“Hökumət “A” planını həyata keçirə bilmədi”

“Siyasi müxalifətlə dialoq başlansa mövzu köklü dəyişikliklərin mexanizmləri olmalıdır”

“İctimai Palatanın vahid namizədini müəyyənləşdirməyə çalışmaq qəbahətli iş deyil. Söhbət onun vaxtından gedir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli “Media forum” saytına geniş müsahibə verib. Müsahibəni təqdim edirik:

– Hakimiyyət cəmiyyətin müxtəlif təbəqələri ilə dialoqa başlayıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov KİV və QHT rəhbərləri ilə görüşüb. Bunu necə qiymətləndirirsiniz?

– Təəssüflər olsun ki, uzun illərdir Azərbaycanda heç bir dialoq atmosferi olmayıb. Hökumət nə ölkənin real müxalifət qüvvələri, nə də vətəndaş cəmiyyəti ilə bir masa arxasında oturub. Əksinə, vətəndaş cəmiyyətini, siyasi müxalifəti, azad mətbuatı tamamilə əzib sıradan çıxarmaq dövlət siyasəti olub və Azərbaycan iqtidarı illərlə bu istiqamətdə çalışıb.

Amma Azərbaycan cəmiyyəti kifayət qədər yetkin olduğuna, Azərbaycanda gerçək müxalifət partiyaları, birlikləri, müstəqil qəzetlər, həqiqi vətəndaş cəmiyyəti institutları formalaşdığına görə, onlar bütün maneələrə baxmayaraq özlərini qoruyub saxlaya bildiklərindən, nəhayət, indi dünya birliyinin Azərbaycana diqqəti artdığından hökumət birinci planı – “A” planını həyata keçirə bilmədi. O planda bütövlükdə vətəndaş cəmiyyətini əzib məhv etmək və hökumətə tabe etdirmək nəzərdə tutulurdu. Bu baş tutmadı. Qərbin Azərbaycana diqqətinin artması, “Avroviziya 2012” musiqi yarışmasından sonra da Azərbaycana demokratikləşmə ilə bağlı ardıcıl çağırışların edilməsi, xüsusilə də Avropa Parlamentinin Azərbaycana münasibətdə olduqca prinsipial bir mövqe seçməsi, bu günlərdə Avropa Şurasının da həmin prinsipial mövqeyə qoşulması Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə münasibətini korrektə etməsinə təkan verib. Redaktorlarla, sonra da vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşün keçirilməsi belə bir dialoqun başlanması üçün ilk addım sayıla bilər.

Ancaq bunu hələ tam mənası ilə dialoq saymıram. Çünki dialoq bir prosesdir və bu proses nəticə doğurmalıdır, mövcud problemlərin həllinə yönəlməlidir, görüntü, imitasiya xarakteri daşımamalıdır. Bu prosesin nəticəsində vətəndaş cəmiyyətinin, azad mətbuatın problemləri öz həllini tapmalıdır. Ancaq o halda dialoqun baş tutmasından danışa biləcəyik. Hələlik isə bu dialoqun başlanması üçün cəhd edilib. Biz də prosesi diqqətlə izləyirik.

Əlbəttə ki, biz dialoq tərəfdarıyıq. Cəmiyyətin bütün spektri ilə iqtidar arasında normal və işgüzar dialoqun olmasına tərəfdarıq, hər zaman bu mövqedə olmuşuq. Amma biz istəmirik ki, bu görüşlər gözdən pərdə asmaq, imitasiya üçün olsun, nəticəsiz qalsın. Ona görə prosesi diqqətlə izləyirik. Əgər proses gerçək bir dialoqa çevriləcəksə, biz bunu təqdir edəcəyik, bu, Azərbaycanda doğrudan da sivil münasibətlərin formalaşmasına, islahatların önünün açılmasına gətirib çıxara bilər. Əgər məqsəd yenə də vaxt tutmaq, kimlərisə aldatmaq olsa, o halda bunu nə bizdən, nə də cəmiyyətdən gizlətmək mümkün olacaq.

– Müxalifətlə, İctimai Palata ilə dialoq təşəbbüsləri varmı?

–  Xeyr, belə bir təşəbbüs yoxdur.

