AXCP fəalı Bəhruz Həsənovun həbsi ilə bağlı İctimai Palatanın bəyanatı
İyulun 11-də AXCP fəalı, partiya sədrinin mühafizəçisi və keçmiş vicdan məhbusu Babək Həsənovun qardaşı Bəhruz Həsənov həbs edilib. Onu günorta saatlarında idmandan qayıdarkən mülki geyimli şəxslər saxlayaraq Suraxanı RPİ 33-cü polis bölməsinə aparıblar. Saxlanılarkən ona bunun səbəbi haqda heç nə deyilməyib.
Bölmənin adını gizli saxlayan əməkdaşı isə belə bir məlumat ötürüb ki, onun saxlanması haqda göstəriş “yuxarı instansiyalardan” gəlib, nədə ittiham olunduğuna isə sonradan qərar veriləcək. Yəni konkret halda hüquq-mühafizə orqanları vətəndaşı əvvəlcə həbs edəndən sonra onun barəsində ittiham hazırlayırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə “Azadlıq” qəzetinə bildirilib ki, Bəhruz Həsənovu guya Nazim Əliyev adlı bir nəfərin şikayəti əsasında saxlayıblar.
İctimai Palata bəyan edir ki, Bəhruz Həsənovun həbsi bilavaditə AXCP sədri Əli Kərimliyə qarşı son vaxtlar güclənən təzyiq dalğasının bir hissəsidir. Kiminsə guya şikayətçi olması barədə izahatlar AXCP-nin fəal üzvlərindən biri olan və partiya sədrinin mühafizəsinin təşkilində iştirak edən Bəhruz Həsənovun sırf siyasi motivlərlə saxlandığını inkar edə bilməz.
İctimai Palata xatırladır ki, AXCP sədri Əli Kərimliyə onun yaxınlarını incitməklə təzyiq göstərmək Azərbaycan iqtidarının praktikasında birinci hal deyil. Ən son nümunə kimi, onun qayını Elnur Seyidovun hazırda heç bir günahı olmadan MTN-in istintaq təcridxanasında saxlanmasını göstərmək olar. Elnur Seyidovun ağır xəstəlikdən əziyyət çəkməsinə baxmayara, onu heç müalicə müəssisəsinə də köçürmür, hər hansı istintaq hərəkəti aparmadan təcridxanada mənəvi-fiziki əzab altında saxlayırlar.
İctimai Palata belə bir vacib məqama da diqqət cəlb edir ki, xüsusilə son həbslər zamanı prosessual qaydalar kobud şəkildə pozulur, hüquq-mühafizə orqanları faktik olaraq adam oğurluğu həyata keçirirlər.
İctimai Palata bu cür qanunsuz hərəkətlərə və konkret halda Bəhruz Həsənovun həbsinə qəti şəkildə etirazını bildirir, hakimiyyətdən tələb edir ki, qanunsuz və siyasi motivli həbsləri dayandırsın, Bəhruz Həsənovu dərhal sərbəst buraxsın.


