“Bu saxta hökm çıxaran hakim cəzaladırılmalıdır”
Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi AXCP sədrinin müfaizəçisi Bəhruz Həsənovun həbsi ilə bağlı etiraz bəyanatı verib. Bəyanatda deyilir:
«Suraxanı rayon Məhkəməsinin Bəhruz Həsənovun 10 sutka azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxaran hakimi cinayət məsuliyyətinə cəlb olunmalıdır. Hakimin Bəhruz Həsənovla bağlı çıxardığı qərar qanunsuzdur və ona Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə cinayət işi açılmalıdır.
AXCP sədrinin mühafizəçisinin küçədə mülki geyimlilər tərəfindən (sonradan onların polis olduğu bəlli olub) oğurlanaraq, polisə, oradan da məhkəməyə aparılması, ona saxta ittiham irəli sürülməsi, məhkəmədə hakimin qərar çıxararkən heç bir dəlilə söykənməməsi bu işin qurama olduğunu göstərir.
Mərkəz Azərbaycan hakimiyyətinin siyasi müxalifətə qarşı repressiv münasibətdən çəkinməyə, insan hüquq və azadlıqları ilə bağlı ABŞ Dövlət Departamenti başda olmaqla, beynəlxalq hüquq müdafiə təşkilatlarının tənqidlərindən nəticə çıxarmağa çağırır.


