“Həbsim barədə plan olduğunu mənə demişdilər”

İntiqam Əliyev: “Sanki bunları türklər üçün bizim müstəntiq-prokurorlarımız yazıb”

Türkiyənin Bakırköy Sülh Cinayət Məhkəməsindən və Bakırköy Asliye Məhkəməsindən Azərbaycanın hakimiyyət orqanlarına tanınmış hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyevlə bağlı müraciətlər daxil olub. Həmin müraciətlərdə yerli məhkəmələrdən Bakırköy Cümhüriyyət Prokurorluğunun I.Əliyev barəsində qaldırılan cinayət işinin materiallarının ona təqdim olunması və elan olunan ittihamlarla bağlı zəruri prosessual hərəkətlərin həyata keçirilməsi istənilir.
Hüquqşünasa təqdim olunan sənədlərdən bəlli olub ki, ötən ilin dekabrında Türkiyənin prokurorluq orqanları ona qarşı Türkiyə Cinayət Məcəlləsinin üç (hədə-qorxu gəlmə, təhqir və məmurun vəzifəsini icra etməsinə mane olma) maddəsilə cinayət işi qaldırıbmış.
Xatırladaq ki, I.Əliyev ötən ilin dekabrında ATƏT-in xarici işlər nazirlərinin sammiti ərəfəsində vətəndaş cəmiyyəti təmsilçilərinin görüşündən qayıdanda Istanbul aeroportunda gömrük işçisilə aralarında polis məmurunun kobudluğuna etirazından dolayı mübahisə yaranmış, nəticədə hüquqşünas zorakılığa məruz qalmış və bir gün həbsdə saxlanıldıqdan sonra ertəsi gün deportasiya edilmişdi.
Türkiyənin müvafiq qurumlarının Azərbaycanın sayılıb-seçilən hüquqşünaslarından birinə qarşı baş verən özbaşınalıqları araşdırıb günahkarları cəzalandırmaq əvəzinə, I.Əliyevin özünə qarşı cinayət işi qaldırması xeyli suallar yaradır. Bu suallara elə Intiqam müəllimin özü ilə aydınlıq gətirməyə çalışdıq:

“Bu, mənə azadlığım hesabına başa gəlsə də…”

– Ittihamnamədə göstərilib ki, guya mən ötən dekabrın 6-da aeroportda polis kontrolundan keçərkən polis məmuru Hüseyn Kunta “emele” (hambal) deyib onu təhqir etmişəm, “Sizin qarşınızdakı emele yox, dövlət məmurudur” iradına isə, “Mən bu ölkədə bütün millət vəkillərini tanıyıram, hamınıza göstərəcəyəm kim olduğumu, süründürəcəm sizi..” cavabını vermişəm. Buna görə təyyarə biletim ləğv edilib, barəmdə deportasiya qərarı çıxarılıb. Kunt şikayətçi olduğundan deportasiya edilməyimə dair işləri yerinə yetirərkən, məni Xray cihazından keçirdikləri zaman telefonla danışdığım üçün onu qapatmağı xahiş ediblər, mən isə “Sizə hesab soracağam, polislər məni döyürlər, adam öldürürlər” deyə bağırıb, sağa-sola yumruq atmışam, onlara müqavimət göstərmişəm, masaya yumruq vurmuşam, polislərə həqarət etmişəm. Bir sözlə, eynilə bizdəki kimidir. Sanki bizim müstəntiq-prokurorlarımız yazıb bu sənədləri türk həmkarları üçün.
Yzılanların yalan olduğunu deməyə məncə, ehtiyac yoxdur. Hadisə baş verən gün də “emele” ilə bağlı ittihamlara cavabımda demişəm ki, mən türkcə bu sözün nə olduğunu heç bilmirəm. Ittihamnamədə mənə sırınan ifadələrin heç birini işlədə bilməzdim: ən azı ona görə ki, tərbiyəm buna yol verməz. Amma bunları işlətsəydim və hətta masaya yumruq vursaydım belə, buna tam haqqım var idi. Çünki bir qoçu o boyda aeroportun içində, yüzlərlə adamın, o cümlədən onlarla polisin, təhlükəsizlik əməkdaşlarının qarşısında mənə qarşı heç bir əsas vermədiyim halda zorakılıq edib. Mənim Türkiyənin millət vəkillərindən heç biri ilə şəxsi tanışlığım yoxdur, heç kəsi onların qarşısında süründürmək barədə hədələməmişəm. Amma polis adını daşıyan o qoçuları (hansı ölkədən və hansı vəzifənin sahibi olmasından asılı olmayaraq) ədalət mühakiməsi qarşısında süründürmək fikrim var ki, bir də heç kəsə – türkə, azərbaycanlıya, hüquqşünasa, jurnalistə, adi vətəndaşa qarşı qələt edib o hərəkəti eləməsinlər. Hətta bu, mənə öz azadlığım hesabına başa gəlsə belə…

“Azərbaycanda hüquq müdafiəsilə məşğul olan bilməlidir ki, hətta öldürülə də bilər”