– Hökumətin siyasətinə, tutduğu mövqeyə, keçmiş təcrübəyə nəzər salanda bu dialoqun imitasiya olma ehtimalı daha çoxdur, yoxsa real addımların atılacağı ehtimalı?

– Bunu müəyyənləşdirmək hələ çətindir. Mən buna çox pozitiv yanaşa bilmirəm. Çünki hələ ortada nəticə yoxdur. Gərək nəticə olsun ki, söhbətin imitasiyadan yox, həqiqətən dialoqdan getdiyibi deyə bilim. Hələ ki, heç neqativ də yanaşmaq istəmirəm. Çünki prosesin alınmasında maraqlıyam. Hökumətin bu prosesi pozmaq niyyəti olarsa da, bizim hər hansı mövqeyimizi, yanaşmamızı bəhanə edə bilməsini istəmirəm. Ona görə də hələ ki, prosesi izlədiyimizi ifadə etmişik. Bununla bağlı İctimai Palatanın Koordinasiya Şurasının açıqlaması da olub. Biz prosesin geniş mənada baş tutmasının tərəfdarıyıq, necə gedəcəyini izləyirik və nəticələrə görə qiymət verəcəyik.

– İctimai Palata bir neçə dəfə hakimiyyətə dialoq təklif edib. Palata problemləri və onların həlli yolunu göstərən yol xəritəsi hazırlayıb hökumətə ünvanlamışdı. Geniş dialoq olsa, ölkədə nə dəyişə bilər?

– Müxtəlif təbəqələrlə aparılan dialoqların predmeti bir-birindən fərqlənə bilər. Geniş mənada, əlbəttə ki, həm vətəndaş cəmiyyəti, həm mətbuat, həm də siyasi müxalifətlə dialoq demokratiyanın məhdudluğu, demokratiyanın sıxışdırılması ilə bağlı problemlərin aradan qaldırılmasına yönəlir. Bu, ümumi cəhətidir. Eyni zamanda bu təbəqələr üçün prioritetlər fərqlidir. Mətbuatdan aldığım məlumata görə, redaktorlarla Prezident Administrasiyasının nümayəndəsi arasında əsasən azad mətbuatın üzləşdiyi problemlər konkret müzakirə mövzusu olub. Uzun illərdir Azərbaycan hökuməti mətbuatı məqsədyönlü şəkildə sıxışdırır. Amma axır vaxtlar bu sıxışdırma daha da miqyaslı olub, daha da təhlükəli həddə gəlib çıxıb. Ona görə də burada əsas müzakirə predmeti bilavasitə mətbuatın özünə bərabər rəqabət imkanının yaradılması, ona qarşı yönələn təzyiqlər olub.

Vətəndaş cəmiyyətində yenə də prioritetlər bir qədər fərqli olur. İlk növbədə QHT-lərin üzləşdiyi problemlər diqqət mərkəzində olub. Onların normal, ölkə boyu sərbəst fəaliyyət göstərə bilməsi, qeydiyyatı, qarşılaşdıqları təzyiqlərin aradan qaldırılması ilə bağlı olub.

Siyasi müxalifətlə normal, tamhüquqlu bir dialoq başlansa, heç şübhəsiz ki, ölkədəki köklü dəyişikliklərin mexanizmləri müzakirə mövzusu olmalıdır. Bu ölkədə demokratik seçkilərə necə nail olmaq olar? Necə etməliyik ki, Azərbaycan xalqının, nəhayət, özünə hökumət, parlament, prezident seçmək imkanları olsun? Əlbəttə, bu mövzular mütləq müzakirə edilməlidir.

İndidən dialoq üçün gündəlik təklif etmək istəmirəm. Bir halda ki, ölkəmiz bütün dünya miqyasında azad olmayan çox az sayda ölkədən biri sayılır, son 19 ildə keçirilmiş seçkilərin hamısı qeyri-demokratik, qeyri-legitim hesab olunur, ölkədə çoxsaylı siyasi basqılar, problemlər var, bu problemlərin əksəriyyəti, ekspertlərin də razılaşdığı kimi, bilavasitə hakimiyyətin legitimləşməsi ilə bağlıdır. Hansı məsələni müzakirə etsəniz, ölkədə xalq hakimiyyəti ilə seçilmiş, legitim hakimiyyətin olmamağına bağlanacaq.

