Hakimiyyət Əli Kərimlidən qisas alır

Elnur Seyidovun hələ də həbsdə saxlanılması AXCP sədrinə qarşı təzyiq kimi qiymətləndirilir

“Texnikabank” işinə görə tutulanlardan biri buraxılıb, biri isə xəstəxanaya köçürülsə də adı çəkilən bankın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov hələ də həbsdədir.
“Texnikabank”ın paytaxt filialları müdiri Ilham Bahadırov səhhətində problemlər olduğundan öncə MTN-in müalicə müəssisəsinə köçürülmüşdü. Xəstəliyinə görə I.Bahadırov həbsdən buraxılsa da, istintaqı davam edir. Eyni zamanda “Texnikabank”da filiallarla iş üzrə departament rəhbəri Anar Həmzəyev də səhhətində yaranan problemlərə görə müalicə müəssisəsinə köçürülüb. Bütün bunlara baxmayaraq səhhətində daha ağır problemlər olan E.Seyidov AXCP sədrinin hakimiyyətə qarşı barışmaz mövqeyinə görə girova çevrilib. E.Seyidovun dağınıq sklerozdan əziyyət çəkməsinə və qapalı məkanın onun həyatı üçün təhlükə yaratmasına baxmayaraq onun barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilmir. E.Seyidovun vəkili mətbuata açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs barəsində hər hansı istintaq hərəkəti aparılmır: “Səhhəti isə ağır olaraq qalır. Baş ağrılarından əziyyət çəkir. Eyni zamanda ayaqlarında ciddi ağrılar başlayıb. Xəstəliyinə görə dərmanlar qəbul edirdi. Indi dərmanlar da fəsad verir, mədəsində ağrılar başlayıb. Çünki dərmanlar ağır dozalıdır, fəsad verməməsi üçün paralel müalicə getməlidir. Istintaq təcridxanasında da buna imkan yoxdur. Ona görə də dərman qəbulunu dayandırıb”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, Monitorinq Qrupu hazırda E.Seyidovun işi ilə bağlı ciddi araşdırma aparmaqdadır. E.Seyidovun səhhətindəki problemlərin onun həyatına həqiqətən də təhlükə törətdiyini etiraf edən N.Cəfəroğlu vurğuladı ki, baş verənlərin AXCP sədrinin mövqeyi ilə bağlı olduğu da aydın görünməkdədir.

Hüquqşünas Qurban Məmmədov da vuruladı ki, səhhətindəki problemlərə məhəl qoymayaraq E.Seyidovu həbsdə saxlamaq yalnız hakimiyyətin qisası kimi dəyərləndirilə bilər: “Biz dəfələrlə səhhətində problem olmasına, bunu sübut edən dəlillərin təqdim edilməsinə rəğmən məhbusların həbsdə saxlanılmasının və dünyasını dəyişməsinin şahidi olmuşuq. Məsələn, Murad Şükürovun səhhətində problemlərin olmasına baxmayaraq həbsdə saxlanılması və elə səhhətindəki problemlər üzündən ordaca vəfat etməsi bunu sübut edir. Azərbaycanın cəzaçəkmə müəssisələrində böyük problemlər mövcuddur. Bunu hamı bilir. Elnur Seyidovun işində isə bütün bunların üzərinə AXCP sədrinin şəxsiyyəti, onun hakimiyyətə qarşı yürütdüyü siyasətin qarşısının alınması gəlib. Bu, yolverilməzdir. Elnur Seyidovun məhz bu məqsədlə həbsdə həyatına təhlükəyə rəğmən saxlanılmasına göz yummaq olmaz”.

Hikmət