Misir Mərdanov onu “aşırmaq” istəyənlərin adını deyib

Təhsil naziri hansı məmurlardan şübhələnir və kimə güvənir?

Təhsil naziri Misir Mərdanova hücumların artdığı bir vaxtda onun tezliklə vəzifəsindən uzaqlaşdırılacağı barədə rəy yaransa da, yaxın ətrafı belə düşünmür.
“Azadlıq”a daxil olan məlumatlara görə, Misir Mərdanov yaxın ətrafına bildirib ki, əslində bütün hücumlar hakimiyyətdə onun rəqibləri tərəfindən təşkil edilib. Birinci şəxs onun barəsində yüksək fikirdədir və hələ ki, işdən çıxarmaq niyyətində deyil. Nazir xüsusilə 3 məmurun ona qarşı fəaliyyətdə olduğunu vurğulayıb. Bunlar Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, PA-nın şöbə müdiri Fatma Abdullazadə və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadədir. Misir Mərdanov ona qarşı açıq və ya gizli kampaniyanın məhz bu məmurlar tərəfindən təşkil olunduğu qənaətindədir. Onun fikrincə, Ramiz Mehdiyev, bəzən Fatma Abdullazadə onunla bağlı planlarda müəllif, Məleykə Abbaszadə isə icraçıdır. Hər halda Misir Mərdanov adıçəkilən məmurların onu yıxmaq istədiyindən şübhələnir. Hesab edir ki, onların hər hansı birinin təhsillə bağlı tənqidi çıxışlarının kökündə təhsilə qayğı deyil, məhz onun “vurulmasını” sürətləndirmək dayanır.

Informasiya şöbəsi