Korrupsiyanı müzakirə etsək, o qənaətə gələcəyik ki, hakimiyyət legitim, xalq qarşısında məsul deyil, mandatı xalqdan almayıb, ona görə də belə cəzasız və məsuliyyətsiz şəkildə korrupsiya ilə məşğul ola bilir. Qarabağla bağlı müzakirələr aparsaq, yenə ona gəlib çıxacağıq ki, birbaşa xalqın içindən çıxmayan bir hakimiyyət olduğuna görə, xalq qarşısında birbaşa məsuliyyət daşıyan, o cümlədən seçki qutuları qarşısında da məsuliyyət daşıyan bir hakimiyyət olmadığına görə xalqın əsas problemlərinə biganə ola bilir. Bütün başqa məsələləri də müzakirə etsək, ana problemə, köklü problemə catacağıq. Ölkədəki problemlərin kökü xalqın seçmək hüququnun olmaması, heç kimin seçmədiyi, xalqın mandat vermədiyi bir qrup adamın hakimiyyəti zəbt etməsi ilə bağlıdır.

Heç şübhəsiz ki, nə vaxtsa real dialoq olarsa, bu məsələlər – ölkəni demokratikləşməyə addım-addım aparmaq müzakirə olunmalıdır. Təqribən bir il bundan qabaq hakimiyyətə təqdim etdiyimiz “Avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi” olduqca bitkin sənəddir. Burada demək olar ki, Azərbaycanın atmalı olduğu bütün addımlar, bütün islahatlar ardıcıl sıralanır, göstərilir. Bu proses təqribən bir il, il yarım ərzində gəlib ona çatmalıdır ki, ölkədə həm müstəqil parlament, həm də müstəqil prezident seçkiləri keçirilsin. Hər iki seçki demokratik şəraitdə keçirilsin, beynəlxalq standartlara cavab versin, bununla da keçid başa çatmış olsun.

– Hakimiyyətin dialoqa başlamasına əsas təkanverici amil nə ola bilər?  Hökumətin siyasətində dəyişiklik, beynəlxalq təzyiq, yoxsa ölkədəki vəziyyət hakimiyyəti belə addım atmağa vadar edir?

– Bir daha vurğulamaq istəyirəm, hələ ki, bu yöndə atılan addımları qiymətləndirmək tezdir. Amma prosesin başlanması ilə bağlı, əlbəttə ki, səbəblər toplusu var. İlk növbədə Azərbaycan cəmiyyətinin dözümlü, dayanıqlı olması rol oynadı ki, hökumətin vətəndaş cəmiyyətini, siyasi müxalifəti, azad mətbuatı məhv etməyə gücü çatmadı. Çox çalışdı, bütün vasitələrə əl atdı, amma bizim müqavimətimiz güclü oldu. Bütün çalışmalara rəğmən ölkədə real müxalifət də özünü qoruyub saxlaya bildi. Azad mətbuatın da adaları qorunub saxlandı. Vətəndaş cəmiyyətində hökumət yüzlərlə təşkilatı öz qılıncından keçirsə də, sayı bəlkə də çox olmadı, amma onlarla nüfuzlu, iş görə bilən, bütün dünyada tanınan gerçək vətəndaş cəmiyyəti institutları bu hücumlara tab gətirə, özünü qoruyub saxlaya bildi. Başqa sözlə, hökumət başa düşdü ki, neçə illik səlib yürüşlərindən sonra Azərbaycan cəmiyyətini tam olaraq ram etmək mümkün deyil.

