularda danışan gördüyüm üçün bir az sevindim. Bilirsiniz ki, o, çıxışlarında bir qayda olaraq yalnız hansısa yalançı, mövcud olmayan iqtisadi inkişafı mədh edir, çoxlu pullarımızın olmasından danışır, yeni tikilən körpülər, yollar, yeraltı keçidlər onun nitqlərindən qırmızı xətlə keçir. Ilham Əliyev dünyada bəlkə də yeganə dövlət başçısıdır ki, siyasətə nifrət edir, xalqın siyasiləşməsinə qarşı çıxır, hamıdan ancaq ya xanəndə, ya da idmançı olmasını istəyir. Srağagün isə çox nadir istisnalardan biri idi ki, Ilham Əliyev siyasi açıqlamalar da səsləndirdi, o açıqlamaların tonu hər nə qədər təhqiramiz olsa da, bu, yaxşı hal idi. Biz artıq əlahəzrətə çoxlu pullarından, kəsdiyi qırmızı lentlərdən başqa mövzuların da olduğunu izah edə bilmişik, onu bu mövzularda da danışmağa məcbur etməyi bacarmışıq.
Səsləndirdiyi ifadələrə, ifadələrinin tonuna gəlincə, əhəmiyyət vermək lazım deyil. Hətta imkan vermək lazımdır ki, o, elə bu cür də danışmağa davam etsin. Bu yalnız gələcək araşdırıcıların, tarixçilərin işini asanlaşdırır. Onlar həmin nitqlərdən Azərbaycanın bir zamanlar hansı təfəkürlə idarə edildiyini əyani görəcəklər.
Mən sizi Stalinin Kommunist Partiyasının son dəfə iştirak etdiyi (səhv etmirəmsə, 1952-ci ildə) qurultayındakı çıxışını tapıb oxumağa dəvət edirəm. Oxuyun, sonra da Sovetlərin “dahi rəhbər”inin “daxili düşmənlər” barədə dedikləri ilə Ilham Əliyevin “antimilli qüvvələr, elementlər, ünsürlər” haqqında söylədiklərini yan-yana qoyun. Aradan 70 il keçəndən sonra da despotik rejimlərin nə beynində, nə üslubunda heç nəyin dəyişmədiyini görəcəksiniz. Yeganə fərq odur ki, heç olmasa, Stalinin doğmalarının adı qızıl-mızıl şirkətlərində hallanmırdı. Ümumiyyətlə, Azərbaycandakı rejimi heç keçən əsrin azğın, qaniçən diktatura rejimləri ilə də müqayisə etmək olmur, onların bioqrafiyası ən azı korrupsiya-zad məsələlərində daha şəffaf, daha təmiz idi. Bizdəki rejim bu mənada diktaturalardan daha pisdir, daha eybəcərdir, buna nə isə başqa ad tapmaq çətindir. Bəlkə də belə bir ad var, bilənlər varsa bizi – bilməyənləri də xəbərdar etsin.
Indi isə sizinlə bir foto paylaşmaq istəyirəm. Bu fotoda siz Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Həşim bəy Vəzirov, Əli bəy Hüseynzadə, Həsən bəy Ağayev, Üzeyir bəy Hacıbəyov, Süleyman Sani Axundov kimi azman insanlarımızı görürsünüz. Onlar ömürlərini Azərbaycanın sivil bir dünya ölkəsinə çevrilməsi üçün fəda etdilər, çarpışdılar, çalışdılar, məhrumiyyətlərə sinə gərdilər, inanılmaz basqılarla, təhdidlərlə baş, başa qaldılar. Bəlkə bu gün Azərbaycan bir Avropa ölkəsi deyil, amma bir Iran, Əfqanıstan, Özbəkistan da deyil və biz buna görə məhz onlara borcluyuq.
Mən əminəm ki, srağagünkü müşavirədə demokratik qüvvələrin, bu ölkənin vicdanlı, ləyaqətli, duyarlı, fədakar insanlarının ünvanına “Antimilli qüvvələr… Qüvvələr demərəm. Elementlər desəm, daha doğru olar. Yox, ən yaxşısı budur ünsürlər adlandıraq” deyərkən Ilham Əliyev həm də bu foto, bu fotodakılar haqqında danışırdı. Çünki o fotodakıları da əsrin əvvəllərində məhz bu tonda, bu üslubda, bu sözlərlə ittiham edirdilər.
Aradan bir əsr keçib və bu gün onların varisləri eyni ittihamlarla qarşı-qarşıyadır. Bu bəlkə də çox acınacaqlı haldır, amma üzülməyə də dəyməz. Qaranlığa qarşı vuruşanların əbədi həmişəki aqibətidir bu.
Bizdən əvvəlkilər bu aqibəti yaşayıblar, indi biz yaşayırıq, amma imkan vermək olmaz ki, bizdən sonrakılar da yaşasınlar.