Əvvəlcə maraqlı saydığım bir hekayəni sizinlə bölüşmək istəyirəm. Onun müəllifini – ingilis yazıçısı Herbert Uellsi əksəriyyət uşaqlıqdan tanıyır. Çox məşhur fantastik əsərlərin müəllifidir, üstəlik, onun əsərlərinə çoxlu filmlər çəkilib və uşaqlar bu filmləri sevərək izləyirlər. Amma ona uşaq-muşaq yazıçısı kimi baxmayın. Adam Eyntşteyndən 10 il öncə bizim məkan-zaman reallığının dördölçülü olduğunu söyləmişdi. Söyləmişdi kəlməsi o qədər yerinə düşmür, daha doğrusu, “Zaman maşını” əsərində bunu fantaziya etmişdi.
Yeri gəlmişkən, uşaqlarınız üçün bu yazıçını kəşf etməniz əla olardı. Amma indi keçək onun paylaşmaq istədiyim hekayəsinə…
…Hekayədə deyilir ki, hansısa kontorda işləyən avam bir gəncə qeyri-adi bacarıq verilir. Nə istəyirsə, o da baş verir, arzuları dərhal yerinə yetirilir. Bu bəxtəvər gənc isə bir gecə içib sərxoş olur, amma səhərə yaxın evə çatmamaq üçün gecənin uzanmasını istəyir. Dostu ilə bunun yolunu fikirləşirlər. Əvvəlcə bütün göy cisimlərini dayandırmağı düşünürlər. Hər halda buna cəsarət etmirlər. Sonra Ayın hərəkətini saxlamaq istəyinə düşürlər, lakin sonda Yerin fırlanmasını dayandırmaq qərarına gəlirlər. Qoçaq oğlan əmr verir və görmədiyi, gözləmədiyi bir vəziyyətlə rastlaşır. Dərhal dəhşətli külək başlayır və bu külək hər şeyi uçurub dağıdır, elə həmin oğlanı da bir çalaya atır.
Bu külək təkcə Helbert Uellsin fantaziyası deyil. Elmə görə də Yerin fırlanması dayansa, ətalət küləyi onun üzərində nə varsa qabağa sıçradar. Həmin külək bizim bildiyimiz güclü tufanlardan qat-qat sürətli olardı. Elm yəqin edir ki, biz bu küləyi Yer fırlandıqda da hiss etməliyik, sakit havada avtomobildə gedərkən hiss etdiyimiz külək kimi. Amma Yerin atmosfer qatı da onunla birlikdə hərəkət etdiyindən həmin külək yaranmır. Biz o cür küləyi yalnız Yer dayandıqda hiss edə bilərik. Uellsin hekayəsində olduğu kimi.
Amma bu hekayədə əsas ideya Yer və onun fırlanmasında, yaranan küləkdə deyil. Bax, bu balaca hekayə bütün dünyada şeylərin öz axarını dayandırdıqda, funksiyasını itirdikdə faydalı olmaqdan çıxıb ziyanlı hala keçməsinə aid çox gözəl nümunə sayılır. Daha bir gözəl nümunə bizim dövlətimizdir. O bizi qorumalı və qayğımıza qalmalıdır. Lakin bu cür “axarını” dayandırdığı üçün, əksinə, bizə “dağıdıcı külək” gətirir, zərərlər vurur, təhlükəli olur. Məsələn, məhkəməmiz, polisimiz, səhiyyəmiz – hamısı öz funksiyasını itirməklə yanaşı, əlavə zərbələr vurur cəmiyyətə.
Məktəbimiz də belədir. Təhsil vermək funksiyasını dayandırırsa, əlavə zərərə çevrilir, uşaqlarımızı pozur, mənasız həyat yükünə çevrilir.
Elm də elədir. Alimlər elmlə məşğul olmursa, başlayırlar hakimiyyətə yaltaqlanıb cəmiyyətə ziyan vurmağa.
Ədəbiyyat da elədir. Yazıçı və şairlər gerçək daxili mahiyyəti və əsl istedadı ilə bu sənətdə deyillərsə, ölkəyə ziyan verən boşboğazlara çevrilirlər.
Hətta ailə öz mahiyyəti üzrə funksiyalarını itirirsə, o, gərəkli bir yuvadan əziyyət gətirən birliyə çevriləcək.
Siyasətdə də belədir. Siyasətçi və ya siyasi təşkilat öz funksiyasını yerinə yetirməkdən çıxdısa, ondan fayda əvəzinə, gözləmədiyimiz ziyanlar görəcəyik.
Bir sözlə, hətta heç bir iş görmədikdə, yəni sadəcə sən öz işini görməyi dayandırırsansa, deməli, təkcə faydasız olmursan, həm də ziyanlı olursan. Ən azı heç nəyə lazım olmayan böyük bir rəf kimi əl-ayağa dolaşırsan. Laqeyd vətəndaşın vurduğu ziyanı da düşünün bir anlığa…
Bütün bunlardan sonra bir şeyi demək istəyirəm. “Eurovision” dövründə vətəndaş cəmiyyətinin, siyasi partiyaların bəlli hərəkətliliyi vardı, həm də çox effektli idi. Az zəhmət sərf etməklə, az təhlükə ilə böyük iş görüldü. Təbii ki, şərait də kömək edirdi buna. Beynəlxalq diqqət də vardı. Amma bu proses dayandı, sanki Lorinin əvəzinə biz qalib gəldik və qələbə çələngini götürüb kənara çəkildik.
Indi pisi odur ki, həmin hərəkətliliyin dayanması ilə, onun faydası bir yana qalsın, küləklərini görəcəyik. Həmin hərəkətlilik bərpa olunmayacaqsa. “Axı indi ”Eurovision” yoxdur” deyə bilərsiniz. Gəlin bir şeyi qəbul edək, həmin dövrün münbit zəmini əsasən beynəlxalq diqqətlə bağlı idi. Lakin onu da xüsusi mexanizmlər qurmaqla, ölkədə və xaricdə effektli fəaliyyətlə gücləndirmək olar. Ən azı tufansayağı küləyin olmaması üçün.

Gözləmədiyimiz külək
•