Əliyevin absurd ittihamlarına Kərimli sarkazmla cavab verdi

aliyev-kerimli3“O, düz deyir, Azərbaycanın 2.5 milyardlıq qızıl yatağını övladlarımın adına rəsmiləşdirən də mənəm”

Ölkə başçısı İlham Əliyev iyulun 11-də keçirdiyi Nazirlər Kabinetinin iclasında müxalifətin ünvanına bir sıra ittihamlar səsləndirib. O, müxalifətçiləri anti-milli olmaqda, Azərbaycan əleyhinə fəaliyətdə suçlayıb, onların ünvanına “xəyanətkarlar”, “satqınlar” kimi ifadələr işlədib.
İlham Əliyev iclasda Bakıda keçirilmiş «Eurovision» müsabiqəsindən danışaraq, həmin vaxt “gözlənilməz kampaniya” ilə üzləşdiklərini deyib və buna görə müxalifəti günahkar bilərək ittihamlara keçib.
«İnkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, – bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar…
Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar – milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr», – deyə o, bildirib.
Bu ittihamlar nə qədər absurd səslənsə də, hər halda onlara müxalifət adından cavab almağa qərar verdik. Bu məqsədlə müraciət etdiyimiz AXCP sədri Əli Kərimlinin cavabı sarkazmla oldu. Əli Kərimlinin cavabını olduğu kimi təqdim edirik:
“Əlbəttə, İlham Əliyev düz deyir. «Eurovision» ərəfəsi məhz bizim irimiqyaslı korrupsiyamız Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi. Azərbaycanın 2.5 milyard dollarlıq Çovdar qızıl yataqlarını övladlarımın adına rəsmiləşdirən də mən idim. Boynuma alıb, etiraf edirəm: Azərbaycanda son qırx ildə hakimiyyətdən qırx əllə yapışıb, hakimiyyətə heç kimi buraxmayan, Konstitusiyanı ayaqları altına alan da bizim sülalədir.
«Eurovision» üçün kompleksin tikintisinə cəlb olunan şirkətlər də müxalifətə aid şirkətlər idi, İlham Əliyevin burda heç bir suçu yoxdur. Dubaydakı vilalar da onun yox, bizim övladlarımıza aiddir. Ümumiyyətlə, baş verənlərin hamısı biz müxalifətin anti-milli fəaliyyətinin nəticəsidir ki, «Eurovision» ərəfəsində BBC, «Şpigel», «Guardian», «Daily Telegraph», «Washington Post», «New York Times» kimi dünyanın nüfuzlu media orqanları biz müxalifətçilərin korrupsiyasından danışırdı.
Biz günahkar idik ki, Azərbaycanı gözdən salmaq üçün əqidə dostlarımızı qəsdən həbsdə saxlayırdıq, onları azad etmək istəmirdik. Ona da biz məsuliyyət daşıyırıq. Azərbaycanda «Azadlıq», «İstefa» deyən adamların ağzını tutan mülki geyimlilər də bizim adamlar idi. Biz bunların hamısını qəsdən etmişdik ki, Azərbaycan nüfuzdan düşsün. Bütün bunlara görə İlham Əliyevin məsuliyyəti yoxdur.
Onun dediklərinin hamısı doğrudur. Biz anti-milliyik. 1994-cü ildə atəşkəsə qədər Azərbaycana gələ bilməyənlər də biz olmuşuq. Həmin müddətdə İlham Əliyev cəbhə bölgəsində, səngərdə olub. Azərbaycanın torpaqlarını erməni müdafiəsindən qoruyan 33 batalyonu da biz ləğv etmişik, onun atası Heydər Əliyevin bunda heç bir rolu olmayıb.
Ona görə də o, dediklərinin hamısında haqlıdır. Doğurdan da Azərbaycan müxalifəti baş verənlərin hamısına görə məsuliyyət daşıyır».

Xəyal