Dialoq – əliyevçi Molotov-Ribbentrop paktı

Son 19 ildə dönə-dönə olduğu kimi əliyevçi rejim yenə sivil maska taxıb: dialoq ritorikasına bürünüb. Əli Həsənov başda olmaqla, dünənədək “erməni, erməni qulluqçuları, Azərbaycan dövlətinin düşmənləri” adlandırdıqları ilə bunlar indi qardaşlıq qurmağa girişiblər. Iş də elə bu qurmaq-qurğu anlayışındadır: bütün bunlar rejimin yeni qurğusu – yeni oyunudur. Bizi qabaqcadan sonuca varmaqda suçlaya bilərlər. Qabaqlarda ortaya çıxan oxşar görsənişləri unutmayanlar üçün “qabaqcanın” qabaqları uzaqlarda-qabaqlardadır. Bu gün ortada olan bəlli “ata kursudur”.
On illik hakimiyəti boyunca dönə-dönə olmuşdu: demokratik dünyanın kəskin basqıları ilə üzləşən ata Əliyev dünənədək aşırı antipatiya sərgiləməklə söyüb-yamanladığı müxalifəti birdən 180 dərəcəlik fırlanışla dialoqa çağırırdı. Onun çağırışının yalançı, çıxılmazlıqdan olduğunu, keçici xarakter daşıdığını duyub-anlayanlar çağırışdan üz döndərir, getmirdilər, gedənlərsə… on illik hakimiyyəti dönəmində ata Əliyev dönə-dönə çıxılmazlıqdan dialoq çağırışında bulundu. Sonra nə oldu? O çağırışa gedənlərin biri də geri dönmədi. Tək-tək dönənlərsə hansısa bazarlıq üzündən müxalifət düşərgəsinə “beşinci kolon” missiyası ilə döndülər! Beləcə, ata Əliyev çıxılmazlıqdan çıxa-çıxa bir on ili başa vuraraq hakimiyyəti oğluna BAĞIŞLAYIB getdi.
Hakimiyyətinin ilkin çağlarından “ata kursuna” bağlı qalacağını bildirən oğul Əliyevi bu gün alqışlamağa dəyər: o, atadanqalma kursu azacıq da dəyişmədən, atadanqalma korrupsiya komandasını, demək olar, toxunulmaz saxlamaqla Əliyevlər hakimiyətinə daha bir onillik qazandırdı. Kimin nə sözü var?! Ən başlıcası, ata Əliyevin qurduğu, ON IL qoruyub başında durduğu ANTIMILLI, ANTIDEMOKRATIK siyasi sistemi oğul Əliyev də necə var, eləcə ON IL qorudu. Inamla, özü də böyük inamla qorudu, başında durdu: xalqın, müxalifətin azacıq da olsa uğur qazanmasına yol vermədən! Alqışlar!
Dialoq demokratiyanın çox önəmli, atributiv ilkələrindəndir. Dialoq-danışıq yolu anlaşma-uzlaşma yoludur. Dialoqa-danışığa gedən subyektin hər ikisi udur. Elə dialoq-danışıq da bundan ötrüdür: o da qazansın, bu da qazansın. O da istədiyindən payını götürsün, bu da. Belədə istər-istəməz ortaya uzun sürəli barış-anlaşma çıxır. O üzdən də, bu üzdən də qorxu-düşmənçilik aradan qalxır. Ancaq bütün bunlar yalana, kələyə bürünmüş sözlərin yox, düşüncələrin, baxışların, prinsiplərin orqanik olaraq uyuşması, üst-üstə düşməsi yoluyla baş verir. Az qala iyirmi ildir bizdə belə bir gərəkən görsəniş ortaya çıxmır. Niyə? Dönə-dönə qanımızı içən erməniyə dönə-dönə ƏN YÜKSƏK STATUS boyun olan əliyevçi rejim Azərbaycan xalqına, Azərbaycan müxalifətinə ən aşağı, lap sonuncu status belə, vermək istəmədiyinə, xalqa, müxalifətə ən saya, elementar yurddaş hüquqlarını belə, qıymadığına görə!
I.Əliyev tez-tez “Ermənistanın” dövlət büdcəsinin Azərbaycanın hərbi büdcəsindən az olması ilə öyünür. Nə olsun? Kim kimin torpağında at oynadır, kim kimi sürəkli qorxu altında saxlayır, kimin snayperləri daha “məhsuldar” işləyir? Hələ bunlar bir yana. AzTV-lərin gecə-gündüz yoxsulluqdan batıb-dağıldığı ilə bağlı qaraqışqırıq qopardığı “Ermənistan”ın ucqar dağ köylərində belə, məktəblilərə isti yemək verilir, bizdəsə isti yemək verməməkləri cəhənnəmə, üstəlik, məktəbliləri soyurlar – süpürgəpulundan tutmuş, attetstat pulunadək. Sonra da bu məktəblilərin 100-də 82-si ANA DILI üzrə sınaqdan “2″ ilə çıxır. Prezident adlanan kimsə susur. Susur, ancaq sevinir: özünün hakimiyət sürəcini SÜRÜLƏŞMƏDƏ gördüyünə görə sevinir!
Hitlerizm SSRI-ni yenmək istəyir, ancaq onun gücündən çəkinirdi. Molotov-Ribbentrop paktı ilə onlar SSRI-ni aldadıb, arxayın salmaqla yenmək yolunu seçdilər. Belə tarix faktları çox dəyərlidir, ancaq ondan öyrənənlər üçün.