İbrahimbəyova qarşı çıxanlar onun təşkilatını tərk etdi

Rasim Balayev: “Son hadisələrin fonunda təşkilatımıza üzv olmaq üçün daha 20 nəfər müraciət edib”

Tanınmış kinorejissor, Ziyalılar Forumununun üzvü Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar Ittifaqına alternativ olaraq yaradılan qurumun təşkilatlanma prosesinə start verilib.
Dünən Kinematoqrafçılar Ittifaqının üzvləri olan Cəmil Quliyev, Oqtay Mirqasımov, Ayan Mirqasımova, Eldar Quliyev, Mayis Ağabəyov, Ayaz Salayev, Nəriman Məmmədov və Aydın Kazımzadə könüllü şəkildə təşkilatdan ayrılıblar. Həmçinin yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova bu təşkilatın üzvülüyündən imtina edib. Adları çəkilən şəxslər Kinematoqrafçılar Ittifaqına yaradılan alternativ təşkilatın rəhbərliyini təşkil edirlər.

Kinematoqrafçılar Ittifaqının baş katibi Rasim Balayevin məsələyə açıqlaması lakonik oldu. O bildirdi ki, təşkilatdan istefa verənlərin bu addımı atması onların seçimidir. Amma keçmiş üzvlərini itirməklə təşkilatlarının zəifləmədiyini deyən R.Balayev vurğuladı ki, baş verənlür bir daha onlara qarşı atılan addımların düşünülmüş olduğunu sübut edir: “Əvvəllər dediyim kimi, bu addımlar Rüstəm Ibrahimbəyova qarşı yönəlib. Amma bu addımlar təşkilatımızı zəiflətmir. Təşkilatımızın sıralarında dünya şöhrətli sənət xadimləri və xeyli sayda gənclər var. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, son hadisələrin fonunda təşkilatımıza üzv olmaq üçün daha 20 nəfər müraciət edib”.

Hikmət