Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında gərginlik artan xətt üzrə gedir. Zaman-zaman bir-birinin ünvanına sərt ittihamlar ünvanlayan təhsilin bu iki mühüm qurumu son olaraq ötən həftə “üz-üzə” gəlib. Əksər hallarda olduğu kimi, bu dəfə də TQDK hücum, Təhsil Nazirliyi müdafiə mövqeyində oldu. Nazirlik TQDK-nin ittihamlarını yalan və böhtan, qurumun özünü isə ona aid olmayan işlərə qarışmaqda günahlandırdı. Maraqlıdır, bu məsələ ilə bağlı parlamentin deputatları, xüsusən də təhsillə birbaşa əlaqəsi olanlar nə düşünürlər?
“Bunun öhdəsindən nə Təhsil Nazirliyi gələ bilər, nə Tələbə Qəbulu Komissiyasi”
“Odlar Yurdu” Universitetinin rektoru, deputat Əhməd Vəliyev bildirdi ki, Gürcüstandan yenicə qayıtdığı üçün iki qurum arasındakı son gərginlikdən xəbərdar deyil. Amma hesab edir ki, hər iki qurum öz işini layiqincə yerinə yetirir: “Məqaləni oxumadığıma görə, bilmirəm kim kimi, nəyə görə günahlandırır. Özümlə bağlı məsələ olsaydı, dəqiq qiymət verərdim. Prosesin içində olmadığıma görə nəsə deyə bilmərəm”.
Ə.Vəliyev hesab edir ki, belə məsələlər parlamentə çixarılmamalıdır: “Parlament qanunverici orqandır. Kimsə kimisə ittiham edir, onu parlamentin müzakirəsinə çixarmaq olmaz ki. Hər ikisi dövlət qurumudur. Biri deyir sənin dediklərin əsassizdir, o biri də deyir sənin. Amma mənə elə gəlir ki, hər iki qurum öz işini layiqincə yerinə yetirir. Şagirdlərin zəif olmasindan söhbət gedirsə, bunun öhdəsindən nə Təhsil Nazirliyi gələ bilər, nə də Tələbə Qəbulu Komissiyası. Təhsilə hər bir pedoqoji işçi, hər bir valideyn cavabdehdir. Təhsil işçisi kimi mən öz məsuliyyətimi dərk edirəm. Təhsildə bu və ya başqa formada zəiflik varsa, mən də günahkaram”.
“Bunlar işçi səviyyədə gedən müzakirələrdir”
Memarlıq və Inşaat Universitetinin rektoru, deputat Gülçöhrə Məmmədova iki qurum arasında baş verənləri işçi səviyyədə gedən müzakirələr kimi qiymətləndirir: “Bunlar ümumi işin xeyrinə, təkmilləşməsinə, daha yaxşı qurulmasına yönəlib. Hesab edirəm ki, buna başqa cür rəng vermək lazım deyil. Hər bir qurumun ixtiyarı var ki, olan nöqsanları aşkar etsin, ictimaiyyətə təqdim etsin. Bizim də borcumuzdur ki, onların aradan qaldırılması üçün işlərimizi görək. Bunun hansi formada olacaği isə bizim işimizdir”.
“Iki qurum arasinda nüfuz davasi gedir”
Deputat Sabir Rüstəmxanli son günlər Bakıda olmadığı üçün məlum mübahisələri izləyə bilmədiyini dedi. Bununla belə, S.Rüstəmxanlı iki qurum arasında bu cür mübahisələrin ilk dəfə baş vermədiyini, onların bundan əvvəl də oxşar ittihamlarla çıxış etdiklərini bildirdi: “Hər halda bu, yeni söhbət deyil. Təhsil Nazirliyi ilə TQDK arasında bəzən açıq, bəzən gizli savaş gedir. Məncə, nəyin mübahisəsinin getdiyini Azərbaycanda bilməyən yoxdur. ”Iki qurum arasında nüfuz davası gedir. Söhbət ondan gedir ki, təhsili kim idarə etməli, bu işi kim görməlidir. Ikisi də əhəmiyyətli qurumdur və bunların bir-birini ittiham etməsi hakimiyyətin iki mühüm qanadının bir-birini inkar etməsidir. Hər halda bunu cəmiyyətimizə yaraşdırmıram və hesab edirəm ki, düzgün deyil. Təhsil millətin gələcəyidir. Təhsil Nazirliyinin güclü olması, tam gücüylə işləyə bilməsi vacibdir. Nazirlik mövcud ola-ola onu gözdən salmaq, səlahiyyətlərini əlindən almaq düzgün deyil. Tələbə qəbulu işi də çox mühüm işdir. Amma nə olursa, olsun orta məktəb gözdən salına bilməz”.