İkinci faktor onunla əlaqədar oldu ki, ilbəil Azərbaycana beynəlxalq diqqət artır. Əlbəttə ki, Azərbaycanın ilbəil Avropa Birliyi ilə münasibətlərinin intensivləşməsi, Avropa Birliyinin qonşuluq proqramında, “Şərq tərəfdaşlığı” proqramında iştirakçı olması, hətta indi assosiativ üzvlüklə bağlı saziş üzərində iş getməsi bu münasibətləri sıxlaşdırır. Azərbaycanın digər qonşuları ilə münasibətlərindəki çətinliklər də hökumətin Qərb inkişaf modelindən imtina etməsinə imkan vermir. Buna da cəhd edildi. Azərbaycanı Qoşulmayanlar Hərəkatına daxil etdilər, dəfələrlə “Azərbaycan xarici siyasətində köklü dəyişiklik edəcək, Qərbə inteqrasiya siyasətindən imtina edəcək” deyə ardında real iş dayanmayan bəyanatlar verdilər. Hökumət əslində çox istəyərdi ki, Qərbə inteqrasiya istiqamətində addımlar atılmasın, bu proseslərin hamısının qarşısı alınsın. Amma ona da imkanı çatmır. Hökumət hər istədiyini edə bilmir, resursları məhduddur.

Bu baxımdan yaxın qonşularla münasibətlərin gərginləşməsi fonunda Azərbaycan hökumətinin Qərbdən, demokratiya paytaxtlarından gələn israrlı çağırışları da qulaqardına vurmaq imkanları tükənir. Günü-gündən bu çağırışların intensivliyi artır, yeni-yeni qüvvələr bu prosesə qoşulur. Azərbaycan hökuməti üçün buna nail olmaq da günü-gündən çətinləşir. Bir sıra beynəlxalq qurumlarda kürü diplomatiyası iflasa uğrayıb, istənilən nəticəni vermir. Bunu yaxınlarda Avropa Şurasının simasında gördük. Uzun illər bu şuranın normal fəaliyyətini Azərbaycan hökuməti kürü diplomatiyası ilə sabotaj edə bilmişdi. İndi avropalılar nə baş verdiyini başa düşdükdən sonra ortaya mövqe qoydular, bu qurum da Azərbaycan hökumətinə qarşı prinsipial mövqe tuta bildi. Yəni ikinci ümumiləşdirilmiş səbəb onunla bağlıdır ki, bilavasitə Qərbdən Azərbaycanın demokratikləşməsinə yönəlmiş çağırışlar intensivləşir və Azərbaycan hakimiyyətinin bunları dinləməmək imkanları günü-gündən azalır.

Üçüncü bir proses də var. Mahiyyətcə nə qədər antidemokratik olsa da, indiki hakimiyyətin təmsilçiləri də dünyada nə baş verdiyini görürlər. Bəzən lazım olan nəticəni çıxara bilməsələr də, geniş mənada onlar da dərk edirlər ki, dünya bir dəyişikliklər mərhələsinə daxil olub. Artıq bu dünyada avtoritar sistemlərə, diktaturalara, dünyaya qapalı sistemlərə yer qalmayıb. Bir az tez, bir az gec, bir az müqavimət göstərməklə olsa da, bütün bu sistemlər məğlub olur, tarixin səhnəsini tərk edir, üstəlik, daha çox müqavimət göstərənlər xalqlar tərəfindən daha artıq, daha ciddi cəzalandırılır. Bunu da yəqin ki, hakimiyyət düşərgəsində görüb nəzərə alanlar var.

– Müxalifət uzun illərdir ki, Avropa Şurasından narazılıq edirdi. Hətta İctimai Palatanın təmsilçiləri AŞPA həmməruzəçiləri ilə görüşdən imtina etmişdi. Amma AŞPA-nın son sessiyasında Azərbaycanla bağlı xeyli müzakirə keçirildi, qurumun komitəsi siyasi məhbuslarla bağlı məruzəni qəbul etdi. Avropa Şurasının birdən-birə belə radikal addımlar atması nəyin nəticəsi idi?

– Mövqe birdən-birə dəyişmədi, sadəcə olaraq birdən-birə qərara çevrilib Azərbaycan ictimaiyyətinə təqdim olundu. Bu mövqeyin dəyişməsindən ötrü Azərbaycan müxalifəti və vətəndaş cəmiyyəti uzun illər ardıcıl mübarizə aparıb və mübarizə davam edir. Biz Avropa Şurasında ilk pozitiv dəyişikliyə 2009-cu ildə nail olduq. O zaman Avropa Şurasında dörd illik fasilədən sonra yenidən siyasi məhbuslar üzrə məruzəçi təyin edildi. Məhz Azərbaycan müxalifətinin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyətinin səyi ilə 2009-cu ildə Kristofer Ştrasser indiki mandatını aldı.

