Həbsxanada ölən islamçının dəfnində izdiham

aip-muavin-defnVaqif Abdullayev “Biz ölərik, zülmə boyun əymərik” şüarı altında dəfn olundu (FOTOLAR)

“Onunla ailəsinin görüşünə icazə verilməməsi, bu ağır vəziyyətdə azad edilməməsi qeyri-humanist addım idi”

Azərbaycan Islam Partiyası (AIP) sədrinin təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev ötən gün Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. Mərhumun nəşi Əhmədli məscidində yuyulduqdan sonra ailəsi cənazəni Xətai rayonu, Babək prospekti 13 ünvanındakı evinə gətirdi. Dəfn mərasimi saat 16:00-a təyin olunmuşdu…

“Bu cəza qanunun məqsədlərinə yox, qisasçılıq prinsipinə xidmət etdi”

Ötən gün həmin ünvana gedəndə saat 16-ya az qalmışdı. Həyətdə mağar qurulurdu. Qarşımıza çıxanlardan öyrəndik ki, mərhum saat 17-də torpağa tapşırılacaq.
Mağarın yanında isə AIP sədrinin müavinləri, üzvləri, dindarlar, dost-tanışlar dayanmışdı.
Partiyanın siyasi məsələlər üzrə müavini Akif Heydərliyə yaxınlaşıb çəkiliş aparmaq istəyimizi bildirdik. Haradan gəldiyimizi soruşduqdan sonra çəkiliş üçün heç bir problem olmadığını dedi.

Çəkiliş aparandan sonra yas yerində olan vəkil Anar Qasımlı ilə söhbət edirik. Vəkil Vaqif Abdullayevə qarşı sərgilənən münasibətin humanizm prinsiplərindən kənar olduğunu deyir: “Sonuncu dəfə onunla mən görüşdüm. Ilk dəfə idi ki, görüşə gələ bilmədi. Mənə dedilər ki, ayağa qalxa bilmir. Təkid etdikdən sonra məni içəri – palataya buraxdılar. Orada görüşdük. Probleminin nə olduğunu bilirdi. Həkimdən diaqnoz istədim ki, səhhəti ilə bağlı vəsatətə əlavə edim. Həkim diaqnozun iki günə hazır olacağını dedi”.

Anar Qasımlı deyir ki, Hətta Vaqif Abdullayev ən qatı cinayətkar olsaydı belə həmin vəziyyətdə evə buraxılmalı idi: “Çox təəssüf ki, ona ailə üzvləri ilə görüşə belə imkan verilməyib. Baş verən olay ölkənin imici və məhkəmə sistemimiz üçün başucalığı gətirməyəcək. Baş verənlər ona qarşı haqsızlıq idi. Bu cəza qanunun məqsədlərinə yox, qisasçılıq prinsipinə xidmət etdi”.
“Hökumət AIP funksionerini azadlığa buraxmamaqla onun səhhətinə qarşı laqeydlik göstərdi. Dünən (iyulun 11-də) qızı zəng edib dedi ki, onlara məlumat veriblər ki, vəziyyəti pisdir, gəlin. Gediblər, ancaq görüş verməyiblər. Deyiblər sabah görüş veriləcək, sabah da belə…”.

“Vaqif Abdullayev əqidəsi uğrunda öz canından keçdi”

“Ailəsi onunla görüşə getsə də icazə verilməyib. Belə vicdansızlıq olmaz” – bu sözləri yas yerində iki dindarın söhbəti zamanı eşitdik. Onlara yaxınlaşıb bu olayın təfərrüatlarını öyrənməyə çalışdıq. Onların sözlərinə görə, ailəsinə zəng olunan zaman onlar Sumqayıtda olublar: “Ailəsi Sumqayıtdan Bakıya gələnə qədər müəyyən vaxt keçib. Həm də tələm-tələsik çıxdıqları üçün şəxsiyyət vəsiqələrini götürməyiblər. Bunu bəhanə edib görüşə icazə verilməyib. Halbuki üç gün əvvəl ailəsi onunla görüşdə olub. Nəzarətçilərə bildiriblər ki, kitabçada adları, şəxsiyyət vəsiqələrinin nömrələri var. Kitabçaya baxa bilərdilər. Ancaq yenə də icazə verilməyib. Insan ölüm ayağındadır, vəsiyyət etmək istəyir, ancaq heç kimi yanına buraxmırlar. Əslində belə bir vəziyyətdə nəinki görüşə icazə verilməli, məhbusu evinə buraxmalı idilər. Heç olmasa evində dünyasını dəyişsin…”.

