Kəmaləddin Heydərov hakim ailənin qəzəbinə gəlib

“Fövqəlnazir” onların razılaşmadığı layihəni özü həyata keçirmək istəyib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hakim ailənin qəzəbinə gəlib. Əldə etdiyimiz məlumatlara görə, buna səbəb “fövqəlnazir”in ailənin başı üzərindən iri şirkətlərin sahiblərilə biznes qurmaq istəyi olub.
Məlumatlarda deyilir ki, bu yaxınlarda Ukraynanı sabiq prezidenti Leonid Kuçmaya yaxın şəxslərdən biri “Samsunq” və “General Motors” şirkətlərinin sahiblərilə birgə Bakıya təşrif buyurub. Onların Azərbaycana səfər etməkdə məqsədi ölkəmizdə iri biznes layihəsi gerçəkləşdirməkdən ibarət olub. Qonaqlar ilk əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb. Görüşdə nazirin diqqətinə çatdırılıb ki, onlar 4 ölkədə iri tekstil fabriki açmaq niyyətindədirlər. Bu ölkələrdən biri isə Azərbaycandır. Azərbaycanın hakim elitasının nüfuzlu şəxslərindən biri kimi isə ilk olaraq bu məsələni  Kəmaləddin Heydərovla müzakirə etməyi məqsədəuyğun sayıblar. “Fövqəlnazir” qonaqlara bu layihəni Qəbələ rayonunda reallaşdırmağı təklif edib. Lakin onlar layihəni məhz Bakı şəhərində reallaşdırmaq istədiklərini Kəmaləddin Heydərovun diqqətinə çatdıraraq nazirin təklifini qəbul etməyiblər. Görüş bununla da başa çatıb. Bundan sonra qonaqlar məsələni birbaşa hakim ailə ilə müzakirə etmək qərarına gəliblər. Və ediblər də. Hakim ailə ilə görüşdə onların layihəsi bəyənilib. Qonaqlara paytaxtda iri ərazi veriləcəyi də bildirilib, lakin 50/50-yə ortaqlıq şərtilə. Hakim ailənin irəli sürdüyü şərt qonaqları qane etməyib. Bu halda onlar Qəbələ məsələsinə yenidən baxmağı düşünüblər və növbəti dəfə Kəmaləddin Heydərovla görüşüblər. “Fövqəlnazir” şəxsi helikopterini qonaqların sərəncamına verərək onları Qəbələyə göndərib. “Fövqəlnazir”in hansı şərtlər irəli sürdüyü və   danışıqların nə yerdə qaldığı barədə bilgimiz yoxdur. O bəllidir ki, Kəmaləddin Heydərovun bu addımı hakim ailənin qəzəbinə səbəb olub. Bəzi mülahizələrə görə, “fövqəlnazir”in “Qəbələ imperiyası”na əl qoyulması da bununla bağlıdır. Məlumat üçün deyək ki, “Qəbələ” futbol komandası Ilham Əliyevin kürəkəni Səməd Qurbanovun ixtiyarına verilib. Onun həmçinin Qəbələ Konserv Zavoduna şərik edildiyi də bildirilir.

Polad