ABŞ diplomatından önəmli “insan haqları” jesti

Adam Sterlinq hüquq müdafiəçiləri ilə görüşdü, siyasi həbslər məsələsini qaldırdı və Şahin Həsənli ilə Vidadi İsgəndərli barəsində çağırışlarını xatırlatdı

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq dünən yerli hüquq müdafiəçilərilə görüşərək ölkəmizdə insan hüquqlarının durumunu müzakirə edib. Ombudsman Aparatının nümayəndələrinin də qatıldığı bu görüşdə ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətilə bağlı bu yaxınlarda açıqlanan növbəti illik hesabatı ətrafında fikir mübadiləsi aparılıb.
Lakin müzakirələr başlamamışdan əvvəl Adam Sterlinq jurnalistlər üçün brifinq keçirərək, görüşün məqsədi haqda açıqlama verib. O bildirib ki, Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatına vətəndaş cəmiyyətinin reaksiyasını öyrənmək üçün belə bir görüş keçirmək qərarına gəliblər. Bütün tərəflərin mövqeyi aydın olsun deyə, görüşə Ombudsman Aparatının əməkdaşları da dəvət olunub.
Hesabatda Azərbaycanla bağlı üç əsas sahə üzrə narahatlıqların öz əksini tapdığını deyən diplomatın sözlərinə görə, bunlardan biri ölkədə sərbəst toplaşma azadlığına qoyulan məhdudiyyətlərlə bağlıdır. Xüsusən, ötən ilin yazında mitinq və piketlərin qarşısının alınması, bu aksiyalarda iştirak edənlərin həbsi hesabatda tənqid olunub. Narahatlıq doğuran başqa bir problem kimi, Azərbaycanda məhkəmələrin durumuna toxunulub. Xüsusən icraedici hakimiyyətin məhkəmələrə təsirindən narahatlıq ifadə olunub. Siyasi motivli işlərdə çıxış edən vəkillərə qarşı təzyiqlər, məhkəmənin ədalətliliyi və şəffaflığı prinsiplərinə hörmətlə yanaşılmaması kimi məqamlar da diqqətdən kənarda qalmayıb.

Dövlət Departamentinin Azərbaycandakı vəziyyətlə bağlı tənqid etdiyi əsas məsələlərdən biri də vətəndaşların mülkiyyət hüququnun kütləvi şəkildə pozulması olub. Vətəndaşların öz evlərindən zorla çıxarılması, onların əmlakının dağıdılması faktları hesabatda öz əksini tapıb.
Hesabatdakı müsbət məqamlara gəlincə, müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında şəraitin yaxşılaşdırılması qeyd olunub.
Adam Sterlinq jurnalistlərlə söhbətində ötən ilin aprelində mitinqdə iştirakına görə həbs olunanlardan doqquzunun bu yaxınlarda azadlığa buraxılmasını müsbət hal kimi qeyd etsə də, həbsdə saxlanılan vicdan məhbuslarından Şahin Həsənli v Vidadi Isgəndərli ilə bağlı məsələni də yaddan çıxarmayıb. Diplomat adıçəkilən vicdan məhbuslarının işinə ədalətli və şəffaf şəkildə baxılması üçün növbəti dəfə hökumətə çağırış edib.
Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran bir sıra məsələlərin hələ də qaldığını bildirən cənab Sterlinq qeyd edib ki, ABŞ hökuməti bu il həbs olunan siyasi fəallarla bağlı prosesləri də diqqətlə izləyir: “Martda Qubadakı etiraz aksiyasının iştirakçılarının, Sabirabaddan olan fəallar Ilham Əmiraslanov və Oqtay Gülalıyevin, etnik azlıq olan Hilal Məmmədovun həbsini, blogger Mehman Hüseynovla bağlı məsələni diqqətlə izləyirik. Biz Konstitusiyanı və beynəxalq öhdəlikləri xatırladaraq, bu işlər üzrə ədalətli, şəffaf məhkəmə keçirilməsinə çağırırıq”.
Adam Sterlinq Azərbaycanda media azadlığı sahəsindəki problemləri ayrıca qeyd edib: “ABŞ hökuməti, səfirlik və şəxsən mən jurnalistlərdən Idrak Abbasovun döyülməsi, Xədicə Ismayılovanı biabır eləmək məqsədilə ona qarşı iyrənc hərəkətlərlə bağlı öz bəyanatlarımızda baş verənləri kəskin şəkildə pisləmişik. Bu mənfur addımı atanların, həmçinin yazar Rafiq Tağının qatillərinin tapılıb cəzalandırılması üçün hökumətə indi bir daha çağırış edirik”.
Hesabatın qərəzli olması haqda Azərbaycanın hökumət nümayəndələrinin iddialarına gəlincə, Adam Sterlinq bildirib ki, Birləşmiş Ştatlar hesabatın obyektiv olması üçün əlindən gələni edir: “Hesabatdakı bütün fikir və faktlar yoxlanılır. Onların doğru olması üçün səylər göstərilir. Hər il səfirliyimiz Azərbaycanın müxtəlif dövlət qurumlarına sorğular göndərir. Çalışırıq ki, hesabatımız gerçəklikləri əks etdirsin, passiv, rəflərdə yatıb qalan hesabat olmasın”.

Aytən Məmmədova