Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Bayıl türməsinin “smotryaşşi”si (həbsxanalarda dustaq icmasının rəyi ilə ümumi vəziyyətə nəzarət edən adam) Səməd oldu. Səməd Sumqayıtda tutulan bir gəncəli cibgir idi. Onun da “stremlyaqa” olduğu deyilirdi və yəqin ki, elə bu cür idi. Hələ xeyli cavan idi və cinayət aləmində atacağı ehtimal olunan addımları ilə ümid verə bilərdi. Sovet terminologiyası ilə desək, “perspektivli kadr” idi. Amma Səmədin heroinə oturduğunu deyənlər vardı və əgər bu xəbər doğrudursa, onun heç bir perspektivi ola bilməzdi. Düzdür, indi qaydalar bir qədər dəyişib və hətta qanuni oğruların da arasında heroindən xilas ola bilməyənlər çoxdur. Amma oğru – oğrudur, onun hərəkətlərinə kimsə sorğu ata bilməz. “Stremlyaqa” isə hələ nəinki oğru demək deyil, hətta 180 dərəcə dəyişik yollara da düşə bilər. Buna görə də heroinə oturmuş “stremlyaqa”lara ciddi adam kimi baxmağa ehtiyat eləyirəm. Heroin elə zibildir ki, ondan ötrü hər yola düşürlər. Cinayət aləminin problemlərini həll etmək, münaqişələrini yoluna qoymaq üçün ortalığa iddia qoyan adamların heroindən asılılığı bu problemlərin ayaq altına atılma ehtimalını həqiqətə daha yaxın edir. Adamı, məsələn, karsda təcrid edib bir neçə gün heroinsiz saxladıqdan sonra ona heroin göstərməklə nəyi istəsən qoparmaq olar.
Mən narkomanların psixologiyasına olmasa da, təsvir edilən vahiməli əzablarına yaxşı bələdəm. Dövrün sanballı cinayətkarlarından birinin mənə şəxsən danışdığına görə, heroindən xilas olmaq üçün Bakı bağlarının birində özünü zəncirlə ağaca bağlatdırıb və “lomka”dan çıxana qədər ona heroin verəni ən qəliz söyüşlərlə xəbərdar edib.
“Lomka” – heroinə yoluxan şəxsin narkotik dozası qəbul etmək istədiyi zaman ötəndən sonra orqanizmin yaşadığı ağrılara deyilir. Bu ağrılar narkotik tələb edir. Narkotik qəbulu olmadıqca şiddətlənir. Narkomanların dediyinə görə, bu, bədənin bütün sümüklərində diş ağrısı effektidir; bəlkə, daha dəhşətli ağrıdır. Amma sümük ağrıları bitib tükənmədən ona dəhşətli qarın ağrıları da əlavə olunur. Dozanı vaxtında qəbul etməyən adamda bütün növ qidaya qarşı ikrah yaranır. Hərçənd, dozanı vaxtlı-vaxtında qəbul edən adamda da iştah itir və əsasən şirniyyata meyl qalır. Amma “lomka” zamanındakı simptom iştahsızlıq deyil, yeməkdən imtinadır, iyrənməkdir, yemək istəməməkdir və bununla yanaşı, ifrazatın maye şəklinə düşməsi prosesidir. Bu da əhəmiyyətli mərhələdir, həbsə alınan narkomanların bir çoxunun hətta işinə də yarayır. Necə? Narkoman təqib edildiyini və həbs olunacağını bildiyi an əlində olan heroini “şponka” şəklinə salıb udur. Narkotiki “şponka” şəklinə salmaq xüsusi üsuldur: narkotik kütləni siqaret falqasına bükürlər; sonra isə onu siqaret sellafonuna bürüyüb alışqanla yapışdırırlar. Bu, slindrik formaya salınan bir həbə bənzəyir. Narkomanların bir çoxunun üstündə olan ehtiyat heroin beləcə hazır şəkildə saxlanılır. Əməliyyatçının yaxınlaşdığı və daha aradan çıxmağın mümkün olmadığını görəndə bu slindri udurlar. “Şponka”nı udmaq həm də əməliyyatçıları əlahəzrət faktdan məhrum etmək məqsədilə edilir. Həbsə alınan narkoman təcridxanada keçirdiyi ikinci gün “lomka” fazasına düşür. Orada bu lənətə gəlmiş ağrılardan xilas olmaq üçün çox məhdud yollar var. Birinci əlçatmaz yol ondan ibarədir ki, narkomanın yaxınları gəlib çıxır, 300, 500 (bu, əvvəllər dollar idi, Azərbaycan manatı daxili bazarda dolları geridə qoyduğu üçün indi heç kim dollarla rüşvət almır), hər nədirsə, polisin haqqını verir və azadlığa çıxır. Amma ikinci, üçüncü və ya daha sonrakı dəfə tutulan narkomanı belə xoşbəxt perspektiv gözləmir, yaxınlarının onun özündən olmasa da, problemlərindən imtina etdiyi şübhəsizdir və hər halda, bunu elə narkomanın özündən imtina etmək kimi başa düşmək lazım gəlir. Buna görə də ehtiyatda bir, daha doğrusu, iki variant qalır. Bunlardan birini hər adam bacarmaz. Yəni, dil o qədər mahir olmalıdır ki, polisi “buraxın, gedim, pul gətirim” adı ilə aldadıb aradan çıxa biləsən. Bunun üçün müstəsna qabiliyyət lazımdır. Ikinci yolu polis təklif edə bilər: səni buraxırıq, bir şərtlə ki, iş gətirəcəksən! Iş üçün də uzağa getmək lazım deyil. Sahə polisi kimi, harada və hansı şəraitdə yaxalamaq lazım olduğunu əla bilir. Əməkdaşlığa razılıq verən adam sadəcə, əməliyyatda onun üçün ayrılan rolu qəbul edir, vəssalam. Bu variant da geniş yayılmış və geniş “məntiqi” olan bir yoldur.