Amma ondan sonra da Azərbaycan hökumətinin mövqeyi güclü idi deyə hökumət Ştrasseri ölkəyə buraxmamağı, müzakirələri ləngitməyi, xüsusilə də Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri vasitəsilə prosesi ləngitməyi özünə rəva görürdü. Təsadüfi deyil ki, son iki ildə Azərbaycan üzrə məruzəçilər ölkədə ildə bir dəfə olmuşdular. Bu il isə iki dəfə gəliblər. Halbuki monitorinqin ilk illərində Azərbaycan üzrə məruzəçilər ildə azı on dəfə gəlib müxtəlif sahələr üzrə araşdırma aparırdılar. Azərbaycan hökumətinin Avropa Şurasındakı lobbiçiləri ölkə üzrə monitorinqin formal xarakter almasına, Azərbaycanla bağlı müzakirələrin sessiyadan-sessiyaya ötürülməsinə nail ola bilmişdi.

Qüvvələr nisbətini nə dəyişdi? İlk növbədə “Avroviziya” ərəfəsində dünya mediasının Azərbaycana üz tutması, siyasətlə az-çox maraqlanan avropalıların ölkənin problemlərindən xəbər tutması. Avropalılar ölkəni 40 ilə qədər bir sülalənin idarə etdiyini, hakimiyyət dəyişikliyinin demokratik yolunun qapandığını, korrupsiyanın ölkədə dövlət siyasətinə çevrildiyini, dövlət hakimiyyətində təmsil olunanların zəngin insanlar olduğunu, bu zənginliklərin bir qisminin Avropada rejimin mövqeyini müdafiə edən bəzi siyasətçilərlə bölüşdürüldüyünü bildilər. Ona görə də Avropa cəmiyyətinin öz siyasətçilərinə nəzarəti artdı. Həmin deputatlar, vəzifəli şəxslər xalqın nəzarətini hiss edərək daha ehtiyatlı rəftar etmək məcburiyyətində qaldılar. Çünki Avropada demokratiya var və xalqın gözündən düşən insanın yenidən mandat almaq imkanı, korrupsionerləri açıq-aşkar müdafiə edən insanların seçici rəğbəti qazanması mümkünsüzdür. Bu səbəblər və bizim ardıcıl işimizə görə qüvvələr nisbəti dəyişdi, Azərbaycan hökumətinin xərclədiyi milyonlar bu mərhələdə, demək olar ki, batdı, o, Avropa Şurasında öz mənafelərinə qarşı hesab etdiyi qətnamələrin qarşısını ala bilmədi.

– Avropa Şurasının bu mövqeyini davam etdirməsini gözləyirsinizmi? Yoxsa qəfil əvvəlki vəziyyətə qayıtmaq ehtimalı qalır?

– Əlbəttə ki, mübarizə gedəcək. Əvvəla, Avropa Şurasında yalnız Qərbi Avropa deyil, böyük Avropa təmsil olunur. Şərqi Avropa ölkələrinin bir çoxu, təəssüf ki, korrupsiyaya açıqdır, Azərbaycan hökuməti onlarla dil tapa bilir. Müəyyən geopolitik amillər də var. Təəssüf ki, Türkiyə və Rusiyadan olan nümayəndə heyətləri çox zaman Azərbaycan hakimiyyətini müdafiə edən mövqe ortaya qoyurlar. Türkiyədə bir çox deputat müttəfiqlik məsələsini yanlış başa düşərək hesab edir ki, Azərbaycanla dostluq, qardaşlıq hökumətin bütün mövqelərinin müdafiə olunması deməkdir. Rusiya isə həm hökumətlə xüsusi münasibətləri, həm də demokratiyaya eyni mövqedən yanaşması ilə belə yol tutur.
Hətta Qərbi Avropada da müəyyən adamlar tapılır ki, asan yolla və birdən-birə varlanmaq eşqinə düşürlər. Axırıncı prinsipial səsvermənin özündə də Avropa Şurasındakı prinsipial demokratlar Azərbaycan hökumətinin tərəfdarlarına yalnız dörd səs üstünlüyü ilə qalib gələ biliblər (AŞPA-nın hüquq məsələləri və insan haqları komitəsi iyunun 26-da alman deputat Kristofer Ştrasserin siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini qəbul edib. Komitə üzvləri Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzənin oktyabr ayında keçiriləcək sessiyada müzakirəyə çıxarılmasına mövqelərini bildiriblər. 25 deputat məruzənin müzakirəyə çıxarılmasının lehinə, 23-ü isə əleyhinə səs verib – red.).
Mübarizə davam edəcək. Heç kim hesab etməsin ki, Azərbaycan hökuməti bu məğlubiyyətlə barışacaq, daha səy göstərməyəcək. Amma tədricən vəziyyətləri çətinləşəcək. Çünki Azərbaycan hökumətinin mahiyyəti dünyaya çatdırıldıqca bu hökumətin tərəfdarı kimi çıxış etmək istənilən siyasətçinin üzərinə kölgə salır. Azərbaycan hökumətinin imici o qədər neqativləşir ki, belə hakimiyyətin tərəfdarı olmaq adamların qarşısında müəyyən sual işarəsi yaradır. Ona görə də bu hakimiyyətə lobbiçilər, tərəfdarlar tapmaq asan olmayacaq.

