Cəlilabadda 13 yaşlı qızın tükürpərdən dramı

Rayon sakini qızının zorlanıb ölümlə hədələndiyini deyir; ittiham olunan isə…

Cəlilabad rayon Uzuntəpə kənd sakini Nəzakət Abdullayeva 13 yaşlı qızı Sevda Hüseynovanın (ad şərtidir – R.D.) zorlandığını deyir. Ananın dediklərinə qulaq asdıqda və iddialarıyla tanış olduqda insanın qanı donur. Buna qulaq asmaq da əzablıdır, yazmaq da…

“Qızıma deyiblər ki, bu haqda kiməsə danışsa, ağacdan asaraq öldürəcəklər”

Nəzakət Abdullayeva deyir ki, onun azyaşlı qızını 32 yaşlı kənd sakini Səbuhi Əliyev qayınatasının evində zorlayıb. Bu tükürpədici hekayəti ana belə nəql edir: “Qızımı zorlayan şəxs yoldaşımın xalası nəvəsi düşür. Hadisə 2010-cu ilin avqustun 8-də baş verib. Ancaq biz bu haqda çox gec xəbər tutduq. Həmin gün yaxın qohumum rəhmətə getmişdi, yas yerində idim. Səbuhinin əmisinin həyat yoldaşı Səbinə gəlib qızıma deyib ki, bibisi Lalə onu çağırır. Qızım deyib ki, işi var, bir azdan gələcək. Bir az keçəndən sonra Lalə qızımı çağırmaq üçün uşaqları bizə göndərib. Qızım da uşaqlarla Laləgilə gedib. Gedəndə görüb ki, Lalə ilə Səbinə oturub çay içirlər. Lalə qızıma deyib ki, keçək, otaqdan stolu bayıra çıxaraq. Qızım içəri keçib stolun bir tərəfindən tutanda Səbuhi otağa girib. Lalə ilə Səbinə tez çölə çıxıb qapını arxadan bağlayıblar. Səbuhi qızımın əllərini ”skoç”la bağlayaraq zorlayıb, bakirəliyini pozub”.
Nəzakət Abdullayevanın sözlərinə görə, Səbuhi Əliyev qeyri-ənənəvi yolla da qızı ilə əlaqədə olub: “Səbuhi ilə qaynımın həyat yoldaşı qızıma hədə-qorxu gəliblər. Qızıma deyiblər ki, bu haqda kiməsə danışsa, onu ağacdan asaraq öldürəcəklər. Gecə də uşaq onlarda qalıb. Qızımın paltarlarını yuyub qurudublar. Evə gələndə qızıma deyiblər ki, kimsə bunu bilsə, onu heç kim almayacaq, həmişə dul qalacaq. Evə gələndə gördüm qızımın rəngi solub. Mənə heç nə demədi. Ancaq bunu deyə bildi ki, ana, otura bilmirəm”.

“Ailəsi Səbuhini mal-qarasını satıb, onu azad etdi”

Nəzakət Abdullayeva Səbuhi Əliyevin evli, həm də iki uşaq atası olduğunu bildirdi. O, ikinci belə bir hadisənin, yanvar ayında, daha sonra isə fevralın 3-də törədildiyini qeyd etdi: “Fevralın 3-də evdə idik. Səbuhinin qardaşı arvadı Aygün qızımı səslədi ki, gəl qazlarınızı apar. Qonşu olduğumuzdan tez-tez onların toyuq-cücələri bizim həyətə, eləcədə bizim ev heyvanlarımızın onların bağçalarına keçir. Ona görə də qızımı çağırıb. Qızım getdi. Bir saat keçdi gəlmədi. Bir də gördüm uşaq çöldən qolları, üzü cırıq-cırıq, paltarları cırılmış halda sürünə-sürünə içəri girdi. Məcbur elədim ki, de görüm nə olub. O da başına gətirilən müsbətləri danışdı. Sən demə, qızım qazların arxasınca gedəndə Səbuhi onu zorla tutub tövləyə salıb. Uşaq müqavimət göstərib, özünü qapıya çırpıb, pal-paltarı cırılıb, ancaq heç bir faydası olmayıb. O yenə qızımı zorlayıb”.
Nəzakət Abdullayevanın sözlərinə görə, həyat yoldaşı Rövşən Nəsirov fevralın 8-i işdən evə qayıdıb: “Səhəri, yəni fevralın 9-da isə Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdik. Iş rayon prokurorluğuna verildi. Cinayət Məcəlləsinin 149.3 maddəsi ilə cinayət işi qaldırıldı”.
Səbuhi Əliyevi polis saxlasa da, 5 gün sonra sərbəst buraxıldı: “Üzləşdirmə də oldu, qızım hər şeyi olduğu kimi prokurorun birinci müavini Arif Sadıqova danışdı. Ancaq heç bir xeyri olmadı. Ailəsi Səbuhini həyətyanı torpaq sahələrini, mal-qarasını satıb, qohum-əqrəbasından pul toplayıb onu azad etdi. Ekspert rəyində isə qızımın bakirəliyinin pozulmadığı yazılıb”.
Bundan sonra iş 150.3 maddəsi ilə (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) rayon polisinə göndərilib. Nəzakət Abdullayeva deyir ki, ekspert rəyi saxtadır: “Uşağı Masallıda, Bakıda fəaliyyət göstərən məşhur klinikalara aparıb yoxlatdırmışam. Hamı təsdiqlədi ki, bakirəliyi pozulub. Əlimdə həkim rəyləri də var. Ancaq prokurorluq işi doğru-dürüst araşdırmadı”.

