Demokratik islahatların Messisi

Əli Həsənovla dialoqlara ümid edənləri, bizi ölkədə avtoritarizmdən demokratiyaya keçidin ayaq səslərinin eşidildiyi barədə müjdələyənləri təbrik edirəm. Onlardakı optimizm həqiqətən də ayaq üstə alqışlanmağa layiqdir. Şəxsən mən həmin görüşlər barədə çox pessimist olmaqla, bu görüşlərin çürük qoz qədər qiyməti olmadığını, yalnız rejimin öz yırtıcı, qəddar üzünü maskalamağa yarayacağını düşünməklə nə qədər bağışlanmaz səhv etdiyimi boynuma alır və üzr istəyirəm. Bu yaşa gəldim, hələ də müdrik olmağı bacarmadım, öyrənmədim. Utanıram özümdən, xəcalət çəkirəm.  
Bəli, dünən Ilham Əliyev demokratik islahatlara, ölkədə dialoq, qarşılıqlı anlaşma mühitinin yaranmasına hazır olduğunu bir daha göstərdi, bu istiqamətdə yeni bir addım atdı. Siz də bilirsiniz, əvvəllər belə idi, bəzən iki qardaş, bəzən hətta nəslin yarısı eyni vaxtda şərlənib həbsə atılırdı, az qala tayfada bir başıpapaqlı qalmırdı. Amma artıq möhtərəmin bu kursdan imtina etdiyi, humanizmə doğru tam sürət yığdığı məlum oldu. O, bu yaxınlarda 9 siyasi məhbusu azad etmişdi, onların arasında Babək Həsənov da var idi. Dünənsə Babək bəyin qardaşı, Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov şərlənərək içəri atıldı. Halbuki, əvvəlki vəziyyət olsaydı, indi gərək Bəhruz bəylə Babək bəy eyni vaxtda, hərəsi bir “zon”da yataydılar. Dəyişiklik, islahat göz önündədir: artıq bir qardaşı digər qardaşı azad edəndən sonra tuturlar. Bu sübut edir ki, Əli Həsənovla görüşlər davam etdirilməlidir, çalışılmalıdır ki, gələcəkdə adamı həbs edərkən onun ailəsinə məlumat verilməsi, vəkillə təmin olunması, məhkəməsinə jurnalist buraxılması kimi islahatlara, dəyişikliklərə də imza atılsın, bununla da, demokratiyadan avtoritarizmə keçid iri və iti addımlarla davam etsin. Sürəti azaltmaq olmaz, yoxsa biz Norveç-zad cəhənnəm, heç Gürcüstana çata bilmərik.
Bəli, hörmətli oxucular, siz mənim bunları ironiya ilə yazdığımı düşünürsünüz, amma mən çox ciddiyəm. Madam ki, illərin təcrübəsi, oxuduğu kitablar, baxdığı filmlər, sahib olduğu bilgilər bəzi adamlara hələ də Azərbaycan reallığını dərk etməyə, bizim necə islahedilməz, ağıl və məntiqdən uzaq bir rejimlə üzbəüz olduğumuzu anlamağa kömək etmir, onlar hələ də Ilham Əliyev hakimiyyətindən demokratik islahatlar gözləyir, üstünə üstlük, bizdən də belə bir gözlənti içərisində olmağımızı istəyirlər, mən niyə ciddi olmamalıyam? Demirsiniz ki, bunlardan islahat aparan olar? Mən də deyirəm ki, nəinki olar, hətta Ilham Əliyev demokratik islahatların Messisidir, adam gözünü bir an olsun, ondan çəkə bilmir, yoxsa hər an yeni bir gözəl hərəkəti, driblinqi qaçıra bilərsən.
Ay qardaşlar, ay yoldaşlar! Artıq anlayın bunu: dünyanın heç bir ölkəsində hüquqa hörmət etmək, azadlıqlara sayğı ilə yanaşmaq, ölkəni korrupsiya, yalan, yaltaqlıq, oğurluq, saxtakarlıq kimi pisliklərdən azad etmək üçün təkliflər paketi hazırlamırlar, dövlət proqramları qəbul etmirlər. Azərbaycanda korrupsiya ilə mübarizə aparmaq üçün indiyədək üç, ya dörd dövlət proqramı qəbul edilib, heç bir nəticə yoxdur, əvəzində oğrular əvvəlkindən daha çox oğurlayır, daha çox talayırlar. Gürcüstanda isə bir dənə də belə dövlət proqramı qəbul etməmişdilər, amma korrupsiya qısa müddətdə ən aşağı həddə qədər ləğv olundu, orası artıq tam bir Avropa ölkəsidir.
Əgər bir hakimiyyət ölkədə normal siyasi mühit yaratmaq, azadlıqları bərqərar etmək, korrupsiyanın kökünü kəsmək istəyir, sonra da Əli Həsənov kimi neçənci dərəcəli adamlarını toplumun ayrı-ayrı təbəqələri ilə görüşüb təkliflər paketi hazırlamağa göndərirsə, bir ucdan dövlət proqramları yumurtlayırsa, bu, artıq şoudur, gözdən pərdə asmaq, maskalanmaqdır, o deməkdir ki, həmin hakimiyyətin heç bir ciddi addım atmaq fikri yoxdur. Yazın artıq bunu ağlınızın bir küncünə, yaddaşınızın bir yerinə: belə şoular yalnız mahiyyətini dəyişmək istəməyən, sadəcə, onu gizlətməyə və bu yolla öz ömrünü daha da uzatmağa çalışan despotik rejimlərə xasdır.
Belə rejimlərin tarixi təcrübəsi bir də onu göstərir ki, şou uğurla bitdikdən sonra daha fəlakətli, daha qorxunc günlər başlayır. Vəziyyət əvvəlkindən daha dözülməz olur.
Məndən bu qədər.