– Hazırda İctimai Palatanın qarşısında duran əsas vəzifə nədir? Qurum 2013-cü ilin prezident seçkisinə hazırlıq, seçkidə iştirak məsələlərinin müzakirəsinə başlayıbmı?

– İctimai Palata özü belə bir müzakirə aparmasa da, cəmiyyətdə, xüsusən sosial şəbəkələrdə belə müzakirələr oldu. Çox təqdirəlayiq haldır ki, Koordinasiya Şurası axırıncı iclasında yekdilliklə, konsensusla belə bir açıqlama yaydı ki, hazırda İctimai Palatanın qarşısında vahid namizədin müəyyənləşdirilməsi vəzifəsi durmayıb. Qurum hazırda demokratik seçki şəraitinin yaradılmasını prioritet olaraq görür. Yəqin ki, növbəti sessiyada qurumun qarşısında duran yaxın strateji hədəflər, prioritetlər dəqiqləşəcək.

Hazırda İctimai Palatanın əsas hədəfləri ilk növbədə demokratik seçki şəraitinə nail olmaqdır. Belə şərait yaratmaqdan ötrü seçki qanunvericiliyində islahatlar başlanmalıdır. Yeri gəlmişkən, Avropa Şurası da öz qətnaməsində bizim seçki islahatı tələbimizə dəstək verir və hökumətə çağırış edib. Bununla bağlı İctimai Palata artıq təşəbbüs göstərib. Keçirdiyimiz dinləmələrdə İctimai Palataya daxil olmayan partiyalar da iştirak edirdi. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində demokratik qüvvələrin bütün spektrini – siyasi partiyaları, vətəndaş cəmiyyətini, müstəqil ekspertləri əhatə edən ciddi işçi qrupunun yaradılması və bu qrupun seçki qanunvericiliyinə təkliflər hazırlaması ilə bağlı konsensus var. Biz seçki islahatı uğrunda birliyə, demokratik qüvvələri səfərbər etməyə nail olmalıyıq. Bu, bizim birinci prioritetimizdir.

İkinci prioritetimiz demokratik qüvvələrin daha böyük birliyini əldə etməkdir. Bizim ölkənin ictimai-siyasi həyatına ciddi təsiri olan Ziyalılar Forumu ilə birgə işləmək razılığımız var. Payızda ümumrespublika demokratik müşavirəsi keçirmək planlaşdırılır. Ölkənin demokratik qüvvələrinin daha geniş spektrinin bir araya gəlməsi, demokratik qüvvələrin səylərini əlaqələndirmə yollarının, daha ciddi əməkdaşlıq imkanlarının tapılması, müxalifətin kəmiyyət və keyfiyyət etibarı ilə daha yüksək səviyyədə birliyinə nail olmaq da bizim prioritetimiz olacaq.

Azərbaycan cəmiyyətində demokratikləşmə prosesinə təkan verən əsas qüvvə İctimai Palatadır. Bu faktorun gücləndirilməsi, daha böyük siyasi qüvvə ilə meydana çıxması prioritet olmalıdır. Hesab edirik ki, İctimai Palatanı nəinki rayonlar, hətta qəsəbələr, kəndlər, seçki məntəqələri üzrə daha güclü təşkilatlandırmaq, ətrafına olduğundan da çox adam toplamaq vacib bir prioritet olmalıdır.

