“SSRI-dən güclü zor ölkəsi yox idi ki…”

Sirus Təbrizli növbəti dəfə bomba partlatdı

“Çe Gevaraya marağın artması elə-belə deyil. Mənim də cavanlıqda ideallarımdan biri Çe Gevara olub. Həmçinin Mahatma Qandi, Nelson Mandela – bunlar haqsızlığa qarşı vuruşan adamlar olub. Vaxtilə Azərbaycan televiziyasında 45 dəqiqə Çe Gevara haqqında veriliş aparmışam. Ərəb ölkələrində niyə Islam inqilabları baş verdi? Islam inqilablarının törədiciləri həmin ölkələrdəki rəhbərlər idi. Yəni onu törədən şah, Səddam, Mübarək, Qəzzafi, Bəşər Əsəddir. Deməli, insanlar yaşadıqları cəmiyyətdə ədalət görməyəndə onlar bu ədaləti göylərdə axtarırlar…
…Dünya insanlarını, xüsusilə gəncləri onun haqq-ədalət yolunda şəhid olması cəlb edir. Nə qədər ki, ideal vəziyyət yoxdur, haqq-ədalət bərpa olunmur, bax, Çe Gevaraya olan münasibət onunla bağlıdır”. Bu sözləri YAP-ın qurucularından olan Sirus Təbrizli “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib.
O daha sonra bildirib ki, hakimiyyət Azərbaycanda gənclərin Çe Gevaranın şəkilləri olan köynəkləri geyinməsini analiz etməli və bundan nəticə çıxarmalıdır: “Sözsüz ki, gərək hakim dairə bunu analiz eləsin, məsələnin kökünü öyrənsin. Belə şeylərdə uydurma təbliğatla, ”ura” ilə iş görmək olmaz. Bu, sonra böyük fəsadlar yarada bilər. Şəxsən mən şəhərə az çıxıram. Ancaq əgər Çe Gevaraya rəğbət varsa, bu çox tutarlı siqnaldır. Buna göz yummaq olmaz, reaksiya vermək lazımdır. Çe Gevara film artisti, müğənni, idmançı, ya da Ronaldo deyil ki, deyim futbol oynayır, qəşəng oğlandır deyə, şəklini gəzdirirlər. Bu adam siyasətçidir, haqq uğrunda şəhid olub. Ona görə də meyl oradan başlayır.
Sirus Təbrizli əlavə edib ki, zorla etirazların qarşısını almaq mümkün deyil: “SSRI-dən də güclü zor ölkəsi yox idi ki. Hesablayın, görün Səddamın, Mübarəkin nə qədər tankı var idi. Elə ərəb diktatorlarının əksəriyyəti hakimiyyətə inqilab yolu ilə gəlmişdilər. ”Xalq-xalq” dedilər, sonra xalqa o birilərindən də betər zülm etməyə başladılar. Amma Çe Gevara vəzifəyə getmədi. Bu gün adını müsəlman qoyan rəhbərlər həm Islama, həm Peyğəmbərə, həm də Allaha xəyanət etdilər. Ən dəhşətlisi odur ki, hətta Allahın adından allahsızlıq elədilər”.
O, “Eks-prezidentlər haqqında” qanundan danışarkən Əbülfəz Elçibəy və Ayaz Mütəllibov barədə xoş sözlər deyib: “Eks-prezidentlərlə bağlı qanunu da təqdir edirəm. Biz gərək hər işdə yaxşılığı görək. Ayaz Mütəllibov kişi kimi qan tökmədən hakimiyyəti xalqa verdi, Xalq Cəbhəsi hakimiyyəti götürdü. Əbülfəz Elçibəy də kişi kimi qan tökmədən hakimiyyəti Heydər Əliyevə verdi. Biz bunları unutmamalıyıq. Ona görə də onların hər ikisinə, ailələrinə hörmət düşür”.