Azərbaycanda ana olan məktəblilərin rəsmi – STATİSTİKASI

Azərbaycanda nikah yaşı 18 olsa da, erkən yaşda ərə verilən qızların sayı ilə bağlı ciddi rəqəmlər var və bu, son illər artmaqda davam edir. Ölkənin bəzi bölgələrində qız uşaqlarını çox erkən yaşlarında – 15-16-17 yaşlarında ərə verməyə adət ediblər. Belədə yeniyetmə qızlar təbii ki, həm də erkən yaşda ana da olurlar.

Modern.az saytı bu istiqamətdə araşdırma apararkən Dövlət Statistika Komitəsindən Azərbaycanda erkən yaşda (15-17 yaş) ana olan qızlarla bağlı statistik məlumatlar əldə edib.

Rəsmi statistikadan belə məlum olur ki, erkən yaşda ana olan azərbaycanlı qızların sayı hər il bir neçə yüz nəfər artır.

Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə 3538 nəfər yeniyetmə (15-17 yaşlı) qız dünyaya uşaq gətirib. Bir il sonra bu rəqəm xeyli artıb. Belə ki, 2010-cu ildə 15-17 yaşlı 4103 nəfər yeniyetmə qız ana olub. 2011-ci ildə erkən yaşda ana olan yeniyetmə qızların sayı bir qədər də artaraq 4500-dək yüksəlib.

Dövlət Statistika Komitəsi 2012-ci ilə dair rəsmi statistikanı hələ hazır etməsə də, bu ilin birinci yarısına olan rəqəmlərin xeyli yüksək olduğu bildirilir.

Qeyd edək ki, Modern.az saytının bir müddət öncəki araşdırması nəticəsində nikah yaşı çatmayan qızlarla bağlı digər utancverici faktlar aşkarlanmışdı. Məlum olmuşdu ki, erkən yaşda aborta məruz qalma halları da ildən-ilə artır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə 15-17 yaşı olan 131 qız aborta məruz qalıb. Sonrakı illərdə bu rəqəm bir qədər də artıb: 2009-cu ildə 15-17 yaşında 145 qız, 2010-cu ildə isə bu yaşda 158 qız abort etdirib.