“Məleykə Abbaszadə təhsil nazirini təftiş və ittiham etməkdən əl çəkmir”
Deputat Fəzail Ağamalı isə hesab edir ki, qarşılıqlı ittihamlardansa bir masa ətrafinda oturub müzakirə aparmaq lazımdır: “Mövcud nöqsanları aradan qaldırmaq üçün səyləri birləşdirmək daha faydalı olar. Bu daha məqbul variantdır və mətbuata da bu barədə vaxtaşırı məlumatlar verilər. Məleykə Abbaszadə işini-gücünü atıb təhsil nazirini təftiş və ittiham etməkdən əl çəkmirsə, mən buna yaxşı baxmıram. Azərbaycan təhsilinin üzərindən xətt çəkmək Azərbaycanı istəməyən qüvvələrə kifayət qədər əlavə arqument verir. Məleykə Abbaszadənin seçdiyi forma kökündən yanlışdır və təhsildəki problemlərin aradan qaldırılmasına maneədir. Qarşı tərəf də məcbur qalib ona ünvanlanan haqlı və haqsız ittihamlara haqq qazandırmalı olur. Bu da vaxt və enerji aparır. Məleykə Abbaszadə təhsildəki problemləri bu dərəcədə qabardaraq, daha tünd rənglərlə vermək üçün özünün komandasina və ekspertlərinə göstəriş verib ki, bunları hazırlayın. Hazırlanır və çıxır mətbuata. Təhsil Nazirliyi də məcburən öz işçilərinə göstəriş verir ki, buna cavab hazırlayın. Yanlış münasibətlərdir və buna son qoyulmalıdır”.
Məsələyə parlament səviyyəsində münasibət bildirilməsinə gəlincə, F.Ağamali bununla bağlı bir neçə dəfə çıxışlar etdiyini deyir: “Mən dəfələrlə Məleykə Abbaszadə ilə bağlı fikirlərimi demişəm. Bizim tənqidi qeydlərimizdən sonra TQDK abıra mindi. Çünki vaxtilə çox biabırçı vəziyyət hökm sürürdü. Baxırdin ki, ölkənin ən nüfuzlu ali məktəblərinə bir nəfər də adi adam qəbul olunmayıb. Mən ötən dəfə bununla bağli parlamentdə də fikirlərimi söylədim. Məleykə Abbaszadə düşünməsin ki, onun apardığı qəbul ideala yaxındır. Əgər bu gün tələbələrin 50-55 faizi öz biliyi ilə qəbul olunursa, 40 faizi müxtəlif üsullarla ən nüfuzlu yerlərə qəbul olunur. Bu faktdir. Təhsil sisteminin özündə də nöqsanlar var. Amma bu məsələnin həlli yolu bir stol arxasında qarşı-qarşıya oturub müzakirə aparmaqdır”.
“Hər iki qurum öz işinə məsuliyyətlə yanaşır”
Sonda YAP Siyasi Şurasının üzvü, deputat Aydin Mirzəzadəyə də müraciət edib, onun da bu məsələ ilə bağlı nə düşündüyünü öyrəndik. A.Mirzəzadə baş verənlərdə qeyri-adi heç nə görmədiyini bildirdi: “Hər iki qurum müəyyən bir məsələ ilə bağli öz mövqeyini ortaya qoyub. Sonraki münasibətlərdə də yəqin ki, daha aydin mənzərə yaranacaq. Ola bilsin ki, müəyyən anlaşılmazlıq olub. Amma bu da tez bir zamanda aydınlaşacaq. Bu münasibətlərdə xüsusi reaksiya göstəriləcək hal görmürəm. Hər iki qurum öz işinə məsuliyyətlə yanaşır və üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır”.
Gültəkin


