Etibar Əliyev
“525-ci qəzet”də Misir Mərdanovla uzun-uzadı, zəhlətökən söhbətin bircə yeri mənə maraqlı gəldi. O da Misir müəllimə ad qoyma ilə bağlıdır. Cənab nazir deyir ki, sən demə, uşaqlıqda ona Arif adını qoyubmuşlar. Balaca Arif tez-tez xəstələndiyindən onu qonşu kənddəki mollanın yanına aparırlar. Molla təklif edir ki, ona Misir adını qoymasanız o beləcə xəstələnməkdə davam edəcək. Valideynləri bunu nəzərə alıb Arif adını Misir adı ilə əvəz edirlər. Gördüyümüz kimi, bu ad cənab nazirə düşdü. O, dekan müavini, təhsil nazirliyində idarə rəisi, təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin rektoru, nəhayət təhsi naziri vəzifələrini tutdu.
Misir Mərdanovla analoqu olmayan 11 irihəcmli söhbətdən sonra “525-ci” qəzetin müxbiri Pərvin xanım Pedaqoji Universitetin rektoru AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədovla söhbətləşib. Müxbir xanımın rektora verdiyi 16 sualda Misir Mərdanovun adı düz 18 dəfə, Yusif müəllimin isə suallara cavabında nazirin adı düz 42 dəfə çəkilib.
Universitet rektorları içərisində insafən Yusif müəllimin adı yaxşıya çəkilir. Guya o, Universitetdə rüşvətin kökünü kəsib, imtahanları kompüterlə aparır, Universiteti sürətlə Boloniya prosesinə qoşur, onun qapısı hamının üzünə açıqdır və s. Yusif müəllimin universiteti bu rektorla, bu müəllimlərlə, bu tələbələrlə, bu adminstrativ heyətlə Boloniya prosesinə qoşula bilməz. Əgər bu ali məktəbin rəhbərliyi kompüterlə imtahan götürməyi böyük islahat sayırsa, onda Boloniya prosesinin şərtləri düz yazılmayıb. Əlavə və dəyişikliklərə ehtiyac var.
Nəhayət, Yusif müəllimin böyük alimliyi haqqında söz-söhbətlər gəzir. Onda Gelfand, Arnold, Alfyorov, Fomenko kimdir? Hanı Yusif müəllimin özünün dediyi kimi həm elmi, həm də tətbiqi baxımdan ciddi əhəmiyyət kəsb edən işləri? Hanı onun riyaziyyat məktəbi? Hanı onun kitabları, dərslikləri? Dünyada böyük elmi adlar daşıyan alimlərin elmi işləri ilə yanaşı, müsahibələri və məqalələri xüsusi diqqətlə izlənilir. Bu söhbətlərdə cəmiyyəti, fərdi, dövləti düşündürən problemlər qoyulur, onların həlli yolları göstərilir. Sonra bu söhbətlər dünyanın müxtəlif dillərinə tərcümə olunur ki, baxın, bizdə belə mütəfəkkirlər var. Azərbaycanda yüksək elmi dərəcə daşıyan insanların müsahibə və məqalələri Biləcəridən o tərəfə keçmir. Vətəndə isə lağlağıya çevrilir. Bunun da səbəbləri var. AMEA-nın müxbir üzvü, professor olan birisi müsahibəsində nazirin adını 42 dəfə çəkir. Nazirin elmi və təhsil fəaliyyətindən bir dənə də olsun pozitiv nümunə gətirə bilmir. Bütün bunlar bir yana nazirlə bir səfəri ilə bağlı görün nələri deyir:
“Bir maraqlı məqam da yadıma düşür. Deməli, Londonda bir az boş vaxtımız vardı, mağazalara baxırdıq. Təbii ki, xaricdə olanda hər kəs geyim, pal-paltar, ayaqqabı mağazalarına girib özünə keyfiyyətli, brend firmalardan nələrsə almaq istəyir. Biz də hamımız özümüzə uyğun kostyum-filan axtarırdıq. Amma Misir müəllimin unikallığı, fərqi burda da özünü göstərmişdi. O, ümumiyyətlə, kostyuma, geyimə baxmadı. Bilirsiz nə aldı özünə? Üç-dörd sabun… (gülür)… Deyir, buranın sabunları ekoloji təmizdir, ona görə alıram”.
Müxbir: Burada balaca bir fəlsəfə var, Yusif müəllim. Bu onu göstərir ki, Misir müəllim bər-bəzəyin yox, təmizliyin tərəfdarıdır.
Yusif Məmmədov: (Gülür) Tamamilə haqlısız. Bu hadisəni heç unutmuram və ailəmdə də fərqli ağıla, dərin düşüncəyə malik Misir müəllimdən misal gətirirəm.
Belə təfəkkürə sahib olan insandan yaxşı riyaziyyatçı ola bilərmi? Hörmətli Yusif müəllim, akademik olmayan da bilir ki, tərkibi kimyəvi maddə olan sabunun ekoloji təmizliyindən yox, başqa cəhətlərindən danışırlar.
Dünyanın hər yerində güclü alimlər elmin xatirinə vəzifələrdən qaçırlar. Bizdə isə vəzifə tutaraq elmdən danışırlar. Bizdə elm Məşədi Ibadın hambalı funksiyasını yerinə yetirir. Onun üstünə dırmaşıb harasa boylanırlar. Elmin cüssəsi də elə o hambalın cüssəsinə bənzəyir.
Yeri gəlmişkən, Yusif müəllim həm də Bakı Dövlət Universitetində Riyazi-fizika tənlikləri kafedrasının müdiridir. Həmin kafedranın müəllimlərindən birinin söylədiyinə görə, Yusif müəllimi son bir neçə ildə kafedrada görən olmayıb. Neçə-neçə qanun pozuntusu, bir neçə yerdən əməkhaqqı… Bunların müqabilində isə yaxşı rektor və yaxşı insan imici. Gözəl cəmiyyətdir, elə deyilmi, Yusif müəllim!
Sonda Yusif müəllimin “Misir müəllim çox iti ağıla, incə yumora malik insandır” fikrinə bircə cümlə demək istəyirəm. Ölkənin üzdə olan bir alimi, rektoru lağlağını, ələ salmaqlığı yumordan seçə bilmirsə, bu da çox pis haldır.