Nəhayət, bu variantların heç biri işləmədiyi halda, “şponka” işə yarayır. Təcridxanada başlanan sonrakı gün narkomanın nəcasətinin maye halına keçməsi və simptomatik ağrılarla açılır. Bu halda narkoman əvvəlki gün udduğu “şponka”nı nəcasətlə birlikdə mədəsindən xilas edir, onu yuyub təmizləyir, büküklərini açır və oradakı sarımtıl-çəhrayı həyat iksirini qəbul etməyin yolları barədə düşünür. Bunun üçün şpris lazımdır, amma təcridxanada, bu, olmaya bilər. Onu yandırıb tüstüsünü buruna da çəkmək olar. Doğrudur, bu üsul qəbul edilən dozanı aşağı salır, amma müdhiş ağrılardan xilas olmaq və ya onu qismən azaltmaq üçün başqa yol yoxdursa, neyləmək olar?
Polis idarəsində adamı iki gün, uzağı üç gün saxlayırlar. Bu müddəti yola verən narkoman daha sonra Bayıl, Gəncə və ya Şüvəlan türməsinə göndərilir və həyatının qalan hissəsinin ağrılarını azaltmaq üçün oradakı qardaşların sərəncamına təslim olur. Türmə, hər halda türmədir. Burada adama anlayışlı yanaşırlar. Ağrıları azaltmaq üçün müxtəlif vasitələr təklif edirlər. Bir çox hallarda kameralarda hətta heroin də tapmaq olur. Heroin olmadıqda, onu əvəz edən tibbi-kimyəvi vasitələr əldə etmək mümkündür. Cəhənnəmə ki, ən azından, psixoloji rahatlıq tapmaq olar. Bizim kamerada, məsələn, Rafiqin “lomka”dan çıxması prosesini izləyə bildim. Hərçənd, Rafiq də tutulandan iki-üç gün sonra “123″ə gəlib çıxmışdı.
“Lomka” ağır prosesdir və narkomanın “stajı” nə qədər çoxdursa, ağrıları da bir o qədər çoxdur. Buna görə də cinayət aləminin mürəkkəb problemlərinin narkomanlara həvalə edilməsi ciddi fəsadlar yarada bilər. Türmə və zonlarda çox zaman nüfuzlu dustaqların heroinə yoluxdurulması əməliyyat məqsədilə həyata keçirilir və sonralar mühüm qərarların qəbulu üçün onlardan istifadə edilir.
Doğrudur, zonlarda heroin işinə baxan dustaqlar o qədər də hörmətli ranqda deyillər. Baxmayaraq ki, bir çox hallarda hətta hörmətli dustaqlar da onlara borclu qalırlar, onları axtarırlar və s. Heç kim üçün sirr deyil ki, zonlarda satılan heroin və s. narkotik müdiriyyətə məxsus olur. Amma bu “mal” satanlar zondakı avtoritetlərin də himayəsi altında olurlar. Bu ikiqat himayə heç də həmişə yaxşı məqsədlərə qulluq etmir. Məsələn, müdiriyyət “oblava” verib bir neçə saat və ya bir gün əvvəl heroin qəbul edən dustaqları karsa soxa bilir. Bu zaman həmin dustaqların siyahısı ən dəqiq şəkildə müdiriyyətin stolunun üstündə olur. Hansı mənbədən? Maraqlıdır…
ardı var