“Qızımın namusu üstündə 30 min manatlıq alver oldu”

Nəzakət Abdullayevanın sözlərinə görə, ötən ilin aprelin 25-də daxili işlər naziri Ramil Usubov Cəlilabada gələndə polis rəisi Rahim Novruzov (o vaxt polis rəisi idi. indi rayonun polis rəisi Namiq Camalovdur – R.D.) ona nazirin qəbuluna düşməyə imkan verməyib.
Müsahibimiz deyir ki, işi rayon prokurorunun birinci müavini Arif Sadıqov ört-basdır edib: “Arif Sadıqov 25 min manata qızımın namusunu tapdaq altına qoydu. O, dəfələrlə bizi təhqir edib. Dəfələrlə Baş Prokurorluğa şikayətə getdim. Kimlərinsə əliylə məni idarədən qovdurdu. Xəstəxanalara gedəndə həkimlərə təzyiq edirdi. Ötən bu il yarım ərzində başımıza olmazın müsibət gətirdi”.
Nəzakət Abdullayeva qızının namusu üstündə təkcə Arif Sadıqovu yox, polis müstəntiqi Əliağa Hüseynovu da pul almaqda suçladı: “Əliağa Hüseynov 5 min manat alıb, işi Səbuhinin xeyrinə etdi. Bir sözlə, 30 min manata bizim ailənin üstündə alver etdilər”.
Səbuhi Əliyevsə “Azadlıq”a açıqlamasında belə bir hadisənin olmadığını dedi. Onun bizə söylədiklərini olduğu kimi təqdim edirik: “Istintaq gedir, məlumatı orqan işçilərindən öyrənin. O qadının dedikləri yalandır. Hazırda böhtan atır, onun barəsində ərizə vermişəm. Belə bir şey olmayıb”.

“Heç bir günahım yoxdur”

Üstündən bir az keçəndən sonra Səbuhi Əliyev yenidən bizə zəng etdi. Adımızı, soyadımızı soruşandan sonra telefon nömrəsini kimdən aldığımızı soruşdu. Sonra əlavə etdi ki, düz bir ildir onu bu işə görə istintaqa çağırırlar: “Heç bir günahım yoxdur. Bu ölkədə zorlamaya, bir də tiryəkə görə heç kimi bağışlamırlar. Bu bir ildə dörd dəfə məni istintaqa çağırıblar”.
Səbuhi Əliyev onu da qeyd etdi ki, belə bir hadisə olmadığı üçün Nəzakət Abdullayevanın dediyi 30 min manat rüşvət verməsi də yalandır: “Heç kimə pul verməmişəm. Ancaq mən qarşılıqlı iddia ilə məhkəməyə müraciət edəcəm. Mənə atılan şər-böhtana, bu bir il ərzində çəkdiyim əziyyətlərə görə 30 min manatı onlardan alacam”.

Ehsan Zahidov: “Heç cür inandırıcı görünmür”

Nə Cəlilabad rayon prokuroru Mobil Ismayılov, nə də rayon polis idarəsinin rəisi Namiq Camalov telefon zənglərimizə cavab verdi. Onların 5-19-05 və 5-41-35 telefon nömrələri susdu.
Onu da qeyd edək ki, Arif Sadıqov rayon prokurorluğunda tutduğu vəzifədən azad olunub.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun məsələyə münasibəti belə oldu: “Inandırıcı görünmür. Ona görə inandırıcı görünmür ki, o xanım həmin şəxsin pul verdiyini biləndə niyə həmin vaxt müraciət etmirdi? Bu heç cür inandırıcı görünmür”.
Ehsan Zahidov onu da qeyd etdi ki, Nəzakət Abdullayeva əgər DIN-ə müraciət edibsə, araşdırılaraq ona cavab verilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova zəng etsək də dəstəyi qaldırmadı.
Mövzunu diqqətdə saxlayacağıq…

Ramin DEKO

P.S. Yazıda adı çəkilən şəxsləri də dinləməyə hazırıq.