Ölkənin ən kəskin problemlərindən biri siyasi məhbus problemidir. Aprel məhbuslarının böyük əksəriyyəti azad olsa da, Xalq Cəbhəsinin öncül şəxslərindən Şahin Həsənli, müstəqil hüquq müdafiəçisi Vidadi İsgəndərli hələ də həbsdədir. Başqa siyasi məhbuslar da var. Son zamanlar onların sırası genişlənib. Siyasi məhbusların azad edilməsinə nail olmaq və Avropa Şurasının hüquq məsələləri və insan hüquqları komitəsinin qətnaməsində deyildiyi kimi, gələcəkdə bu hadisənin təkrarlanmaması üçün təminatlar yaratmaq bizim yaxın prioritetlərimiz olmalıdır.

– Şərait dəyişməsə, vəziyyət indiki kimi qalsa, seçkidə iştirak edəcəksinizmi?

– İndiki şərait niyə qalmalıdır ki? Yəqin ki, qalmayacaq. Şəraitin dəyişməsi üçün hər şey edəcəyik. Bütün fəaliyyətimiz indiki şəraiti dəyişməyə, seçkidə iştirak etməyə yönəlib.

– İctimai Palatanın bəyanatında, o cümlədən sizin açıqlamalarınızda, Müsavat Partiyasının başqanı İsa Qəmbərin açıqlamalarında deyilir ki, vahid namizəd məsələsinin müzakirəsi diqqəti əsas hədəflərdən yayındırır və hakimiyyətin maraqlarına xidmət edir. Amma bu müzakirələri aparan müxalifət partiyalarının üzvləri, İctimai Palatanın təmsilçiləridir. Siz AXCP sədri olaraq müavinlərinizə, sözçülərinizə vahid namizədlə bağlı müzakirələrdən yayınmaq tapşırığı vermisinizmi?

– Əvvəla, İctimai Palatanın vahid namizədini müəyyənləşdirməyə çalışmaq qəbahətli bir iş deyil. Nə zamansa biz bunu edəcəyik. Söhbət onun vaxtından gedir. Vahid namizədlə bağlı müzakirələrin aparılmaması məsələsi AXCP Ali Məclisinin Rəyasət Heyətində yekdilliklə qəbul olunub. Hər hansı xüsusi tövsiyəyə, tapşırığa ehtiyac yoxdur. Çünki bizim partiyanı təmsil edən, onu yönəldən insanların əksəriyyətinin birmənalı mövqeyi budur ki, bu diskussiyaları indi açmaq lazım deyil, bir az əvvəl sadaladığım prioritetlər üzərində işləmək lazımdır.

– Dediniz zamanı gələndə vahid namizədi müəyyənləşdirmək üçün müzakirələrə başlayacaqsınız. Bu müzakirələr təxminən nə vaxt başlana bilər?

– İndi heç nə demək istəmirəm. İctimai Palatanın daxilində sərbəst, səmimi müzakirə mühiti var. Vaxtaşırı keçdiyimiz mərhələni dəyərləndirib yeniliklərə baxırıq, qarşıdan gələn vəzifələri müəyyənləşdiririk. Zamanı gələndə heç bir qarşıdurma olmadan, hər hansı bir nifaq yaratmadan bu məsələni müzakirə də edəcəyik, həll də edəcəyik.

– Eks-prezident Ayaz Mütəllibov Azərbaycana qayıtdı. Eyni zamanda siyasətdən getdi. Onun ölkəyə qayıtmasını və siyasətdən getməsini necə qiymətləndirirsiniz?

– Siyasətə gəlib-getmək hər bir şəxsin müstəqil verəcəyi qərardır. Bunu qiymətləndirməyim. Amma əlbəttə ki, eks-prezidentlərin statusu haqqında qanun bizim yol xəritəsində təqdim etdiyimiz, bizim tərəfimizdən irəli sürülmüş tələblərdən biri idi. Qanunun qəbul olunması təkliflərimizdən birinin reallaşması deməkdir.