Nardaran məhbusları karsa salınıb

Nardaran məhbusları məhkəmələrindən jurnalistlərin – “vetenugrunda.az” saytının əməkdaşı Arzu Abdulla və saytın baş redaktoru Rövşən Əhmədlinin çıxarılmasına, prosesin media nümayəndələrinin iştirakı olmadan davam etdirilməsinə etirazlarına görə cəzalandırılıblar. Ağır maddələrlə ittiham olunan və Nardaran hadisələri üzrə üçüncü qrupun tərkibində məhkəməsi davam edən ilahiyyatçı Zülfüqar Mikayılov və daha 11 nəfər bu etirazlarına görə kars cəzasına məruz qalıb. Bu haqda jurnalistlərə cəzalandırılan Nardaran məhbuslarından ikisinin – Ruzi İsmayılov və Ramil Seyfullayevin hüquqlarını müdafiə edən vəkil Şəhla Hümbətova məlumat verib.
Həmin gün təqsirləndirilən şəxslərin etirazları nəticəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Bayramovun dindirilməsi yarımçıq qalmışdı. Nardaran məhbusları deyir ki, “bandotdel”də onlara ən çox işgəncə verənlərdən biri Elman Bayramovdur. Ona görə də bu polis dindirilərkən jurnalistlərin zalda olmasını, həqiqətləri bütün ictimaiyyətin bilməsini istəyirdilər.
Vəkil bildirib ki, mayın 1-də məhkəmədən Kürdəxanı təcridxanasına qaytarılanda təqsirləndirilən 12 nəfər karsa salınıb. Həmin gün axşam Zülfüqar Mikayılov, Ruzi İsmayılov və Ramil Seyfullayev istisna olmaqla, qalanları karsdan çıxarılıb. Adları çəkilən şəxslərə isə üç gün kars cəzası verilib.
Zülfüqar Mikayılov və daha 11 nəfərin məhkəməsi mayın 8-də günün birinci yarısında vəkillərin bəziləri gəlmədiyinə görə təxirə salınıb. Proses günün ikinci yarısında davam edəcək.

azadliq.info