İctimai Palata kütləvi aksiyalar məsələsini müzakirə etdi

İyulun 11-də İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib. İclasa Vidadi Mirkamal sədrlik edib. Onun  “Yeni Müsavat”a verdiyi məlumata görə, KŞ regionlarda İP-in şöbələrinin yaranması ilə bağlı müzakirə aparılıb: “Azərbaycanın 17 rayonunda İP-in şöbələri yoxdur. Sentyabr ayınadək bu 17 regionda İctimai Palatanın yaradılması barədə razılığa gəlindi. Avqustun 1-dək isə 9 rayonda İP-in şöbələri yaradılacaq”.

KŞ AXCP sədri Əli Kərimlinin mühafizəçisi Əli Kərimlinin Bəhruz Həsənovun həbs olunması ilə bağlı məsələ müzakirə olunub və bəyanat qəbul edilib: “İctimai Palata hesab edir ki, Bəhruz Həsənovun heç bir əsas olmadan mülki şəxslər tərəfindən qandallanması və maşına basılıb aparılması adam oğurluğu kimi qiymətləndirilməlidir. Hakimiyyətdən tələb olunur ki, Bəhruz Həsənov dərhal azadlığa buraxılsın və bu cür qanunsuz həbslərə son qoyulsun. Hakimiyyət bir tərəfdən bir sıra vicdan məhbuslarını azad edir, dialoq təklif eləyir, o biri tərəfdən repressiyanı gücləndirir, yeni həbslər həyata keçirir. Ona görə də Koordinasiya Şurası repressiyaya son qoyulması tələbi ilə kütləvi aksiyaların təşkil olunması barədə müzakirə apardı və müvafiq qərarlar qəbul olundu”.