Akif Heydərli ilə söhbət edirik. O deyir ki, bu ayın 5-də Vaqif Abdullayevdə qan xərçəngi olduğu aşkar edilib: “O həbs olunan zaman vəziyyəti yaxşı deyildi. Vəkili bunu dəfələrlə məhkəmənin diqqətinə çatdırmışdı. Ancaq buna baxmayaraq ona 11 il cəza kəsildi”.
“Vaqif Abdullayevlə ailəsinin görüşünə icazə verilməməsi, bu ağır vəziyyətdə onun azad edilməməsi qeyri-humanist addım idi. Heç bir halda bizə başucalığı gətirə bilməz”, – deyə Akif Heydərli vurğuladı.

AIP-in sədr əvəzi Elçin Manafov jurnalistlərə açıqlamasında Vaqif Abdullayevin ölümü ilə bağlı hər hansı sözə ehtiyac olmadığını söylədi: “Çünki Vaqif Abdullayev şəhidlik və mübarizlik nümunəsidir. Xoş halına ki, mübarizə uğrunda dünyasını dəyişdi. Vaqif Abdullayev adi yataqda yox, məhz mübarizə meydanında dünyasını dəyişdi. Vaqif Abdullayev əqidəsi uğrunda canından keçdi. O, bizim üçün gözəl nümunələrdəndir”.

Polisin müşayiəti, qaldırılan plakatlar və şüarlar

Saat 17-yə yaxınlaşdıqca mərhumu son mənzilə yola salmaq üçün gələnlərin sayı artırdı.
Cənazəni mənzildən aşağı düşürəndən sonra Hacı Vaqif Abdullayevin cənazə namazı qılındı.
Meyit aparan maşına cənazəni qoymaq istəyəndə möminlər razı olmadı. Cənazəni yola qədər çiyinlərində aparmaq istədilər və buna nail oldular. 300-dən çox insanın iştirakı ilə cənazə “Allahu Əkbər!”, “Biz ölərik, zülmə boyun əymərik”, “Qanunsuz yerə möminləri, hicab şəhidlərini zindana salanlara Allah lənət etsin” şüarları ilə aparıldı. Bundan başqa, Azərbaycan bayrağı, AIP-in bayrağı, AIP sədri və onun müavinlərinin, eləcə də həbsdə olan dindarların şəklini özündə əks etdirən plakatlar qaldırıldı.
Ərazidə bir neçə polis maşını vardı. Ancaq cənazəni aparanda onlar yolun əks tərəfinə geçdilər.

Cənazə maşına qoyulduqdan sonra Hövsan qəbiristanlığına doğru hərəkət etdi. Polislər də qatar şəklində uzanan maşınları təxminən 10 dəqiqə müşayiət etdikdən sonra qayıtdılar.
Dəfndə də mərhumun ünvanına dualar oxundu, dindarları həbsə atanlara lənət söylənildi. Burada da bayraqlar və plakatlar qaldırılmışdı.
Vaqif Abdullayevi anasının yanında torpağa tapşırdılar.

***

Bir müddət öncə Vaqif Abdullayevin qan nümunələri Onkoloji xəstəxanaya göndərildikdən sonra məlum olub ki, AIP funksionerinin qanında xərçəng xəstəliyi var. Həkimlər onun qapalı şəraitdə saxlanılmaması barədə rəy versələr də, buna əməl edilmədi…

 

Ramin DEKO