– Sizcə baş verənlər nədir: sifariş, yoxsa polis özbaşınalığı?
– Dekabrın ortalarında təhqir olunmağım, zorakılığa məruz qalmağımla əlaqədar cinayət işinin qaldırılması, həmçinin günahkarların məsuliyyətə cəlb olunması tələbi ilə şikayət vermişik. Mənə qarşı fiziki zorakılıq faktını təsdiqləyən ekspertiza rəyinin surəti də iş materiallarına əlavə edilib. Çox böyük çətinliklərdən, o cümlədən beynəlxalq qurumların işə qarışmasından sonra aeroportdakı kamera görüntülərinin az bir hissəsini əldə edə bilmişik. Hətta tam olmayan həmin görüntülər belə ittihamnamədə yazılanların ağ yalan olduğunu, cinayət işinin materiallarının saxtalaşdırıldığını aydın göstərir. Amma Türkiyənin prokurorluq orqanları, onların ardınca isə məhkəmələr bizim bütün şikayətlərimizi rədd edib.
Dekabrda bu hadisədən dərhal sonra Azərbaycanın siyasi partiyalarının, onlarla yerli və beynəlxalq nüfuzlu təşkilatların Türkiyə hökumətinə, o cümlədən müvafiq qurumlara müraciətləri olub. Türkiyənin Milliyyətçi Hərəkat Partiyası mənə qarşı zorakılıq faktı və deportasiyamla bağlı daxili işlər naziri tərəfindən cavablandırılması tələbilə Türkiyə Böyük Millət Məclisinə rəsmi sorğu göndərib. Bunların nəticəsiz qalması bir tərəfə, üstəlik, barəmdə açıq-aşkar saxta ittihamlarla cinayət işi qaldırılır və ötən 8 ayda nə özümə, nə də türkiyəli vəkillərimə bu barədə hər hansı məlumat verilmir. Mənə qarşı qanunsuzluq edən, zorakılığa yol verən bütün polisləri dindirirlər, əleyhimə yalan ifadələr alırlar, həmin ifadələr üzərində ittiham qururlar, məndən isə ifadə almırlar.

– Deyəsən, Siz də bu fikirdəsiniz ki, aeroportda baş verənlər əvvəlcədən düşünülmüş təxribat idi…
– Əslində, həbs olunmağım barədə planın olduğunu elə həmin vaxt mənə söyləmişdilər. Plana əsasən, provakasiya təşkil olunur, mən tutuluram, barəmdə cinayət işi qaldırılır və polisə müqavimət ittihamı ilə bir neçə il azadlıqdan məhrum edilirəm. O zaman hadisədən dərhal sonra az qala, bütün ölkənin müdafiəmə qalxması, beynəlxalq təşkilatların, o cümlədən Türkiyə və Istanbul Vəkillər Kollegiyasının dərhal prosesə müdaxiləsi, hadisənin ictimailəşdirməsi plana mane oldu. Görünür, planın müəllifləri belə reaksiya və təpki gözləmirdilər. Amma o da görünür ki, bu ideyadan imtina etməyiblərmiş…
Azərbaycan kimi ölkələrdə insan haqlarının müdafiəsilə məşğul olan bilməlidir ki, təhqir oluna, döyülə, hətta öldürülə bilər. Mən hökuməti sərt tənqid edən vətəndaş cəmiyyəti təmsilçilərindənəm. Buna da hökumət özü yetərincə əsas verir – dövlət idarəçiliyi səviyyəsinə qaldırılmış korrupsiya, təhsilin, mədəniyyətin məhv edilməsi, vətəndaşların azad seçkinin keyfini dadmaq haqqından məhrum edilməsi, mediaya, siyasi partiyalara, demokratik institutlara sistemli təzyiqlər, Elmar Hüseynovun, Rafiq Tağının qətli, siyasi baxışlarına görə zindanlara atılan siyasi məhbuslar və s. addımlarla…
Bu baxımdan hökumətin məni və eyni cəbhədə olduğum dostlarımı sevməmək üçün ciddi əsasları var.
Azərbaycan hakimiyyətinin hansı yol tutduğu çoxdan bəllidir, Türkiyənin hökumət orqanları, polisi, prokurorluğu, məhkəməsi də cinayətkarları himayə etməyə başlayıbsa, bu, çox təhlükəlidir. Əgər bu ölkənin prokurorluq və məhkəmə orqanlarında artıq sifarişlər keçərlidirsə, bu, çox qorxunc tendensiyadan xəbər verir.

Türkiyə də Azərbaycanın yolunu gedir?

– Yəni, Avropa Birliyinin üzvü olmağa iddialı Türkiyə də Azərbaycanlaşır?..
– Bir çoxları deyir ki, “biz dəfələrlə o aeroportdan keçmişik və heç vaxt problemimiz olmayıb”. Mənim də yolum dəfələrlə o məkandan keçib və 2011-in dekabrına qədər hər hansı problemlə rastlaşmamışam. Amma bu dəfə haqsızlığa etiraz edən kimi bəlli oldu ki, təbəssümlü sifətlər bir anın içində necə dəyişir, öz haqqını qorumaq fikrinə düşdüyünə görə insanı yumruq-təpik altına salırlar… Haqlarımı tələb etməyimə –  vəkil istəməyimə, şikayəti təqdim etmək istəyimə, aeroportun içində əlim qandallı aparılmağıma etirazıma, işimlə bağlı sənədləri tələb etməyimə lap bizdəki kimi reaksiya verilməsi məni o vaxt şoka salmışdı. Bir vəkilə, hüquqçuya, başqa ölkənin vətəndaşına hamının gözü qarşısında bu cür zorakılıq ola bilirsə, öz haqlarını bilməyən və onları qorumaq imkanı olmayan insanların halını düşünmək o qədər çətin deyil.
Azərbaycandakı vəziyyət bəlli. Türkiyə də eyni yolu gedir. Türkiyənin vətəndaş cəmiyyəti artıq çoxdandır həyəcan təbili çalır ki, o bir polis dövlətinə çevrilməkdədir. Azərbaycan cəmiyyəti səsini o səslərə qatmalıdır.

Aytən Məmmədova