iftixar-fehle2

“Ziya Məmmədovla Elmira Süleymanova yalan danışır”

İftixar Ağayev: “Mehriban Əliyeva ilə yenidən görüşməyə cəhd edəcəyəm”

Nəqliyyat naziri Ziya Məmmədov sahibi olduğu “Azbentonit” zavoduna iyulun 6-da baş çəkib. Bu barədə ötən sayımızda məlumat vermişdik.
Nazirin zavoda getməsi “Azbentonit”in işçisi olmuş Iftixar Ağayevlə bağlı qalmaqal barədə “Azadlıq”da yazının dərc olunduğu günə təsadüf edib. Həmin yazıda bildirilirdi ki, Ziya Məmmədov Iftixar Ağayevin onu ifşa etməsindən bərk təşvişə düşüb.
Nazir ölkə başçısi Ilham Əliyevin xanımı, deputat Mehriban Əliyevani aldatmasının üzə çıxmasının ona baha başa gələcəyindən narahat olub. Ona görə də məsuliyyəti üzərindən atmaq üçün hətta “Azbentonit” rəhbərliyinin həbs edilməsinə belə razıdır. Ziya Məmmədov “Azbentonit” rəhbərliyinə bildirib ki, Iftixar Ağayevlə bağlı hadisəyə görə onun nüfuzuna xələl gəlib. Qısa müddətdə “Azbentonit” rəhbərliyi bu problemi həll etməlidir. Əks-təqdirdə həbs olunacaqlar.
Baş verən hadisə və görüşlə bağlı ombudsman Elmira Süleymanova “Yeni Müsavat”a açıqlamasında Iftixar Ağayevin dediklərinin həqiqət olmadığını söyləyib: “Onu nə Mehriban xanım qəbul edib, nə mən orada iştirak etmişəm. Bu nə biabirçılıqdır bütün qəzetləri basıb? Iftixar Ağayev yuxusunda da görə bilməzdi bunu. Başdan-ayağa uydurmadır. Mən bu məsələni qəzetlərdən oxuyub Ziya müəllimə də zəng elədim. O da dedi ki, mən bu adamı qəbul etməmişəm, görməmişəm, bu haqda da heç nə bilmirəm. Xanımın ofisinə də zəng elədim, soruşdum ki, ofisinizə belə bir adam yaxın gəlib? Dedilər ki, yuxuda da görülməyib belə bir şey. Amma belə uydurmalar yazırlar. Guya bunu Mehriban xanım görüb, gözündən yaş gəlib, Ziyaya belə dedi, Elmira xanıma elə dedi. Sadəcə olaraq ayıbdır. Gərək nəsə baş versin ki, onun üzərində hansısa uydurmalar da qurulsun. Qətiyyən belə şey olmayib”.
Bununla belə E.Süleymanova I.Ağayevin ombudsmanlığa müraciət etdiyini deyib: “2010-cu ildə Iftixar Ağayev bizə müraciət etdi ki, belə bir əhvalat olub və mənə kömək edin. Ona məktub yazdıq ki, bu, əmək mübahisəsidir, məcəllənin 294-cü maddəsinə görə siz məhkəməyə müraciət etməlisiniz. Çünki mən ekspertiza rəyi verə və qərar qəbul edə bilmərəm. Gərək bu işə məhkəmə baxsın və qərar versin ki, doğurdan da belə bir məsələ olub. Bundan sonra müəssisədən kompensasiya tələb olunmalidir”.
Elmira Süleymanova Iftixar Ağayevin müraciətinin araşdırılmadığını deyib: “Araşdırma o vaxt aparılır ki, buna hansısa bir əsas var. Amma konstitusiya qanunu ombudsman səlahiyyətinə aid olmayan bir işdirsə, məcəlləyə istinadən yazırıq ki, bu hadisə, hal bütünlüklə məhkəmənin işidir. Ünsiyyətimiz bununla məhdudlaşır”.
“Azbentonit”in daxil olduğu “ZQAN-Holdinq”in hüquq şöbəsinin müdiri Ruslan Məmmədov isə Iftixar Ağayevin öz ərizəsi ilə “Azbentonit”dən işdən çixdığını deyib: “Onun ərizəsi kadrlar şöbəsində var, istəsəniz gəlib baxa da bilərsiniz. O, istehsalat travması deyil, məişət travması alıb. Bu da müvafiq qaydada rəsmiləşdirilib. Onun dedikləri yalandır, böhtandır. Biz onu məhkəməyə vermək istəyirik. Qəzetlərin kiminsə kimisə danlaması haqda yazdığı da həqiqətə uyğun deyil”.
Iftixar Ağayev “Azadlıq”a açıqlamasında deyilənlərin yalan olduğunu bildirib: “Ziya Məmmədov da, Elmira Süleymanova da orada olub. Hər ikisinə suallar vermişəm. Ziya Məmmədov ”Azbentonit”in ona məxsus olduğunu etiraf etdi”.
Ruslan Məmmədovun “Iftixar Ağayev istehsalat travması deyil, məişət travması alıb” açıqlamasına münasibət bildirən şikayətçi deyib ki, barmaqları zavodun kisə sexində kəsilib: “Bir daha təkrar edirəm ki, ”Azbentonit”in texniki təhlükəsizlik şöbəsinin müdiri Tahir müəllim, Şakir müəllim məni oradan Topçubaşov adına xəstəxanaya aparıblar. Əməliyyat üç saat davam edib. Xəstəxanadan da məni çixardıb, gizlincə evimə gətiriblər”.
Iftixar Ağayev onu da qeyd edib ki, məsələni ictimailəşdirəndən sonra bütün günü hüquqlarını qoruyan hüquq müdafiəçisi Ələkbər Məmmədovladır: “Hara gedirəmsə, onunla gedir, onun yanında qalıram. Çünki məni və anamı öldürməklə hədələyiblər”.
Iftixar Ağayev “Azadlıq”a başına gələn hadisələrlə bağlı geniş məlumat verəndən sonra “Azbentonit” sədri Aydın Məmmədovun onu axtardığını deyib: “Ancaq onunla görüşmürəm. Qorxuram ki, mənə yenə nəsə etsinlər”.
Iftixar Ağayev yenidən Mehriban Əliyeva ilə görüşməyə cəhd edəcəyini deyib: “Çalışacam ki, ikinci dəfə Mehriban xanımla görüşüm. Bundan başqa, başıma gələn özbaşınalıqlarla bağlı baş prokuror Zakir Qaralova, Milli təhlükəsizlik naziri Eldar Mahmudova teleqram vuracam. Əgər bir şey olmasa, Avropa Məhkəməsinə müraciət edəcəm”.

Ramin DEKO