“İlham Əliyev öz vəziyyətinin çıxılmaz olduğunu dərk edir”

İsa Qəmbər də ölkə başçısının müxalifətə ittihamlarını komandasında narahatlığı aradan qaldırmaq cəhdi sayır

Ölkə başçısı İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasında müzalifətin ünvanına səsləndirdiyi ittihamlara Müsavat başqanı İsa Qəmbər də cavab verib. İ.Qəmbər “Azadlıq” radiosuna deyib ki, bu, indiki rejimin vətəndaş cəmiyyətinə, demokratik qüvvələrə münasibətinin aydın təzahürüdür. Onun sözlərinə görə, hakimiyyətdə olduğu illərdə İlham Əliyev dəfələrlə müxalifəti «vətən xaini» və sair ittihamlarla «mükafatlandırıb». İndiki mərhələdə isə bu, İlham Əliyevin özünün və hakimiyyətinin vəziyyətinin çıxılmazlığını dərk etməsinin təzahürüdür: «İlham Əliyev anlayır ki, baş verənlər, dünya miqyasında və Azərbaycanda gedən proseslər hakim dairələrdə çox narahatlıqla izlənilir. O növbəti dəfə belə ağır ittihamlarla çıxış etməklə öz ətrafına mesaj vermək istəyir ki, narahat olmayın, heç nə dəyişmir və dəyişməyəcək. Hər şey əvvəlki kimi olacaq. Ancaq bu, həqiqətə uyğun deyil».
İsa Qəmbər fikrini əsaslandırmaq üçün diqqəti bu yaxınlarda qəbul olunan sabiq prezidentlər və onların ailə üzvlərinin təminatını nəzərdə tutan Konstitusiya qanununa yönəldib. O, deyib ki, əslində həmin qanun İlham Əliyevin özünün təminatı üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bunun belə olduğu bir sıra nüfuzlu xarici media orqanlarında – «Associated Press», «Washington Post»da qeyd olunub. Ona görə də İlham Əliyevin nə deməsindən asılı olmayaraq İsa Qəmbər Azərbaycanda köklü demokratik dəyişikliklər uğrunda mübarizəni davam etdirəcəklərini və bu fəaliyyətin uğurla nəticələnəcəyinə əmin olduğunu bildirib.