Təzəxan Mirələmli cərimələndi

İctimai Palata AXCP fəalına qarşı mənəvi terroru durdurmağı tələb etdi

“Bir ailəyə qarşı baş verənlər Azərbaycanda dövlət apartının öz vətəndaşlarına necə qəddar münasibət bəslədiyini göstərir”

İyulun 11-də Xətai Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmlini 25 manat cərimələyib. Cəbhəçi “Media forum” saytına deyib ki, onu İnzibati Xətalar Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin çağırışına əməl etməmək) maddəsi ilə ittiham ediblər: “Oğlum Vasif Mirələmli saxlandığı təlim-tərbiyə müəssisəsində aclıq aksiyası keçirirdi. İyulun 9-da həbsxananın qarşısına gəldim, axşamadək gözlədim, oğlumla görüşə, ondan bir xəbər ala bilmədim.

Axşam hirsimdən qapını döydüm. Qapını bərkdən döydüyümü etiraf edirəm. Həbsxananın əməkdaşları polis çağırdılar. Gəlib izahat aldı, protokol tərtib edib getdi. Ayın 10-da yenə həbsxananın qarşısına gəldim, oğlumdan hər hansı məlumat ala bilmədim, mənə cavab vermədilər.

İyulun 11-də yenidən həbsxananın qarşısına gəldim və Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə çağırıldığımı eşitdim. Bölməyə getdim, protokol tərtib etdilər və Xətai Rayon Məhkəməsinə apardılar. Həbsxananın kapitan rütbəli əməkdaşları Fərhad Manafov və Natiq Orucov üzümə dirəndilər. Hadisənin necə baş verdiyi “Bizim yol” qəzetində yazılıb. Qəzeti məhkəməyə təqdim etdim, amma hakim qəbul etmədi. Ərazidə olan kameralara baxılması, yanımda olan şahidlərin dindirilməsi haqda vəsatətlər verdim, amma hakim heç birini qəbul etmədi”.

***

İctimai Palata AXCP fəalı Təzəxan Mirələmli və ailəsinə qarşı mənəvi terrorla bağlı bəyanat verib. Bəyanatda deyilir:
AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli və onun ailəsi bir ildən artıqdır ki, repressiya və mənəvi-psixoloji işgəncə altında saxlanılır.
Təzəxan Mirələmli İctimai Palatanın 2 aprel 2011-ci ildə Bakıda təşkil etdiyi mitinq zamanı amansızlıqla döyülərək ağır xəsarətlər alıb. Həmin vaxt o, Bakıda məcburən xəstəxana şəraitində qaldığı günlərdə yaşadığı Cəlilabad rayonunda onun ailəsi mənəvi-psixoloji basqıya məruz qalıb. Özü rayonda dərs dediyi orta məktəbdə işdən çıxarılıb, azyaşlı oğlu Vasif Mirələmli isə oxuduğu məktəbdə atasının siyasi mövqeyi zəminində təxribata çəkilib və istəmədiyi halda məktəb yoldaşlarından birinin həyatına son qoyub. Vasif Məhərrəmli məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hakimiyyət orqanları bu hadisədən sonra və indinin özündə də Mirələmli ailəsinə qarşı mənəvi terroru davam etdirməkdədirlər. Mirələmli ailəsinin yaşadığı mənzilin qarşısında dəfələrlə “zəhmətkeş etirazları” təşkil olunub. Bu ailə üzvlərinin öz yerlərində normal yaşayıb fəaliyyət göstərməsinə mane olmaq üçün bütün cəhdlərə əl atılıb.
Təzəxan Mirələmlinin bütün bu təzyiqlərə, mənəvi terrora baxmayaraq siyasi mövqeyindən və fəaliyyətindən geri çəkilmədiyini görən hakkimiyyət orqanları təəssüf ki, ona və ailəsinə qarşı qeyri-insani rəftarı daha da gücləndirmək yolunu tutublar.
Son günlərdə Təzəxan Mirələmlinin oğlu Vasif Mirələmli həbsxana şəraitində qanunsuzluq və zorakılıqlara məruz qalıb. Təzəxan Mirələmlinin açıqladığı məlumatlar göstərir ki, Vasifi hansısa qanunsuz və münasib olmayan hərəkəti törətməyə məcbur etmək istəyirlər. Bundan başqa, Təzəxan Mirələmli cəhd göstərsə də, oğlunun onunla görüşməsinə imkan verilməyib.
Bütün bu haqsızlıqlara görə Vasif Mirələmli və atası Təzəxan Mirələmli aclıq aksiyası keçirməyə məcbur olublar.
İctimai Palata bəyan edir ki, bir ailəyə qarşı bütün bu baş verənlər Azərbaycanda dövlət apartının öz vətəndaşlarına necə qəddar münasibət bəslədiyini göstərir. İctimai Palata dövlətin öz vətəndaşına qarşı belə repressiv metoda əl atmasını, onun qürurunu sındırmaq üçün bütün gücü ilə səfərbər olunmasını kəskin şəkildə qınayır və hakimiyyət orqanlarından Təzəxan Mirələmliyə, onun ailəsinə olan qeyri-insani münasibəti dayandırmağı tələb edir.
İctimai Palata eyni zamanda yerli və beynəlxalq ictimaiyyəti Azərbaycanda bir müxalifət fəalının sırf siyasi motivlərlə bu cür ailəliklə mənəvi-psixoloji terrora məruz qoyulmasına biganə qalmamağa, etiraz səslərini ucaltmağa və Azərbaycan hakimiyyətinə belə qanunsuz, anti-humanist hərəkəti dayandırması üçün təzyiq göstərməyə çağırır.